Vaqif Novruzov dəfələrlə Heydər Əliyevin təklifinə qarşı çıxmışdı

«Onun Bakatinə ünvanladığı  məlumatda Heydər Əliyev ittiham olunurdu»

Əyyub Kərimov: «Əli Ömərov Prezident Aparatındakı iclasa dəvət olunmamışdı»

Sabiq daxili işlər naziri Vaqif Novruzovun “Yeni Müsavat” qəzetinə müsahibəsi hələ də müzakirə mövzusudur. Bunun səbəbi Vaqif Novruzovun qəfil danışması və o zaman yüksək vəzifə tutan bir sıra şəxslərin ünvanına ittihamlar səsləndirməsidir. Həmin dövrü incəliklərin qədər bilən və Vaqif Novruzov barədə araşdırma yazılar yazan “Femida 007″ qəzetinin baş redaktoru, tanınmış hüquqşünas Əyyub Kərim isə sabiq nazirin müsahibədə səsləndirdiyi müəyyən fikirlərin əsassız olduğunu bildirir. Beləliklə Əyyub Kərim həmin dövrdə baş verənlər barədə danışır.

əvvəli ötən sayımızda

– Sizin təşəbbüsünüzlə?
– Xeyr, təşəbbüs ondan gəlmişdi. Biz onunla axşam saatlarında “Əzizbəyov” metrostansiyasının yaxınlığında görüşdük. Onunla görüşə gedəndə hüquq-mühafizə orqanlarında məni tanıya müəyyən şəxslər bu barədə söhbətləşdim. Onlar mənə bildirdilər ki, ehtiyatlı ol, səni ya silahla, ya da narkotiklə ilişdirəcəklər. Açığı mən düşünmürdüm bu barədə. Çünki məsələ çox ictimailəşmişdi. Inandırıcı deyildi ki, belə bir vəziyyətdə Vaqif Novruzov hansısa addımlar atsın. Qısası, mən görüş yerinə çatanda o, artıq orada idi, maşında gözləyirdi. Mən də maşınla gəlmişdim. Biz çatanda məni Vaqif Novruzovla görüşdürən şəxsə “ratsiya” ilə bildirdilər ki, silahı atmalıyam. Mən cavab verdim ki, silah gəzdirmirəm və gəzdirmək hüququm da yoxdur. Bunun qarşılığında mən də tələb etdim ki, nazir silahını təhvil versin. Mən silahsız nazirlə söhbət etmək istəyirəm.
Məni Vaqif Novruzova təqdim edəndə o nədənsə şübhələndi. O məni üzdən tanımırdı. Görüşü təşkil edən şəxs isə and içərək bildirdi ki, “Femida” qəzetinin baş redaktoru məhz bu adamdır. Sonra biz maşınlara əyləşərək avtobus dayanacı olan hissəyə daxil olduq. Orada maşından düşdük və nazir gəzişərək söhbət etməyi təklif etdi. Əvvəlcə özü söhbətə başladı və sonra mənə bildirdi ki, bəs siz niyə danışmırsınız, səsimi yazırsınız?! Mən bildirdim ki, siz danışın mən dinləyirəm, sözünüzü bitərəndən sonra mən də danışacam. Bundan sonra o bir qədər sakitləşdi.

– Vaqif Novruzov sizdən konkret olaraq nə istəyirdi?
– O, istəyirdi ki, mən onun barəsində yazmayım. Deyirdi ki, sən səhv yoldasan, səni öyrədənlər var, elə hesab etmə ki, mən tez bir zamanda vəzifədən gedəcəm. Mən isə ona bildirdim ki, artıq sizin qatarınız gedib.

– Bu əminlik nədən irəli gəlirdi? Vaqif Novruzov barəsində cinayət işi başlanmasından, yoxsa başqa səbəblər də var idi?
– Əlbəttə başqa səbəblər də var idi. Bunlardan ən başlıcası o idi ki, Vaqif Novruzov bir neçə dəfə Heydər Əliyevin təklifinə qarşı çıxmışdı. Açıq şəkildə olmasa da, belə faktlar var idi.

