Qədim türklərin məskəni Zəngəzur mahalı
Azərbaycanın qədim yurd yerlərindən olan və rus himayədarlığı sayəsində ermənilərin əlinə keçən tarixi ərazilərdən biri də Zəngəzur mahalıdır. Ermənistan və Azərbaycan ərazilərinin bir hissəsini əhatə edən tarixi Zəngəzur mahalının tərkibinə Qafan, Gorus, Qarakilsə (Sisian), Muğru, Zəngilan, Qubadlı və Laçın daxil idi. Zəngəzur qədim türklərin məskəni olub və buradakı türk mənşəli toponimlərin çoxluğu söylənilən faktı təsdiqləyir.
Bu qədim mahal qərbdən Zəngəzur, şərqdən Qarabağ dağlarının əhatəsində tarix boyu zamanın sərt rüzgarlarına sinə gərib. Qədim mahalın bərəkətli torpaqlarından axıb gedən Bazarçay çöllərə, düzlərə can verib. Mahal Zəngəzur dağ silsiləsi ilə Qarabağ yaylası arasında yerləşib. Ona görə də bu əraziyə çox vaxt “zəngi dərəsi” deyirlər. Bütün Zəngəzur mahalı boyunca uzanan bu dağ silsiləsi Tərtər və Arpa çaylarının yuxarı axınlarından Araz çayınadək gedib çıxır.
Zəngəzur çar Rusiyası dövründə Gəncə (Yelizavetpol) quberniyasının tərkibində olub. 1905-1907-ci və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon müsəlman qətlə yetirilib. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silinib, 4472 qadın və uşaq vəhşiliklə öldürülüb.
Osmanlı imperiyası ilə bağlanan müqaviləyə görə bölgə Fevral inqilabından sonra yaranan Ermənistan Demokratik Respublikasının ərazisinə daxil edilmədi. Ancaq bu müqaviləni tanımayan Andranik Ozanyan Osmanlı ordusundan qaçaraq bölgəni işğal etdi və bundan sonra silahlı erməni dəstələrinin törətdikləri vəhşiliklər daha amansız oldu.
Mudros müqaviləsi əsasında Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər AXC hökumətinin tərkibində yaradılan Qarabağ general-qubernatorluğunu tanıdılar və Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Zəngəzur qəzası da bura daxil idi. Andranik bölgəni tərk etsə də, Dronun qoşunları ərazinin bir hissəsini öz nəzarəti altında saxlaya bildi.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərilməsini qərara aldı. Bu məqsədlə hərbi nazirlik 1919-cu il oktyabr ayının 30-da xüsusi Zəngəzur dəstəsi yaratdı. Dəstənin rəhbəri 1-ci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlınski idi. Dəstə oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndidən Zəngəzura doğru hərəkətə başladı. Müxtəlif istiqamətlərlə hərəkət edən birinci, habelə sağ və sol dəstələr Dığ yaşayış məntəqəsinə doğru irəliləməli idilər. Dığın erməni silahlı qüvvələrindən təmizlənməsi həm Qarabağa aparan strateji yolu, həm də bölgəni nəzarət altında saxlamaq üçün böyük əhəmiyyət daşıyırdı. Dəstənin rəisi Şıxlinskinin əmrinə əsasən, 1-ci dəstə noyabrın 3-də hücuma başlamalı, dəstənin piyada bölmələri 2 ədəd topla Sultanlar kəndi, suvari bölmələri isə Sadınlar kəndi istiqamətində irəliləməli və orada döyüşqabağı mövqe tutmalıydı. Hücum zamanı dəstənin sağdan mühafizəsi Sultan bəy Sultanovun rəhbərliyi ilə yerli partizanlara tapşırıldı. Dığ istiqamətində aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, onu əldə saxlamaq mümkün olmadı.
1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Azərbaycan SSR hökuməti (Müvəqqəti Inqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi.
Rus kommunistlərinin ermənilərə hədiyyəsi
1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda (Irəvanda) sovet hakimiyyətinin qurulduğu elan olundu, hərçənd bölgələrdə daşnak hökuməti hələ tam süqut etməmişdi.
Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.
1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərələyazda, Irəvanda, Vedidə – indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib.
1905-1907 və 1914-1920-ci illərdə erməni daşnaklarının törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon azərbaycan türkü həlak olmuşdur. 1915-ci ildə Zəngəzur və Irəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. Irəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir.
