«Azərbaycan hakimiyyəti Almaniyaya müharibə elan edib»
“Eurovision” musiqi yarışmasının son iki qalibləri – Azərbaycanla Almaniya arasında gərginlik yaşanır. Azərbaycan hökuməti ölkədə insan haqlarının durumuna görə tənqid edilməsinə cavab olaraq, Almaniyanın Frankfurt şəhərini “evsizlərin, narkotiklərdən kütləvi istifadə edənlərin və əxlaqsızlığın baş alıb getdiyi şəhər” kimi təqdim edir. Azərbaycanlı hüquq müdafiəçisi Rəsul Cəfərov Almaniyada nəşr olunan “Frankfurter Rundschau” qəzetinə bunları deyib: “Hazırda Azərbaycanda Almaniyaya qarşı təhqiredici kampaniya aparılır”.
Qəzet daha sonra qeyd edir ki, Azərbaycanın dövlət telekanalı olan AzTV insan haqlarının tənqidinə cavab kimi, Frankfurtu “günahlar şəhəri” adlandırıb: “AzTV-nin reportajında Avropa Mərkəzi Bankının binası qarşısında ”etiraz düşərgəsi”nin salındığı bildirilir, şəhərlərdə gənclərin kütləvi toplaşdığı əyləncə yerləri “narkomaniya mərkəzləri” adlandırılır, küçələrdə dolaşan qadınların pul müqabilində əxlaqsız işlərə cəlb olunduğu deyilir”.
Rəsul Cəfərov müsahibəsində bildirib ki, iki ölkə arasında münasibətlər alman mediasının Azərbaycanda insan haqlarının durumunu tənqid etməsindən, Bakıda keçiriləcək “Eurovision” yarışmasının boykot edilməsinə yönəlik çağırışların yayılmasından sonra pisləşib: “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatı Bakıda yarışmanın keçirilməsi üçün nəzərdə tutulan konsert zalının tikintisi aparılan ərazidə yaşayan 20 minə yaxın insanın zorla evlərindən çıxarılmasını açıqladı və bundan sonra gərginlik yarandı. “Amnesty International” isə ölkədəki bütün siyasi məhbusların azad olunması üçün təzyiqlərini artırdı, media və sosial şəbəkələrdən istifadə etməklə geniş kampaniyaya başladı. Azərbaycanın rəsmi və hökumətyönlü media qurumları bu tənqidlərə cavab kimi, Almaniyaya qarşı müharibə elan etdi. Düşmən siyahısına Almaniyanın insan haqları üzrə Ombudsmanı Markos Löninq də əlavə olundu. Almaniyanın xarici işlər naziri Quido Vestervellenin Azərbaycana səfəri ərəfəsində Markos Löninq rəsmi media qurumları tərəfindən sərxoşluqda, yerli hüquq müdafiəçilərindən biri ilə şəxsi əlaqələrdə günahlandırıldı”.
“Frankfurter Rundschau” onu da qeyd edir ki, Bakıda keçiriləcək yarışmanın təşkilat komitəsinə avtoritar dövlət başçısı Ilham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva rəhbər təyin olunub: “Amnesty International”ın Azərbaycan üzrə koordinatoru Mari fon Mellendorf bildirir ki, Azərbaycan hökuməti yarışmanın uğurlu alınması üçün milyonlarla avro xərcləyir. Avropa Yayım Birliyinin rəsmisi Yorgen Frank deyir ki, təşkilat fundamental demokratik hüquqların inkişaf etdirilməsini dəstəkləyir: “Biz məhz bunlara görə mübarizə aparırıq. Lakin biz yarışma zamanı bu işlə aktiv məşğul ola bilməyəcəyik. Bu işi başqalarının öhdəsinə buraxırıq”.
Siyasət şöbəsi