– Heç olmasa bir fakt deyə bilərsinizmi?
– Konkret olaraq Məhərrəm Əliyevlə bağlı məsələni deyə bilərəm. O zaman Məhərrəm Əliyev Səbayel rayon polis idarəsinin rəisi idi. Heydər Əliyev təklif etmişdi ki, onu Bakı Şəhər Baş Polis Idarəsinin rəhbərliyinə təyin etsinlər. Lakin Vaqif Novruzov müxtəlif bəhanələrlə bu işi ləngidirdi. Hətta belə bir hadisə olmuşdu o zaman. Məhərrəm Əliyev növbəti dəfə Prezident Aparatına çağırılarkən Ramiz Mehdiyevdən soruşmuşdu ki, Heydər Əliyev kimi şəhər polisinin rəisi görmək istəyir. Ramiz Mehdiyev isə cavab vermişdi ki, sizi. Bu zaman Məhərrəm Əliyev demişdi ki, bəs onda niyə məni get-gələ salırsınız, qısaca deyin, ya hə, ya yox. Əldə etdiyimi bu məlumatla əlaqədar və Heydər Əliyevi tanıyan bir şəxs kimi bilirdim ki, o, bunu Vaqif Novruzova bağışlamayacaq. Və zaman göstərdi ki, yanılmamışam.
Biz Vaqif Novruzovla aprelin 13-ü, ya da 14-də görüşmüşdük. Sən demə, həmin gecə “Azərbaycan” qəzetində Vaqif Novruzov barədə ifşaedici yazı gedirmiş. Mən yazını səhəri gün qəzetdə gördüm. O zaman “Azərbaycan” qəzetinin baş redaktoru Əmir Mustafayev idi. Yazının müəllifi isə daxili işlər nazirinin sabiq müavini, Heydər Əliyevə yaxınlığı ilə seçilən Qüdrət Paşayev idi. Bundan bir qədər sonra aprelin 29-da Prezident Aparatında Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasda Vaqif Novruzov işdən çıxarıldı. Mən icals barədə məlumatlı idim. Çünki həmin gün səhər saat 10-da mənə zəng olundu ki, Əli Ömərov “Femida” qəzetinə müsahibə vermək istəyir. Mən Əli Ömərovla günorta saatlarında görüşdüm. Həmin vaxt artıq Prezident Aparatında iclas gedirdi. Yeri gəlmişkən, iclas  televiziyada çox korrekt şəkildə nümayiş etdirilmişdi.

– Bəs Əli Ömərov hansı səbəbdən həmin iclasda iştirak etmirdi?
– Bu o zaman mənə də aydın deyildi. Yalnız onu bilirdim ki, Əli Ömərov Prezident Aparatındakı həmin iclasa dəvət olunmamışdı. Mənə orda məlum oldu ki, iclasda Vaqif Novruzovun məsələsi müzakirə olunur. Mən müsahibəni bitirib redaksiyaya qayıtdıqdan bir qədər sonra Əli Ömərov mənə zəng vurub dedi ki, Vaqif Novruzov işdən azad edildi. Heydər Əliyev onu çox pis formada işdən azad etmişdi.
Heydər Əliyev bildirmişdi ki, bu iclasdan dərhal sonra ümumi şöbənin müdiri Ramiz Mehdiyev, baş nazirin müavini Fuad Quliyev və dövlət müşaviri Arif Rəhimzadə DIN-ə gedərək təhvil-təslim işləri aparsınlar. Sonra əldə etdiyim məlumatlara görə həmin iclasda Heydər Əliyev Vaqif Novruzovu primitiv nazir adlandırmışdı. Həmçinin iclasda olan şəxslərdən biri mənə danışmışdı ki, Vaqif Novruzov barədə ən sərt çıxışı onun müavini rəhmətlik Rövşən Cavadov edib. O, çıxış edərkən Vaqif Novruzov Heydər Əliyevə bildirib ki, cənab prezident icazə verin mən çölə çıxım, o danışıb qurtarandan sonra qayıdaram. Heydər Əliyev bundan dəhşətə gəlibmiş. Və Vaqif Novruzova deyibmiş ki, sən primitiv nazirsən. Müavinin sənin barəndə danışır, sən isə otağı tərk etmək istəyirsən. Necə olub ki, mən sənin kimi şəxsi nazir təyin etmişəm.

