İranlı mücahidlər Azərbaycana köçürülür
ABŞ Iran Islam Respublikasının əsas müxalif qüvvələrindən sayılan Iran Xalq Mücahidləri Təşkilatı üzvlərinin Iraqdan köçürülməsi üçün 5 qonşu ölkə ilə razılığa gəlib. Məlumatı Iranın hökumət saytlarından olan “Isna.ir” saytı aprelin 12-də yayıb.
“Media forum” saytının məlumatına görə, iranlı müxaliflərin köçürüləcək ölkələrdən birinin də Azərbaycan Respublikası olduğu bildirilir: “Bu terrorçu qruplaşma üzvlərinin Iraqdan çıxarılması qəti olduqdan sonra ABŞ 5 ölkə ilə danışıqlar aparıb. Əldə olunmuş razılaşmaya əsasən, terrorçu qruplaşma üzvləri ABŞ-ın Orta Şərqdəki müttəfiq və dostları sayılan Səudiyyə Ərəbistanı, Iordaniya, Azərbaycan Respublikası, Qətər və Pakistan arasında paylanacaq”.
Xalq Mücahidlər Təşkilatı Iranda şahlıq dövründə yaradılıb. Təşkilat 1980-ci illərdə Iran Islam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra Xalq Mücahidlər Təşkilatının minlərlə üzvü edam edilib, on minlərlə üzvü isə xarici ölkələrə mühacirət edib. Təşkilatın silahlı qanadı əsasən Iraqdakı “Əşrəf” hərbi qərargahında məskunlaşıb. ABŞ-ın 2003-cü ildə Iraqa hərbi hücumundan sonra bu ölkədəki mücahidlər tamamilə tərksilah edilərək “Əşrəf” qərargahında nəzarət altında saxlanılıb.
Iran-Azərbaycan münasibətlərinin gərgin olduğu bir dövrdə Tehranın belə bir xəbər yayması təsadüfi deyil. Bunu Iranın Azərbaycana qarşı hərəkətə keçmək üçün zəmin hazırlaması kimi dəyərləndirmək olar.