Məscidin filialları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Çərəli, Dəstəkərd, Qalacıq, Cicimli 1, Cicimli 2, Zor, Əfəndilər, Qarabağlar, Dəmirçilər, Dondarlı, Ulaşlı, Saraclı, Dərzili və bir çox başqa kəndlərində fəaliyyət göstərib. Bu məscidlərdə quberniyada anadan olanların, ölənlərin, evlənənlərin, boşananların qeydiyyatı aparılıb. Irəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti sonradan ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.
Soyqırım olunan Zəngəzur abidələri
Ermənilər tərəfindən dağıdılan və ya adları dəyişdirilən abidələrdən biri Urud (Ermənilər bu kəndin adını dəyişərək Oront adlandırıblar) qəbiristanlığındakı üstü yazılı kitabələrdir. Bunlar 1961-ci ildə aşkar edilmiş XV-XVI əsrə aid sənduqə formalı və qoç heykəlli məzar daşları üzərindəki kitabələrdən və qədim türk tayfalarına məxsus onqonların (tanrıların) təsvirlərindən ibarətdir. Bu tarixi abidələr əvvəllər mövcud olan “Qafqazın xilafətin istilasından sonra alban tayfalarının erməniləşməsi və gürcüləşməsi konsepsiyasını” alt-üst edib. Buna görə də ermənilər orta əsr qəbiristanlığı olan Zəngəzurun Urud kəndinin qəbiristanlığını məhv edib dağıdıblar.
Anadoludan tutmuş Çinə qədər Araz boyu karvan-ticarət yolu – Ipək yolu üzərində Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilən karvansaranı isə oğru erməni alimləri “erməni milli memarlıq abidəsi” kimi təqdim ediblər. Həmin yol üzərində Zəngilanın Məmmədbəyli kəndində Yəhya Ibn Məhəmməd türbəsinin (vəf. 1305 il) qapısı üzərində qoyulan kitabənin ölçüsü, forması, həkk olunan texnikasına görə qeyd olunan karvansara kitabəsi ilə eynidir. Belə kitabənin üçüncüsünə Azərbaycanın tarixi ərazisində hələ rast gəlinməyib. Qeyd olunan kitabədə XIV əsrdə Ipək yolu üzərindəki bütün abidələri yaratmış memar Əli Məcdəddinin adı yazılıb. Abidənin içərisində erməni dilində divara bir yazı qoyulub. Bu yazıda olan mətnlə qapının üzərinə hörülən yazının mətni üst-üstə düşmür. Erməni dilində olan yazıda qeyd olunur ki, bu abidə 1332-ci ildə Orbelyan nəslindən olan Çesar tərəfindən tikilib. Lazar Universitetin müəllimi Xr.Iv.Kuçuk-Ioannasov iddia edir ki, “tatarlar” (yəni, azərbaycanlılar) sonradan bu karvansaraya Səlim adı verib və ərəbcə yazını qapının üzərinə qoyublar. Halbuki, ərəbcə yazı bina tikildiyi zaman qapının üzərinə hörülüb. Maraqlısı odur ki, ermənilərin çap etdikləri bukletdə də karvansara Səlim karvansarası adı ilə çap olunub.
Ermənilərin sahibləndikləri digər abidə Azərbaycan Qaraqoyunlu dövləti, Çuxur-Səəd əmirlərinə aid Cəfərabad (indiki Arqavanq) kəndində yerləşən möhtəşəm türbədir (hicri 816-cı il – miladi 1413-cü il). Ermənilər türkmən alimlərini dəvət edərək bu abidənin bünövrəsində qazıntı işləri aparıb və belə bir qənaətə gəliblər ki, Qaraqoyunlu dövləti Iran dövləti olub, onun başında türkmən (müasir türkmənləri nəzərdə tuturlar) əmirləri durub. Onlar türbəni erməni maddi-mədəniyyət abidəsi kimi təqdim ediblər. Qaraqoyunlu əmirlərini müasir türkmənlərlə eyniləşdirmək isə elmdən uzaq bir yalandır. Çünki onlar XIII əsrdə Anadoluda yaşamış oğuz türkləri və türkmən adlanan yarım köçəri tayfa birləşmələrindən ibarət idi. Onların mərkəz vilayətləri Arciş Van gölünün şimalında yerləşib. Bundan əlavə memarlıq-konstruktiv formasına görə, bu abidə Naxçıvanda yerləşən Möminə xatun və Yusif bin Kəbir türbələri ilə eynidir və Əcəmi bin Əbu Bəkr memarlıq məktəbinin davamıdır. Qeyd olunan yerdə bir neçə türbə və Azərbaycan türklərinə məxsus böyük qəbiristanlıq olub və hamısı dağıdılıb.