– Məgər 10 ay ərzində Vaqif Novruzovun primitivliyi Heydər Əliyevə əyan olmamışdı? O ki, “KQB” generalı idi. Hesab etmirsiniz ki, Heydər Əliyevin Vaqif Novruzovu bu posta təyin etməsində hansısa qaranlıq məqsədləri olub, lakin nazirinin səriştəsizliyi ucbatından bu məqsədləri həyata keçirə bilməyib?
– Məncə yox. Vaqif Novruzov həmin posta Bakının o zamankı meri Rafael Allahverdiyevin və baş nazir Surət Hüseynovun dəstəyilə ilə gəlmişdi. Təsadüfi deyil ki, Vaqif Novruzov müsahibəsində YAP-ın qurulmasına yardım etdiyini bildirib. Özü də Rəfaeal Allahverdiyevin xahişi ilə. Vaqif Novruzov günlərlə Rafael Allahverdiyevin həyətində onu gözləyib. Onun müsahibəsilə əlaqədar öz fikirlərini bildirmiş sabiq deputat Tahir Əliyev göstərib ki, o Rəfael Allahverdiyevin qonşusu olub. Və dəfələrlə Vaqif Novruzovu onların evinin qabağında ağacın altında Rəfael Allahverdiyevi gözlədiyini görüb. Onun dediyinə görə elə hər şey də ağacın altında həll olunub. Məndə olan məlumatlara görə də bu belədir. Digər tərəfdən Vaqif Novruzov 10 ay daxili işlər naziri olsa da, Heydər Əliyev ona general rütbəsi vermədi. Amma məsələn, 1994-cü ilin aprelin 29-da daxili işlər naziri təyin edilən Ramil Usubov 4 gündən sonra mayın 3-də general-mayor rütbəsi aldı. Heydər Əliyev sadəcə olaraq Rəfael Allahverdiyev və Surət Hüseynova görə Vaqif Novruzova dəymirdi. Lakin Əli Ömərov cəsarətlə onu fakt qarşısında qoydu. Və bu da sonralar ona ucuz başa gəlmədi. Əslində Heydər Əliyev Vaqif Novruzovu işdən çıxarmasının başqa bir ciddi səbəbi də var. Bu, Vaqif Novruzov DIN-in 6-cı idarəsinin rəisi olarkən 20 yanvar hadisələrilə bağlı Moskvaya Azərbaycan barədə ifşaedici məlumatlar ötürüb. Konrket olaraq onun general Bakatinə ünvanladığı məlumatda Heydər Əliyev ittiham olunurdu. Əli Ömərov da müsahibəsində bu faktı təsdiqləyib. Məndə olan məlumata görə, bu faktla əlaqədar məlumatı Əli Ömərova vaxtilə DIN-də nazir müavini olmuş Qüdrət Paşayev verib. Əli Ömərov da həmin məlumatı Heydər Əliyevin diqqətinə çatdırıb.

– Dediniz ki, Əli Ömərovun Heydər Əliyevi fakt qarşısında qoyması ona ucuz başa gəlmədi. Hesab edirsiniz ki, onun “vurulmasında” bu məsələnin də rolu olub?
– Bəli. Çünki Əli Ömərov böyük cəsarət göstərib Heydər Əliyevin nazirinə 5 maddə ilə cinayət işi başlamışdı. Təsəvvür edin, Heydər Əliyev Vaqif Novruzovun işdən çıxarılması ilə bağlı iclasda Ağdaş rayonunda prokurorun polis rəisini həbs etməsinə sərt reaksiya vermişdi. O, bildirmişdi ki, rayon prokuroru vəzifə həddini aşıb. Bu halda əlbəttə ki, Əli Ömərovun Vaqif Novruzov barədə cinayət işi başlamasını da daxilində qəbul edə bilməzdi. Düşünürəm ki, Əli Ömərovun həmin iclasa çağırılmamasının səbəblərindən biri də bu idi. Belə sərbəst baş prokuror Heydər Əliyevə lazım deyildi.   

– Vaqif Novruzov müsahibəsində evsiz olduğunu bildirib. Siz isə mənimsəmələrdən danışırsınız…
– Vaqif Novruzov yalan danışır. Bu gün də DIN-də işləyənlərdən soruşsanız, onun evsiz olmasına heç kim inanmaz. O, xalq şairi Bəxtiyar Vahabzadənin adını yersiz hallandırmaqla da Heydər Əliyevin söylədiyi primitivliyə yol verib. Çünki Bəxtiyar Vahabzadəyə verilən həmin evdə mən iki dəfə olmuşam. Bir dəfə Vaqif Hüseynov, bir dəfə isə Bəxtiyar Vahabzadə orada yaşayarkən.

– Vaqif Hüseynovun evinə getməyinizə səbəb nə idi?
– O, 1993-cü ildə azadlığa buraxılması üçün deputatlara müraciət ünvanlamışdı. Həmin müraciət “Femida” qəzetində dərc olunmuşdu. O, azadlığa çıxandan sonra məni evinə dəvət edərək təşəkkürünü bildirdi. Və biz bir neçə saat söhbət etdik. Vaqif Hüseynov o zaman mənə dedi ki, bir neçə gün sonra Bakını tərk edir. Bu 1993-cü ildə baş verib. Bəxtiyar Vahabzadə isə mənzili 1998-ci ildə alıb. Yəni, həmin vaxt Vaqif Hüseynov artıq 5 il idi ki, o evdə yaşamırdı. Bu adi məntiqi başa düşməyən şəxsin lap 10 ay da olsa daxili işlər naziri işləməsi mənə təəccüblü gəlir.

– Bu gündən baxanda o dövrki vəziyyəti necə qiymətləndirirsiniz?
– Bir daha qeyd edirəm ki, o dövrdə DIN-də çox gərgin vəziyyət yaratmışdı. 30 oktyabr 1993-cü il tarixdə DIN-də keçirilən kollegiya iclasında nazirliyin məsul işçisi Həmid Cəfərov “Femida” qəzetini başı üzərinə qaldıraraq “Burada yazılanlar tam həqiqətdir” deyə bildirmişdi. Ölkə “QAI”sinə rəhbərlik etmiş Elxan Mustafayev isə “əgər mən nazir Vaqif Novruzovun dediyini yerinə yetirməyə və tələb etdiyinə gücüm çatmırsa nə etməliyəm söyləmişdi. Şəhər polisinin istintaq idarəsinin rəisi Azər Nəsirov partlamaq dərəcəsində hər şeyə tüpürərək iclas zalını tərk etmişdi. Vaqif Novruzovun vəzifəsindən azad olunmasına 22 gün qalmış yəni, 7 aprel 1994-cü il tarixdə nazirliyin orqanı olan ”Mübariz keşikdə” qəzetinin 10-cu sayında yazırdı: “Son zamanlar bəzi-bəzi rəislər müəyyən bir məsələni yoxlayıb araşdırmaq məqsədilə DIN-dən ezam edilmiş əməkdaşları söyüb təhqir edirlər. Səni bura göndərənin… Söyüşün biri bir qəpiyə çıxır”. Fikrimcə, şərhə ehtiyac yoxdur.     

Vidadi Məmmədov