Oqtay Gülalıyevlə görüşməyə Bakıdan qrup gedib

Bir qrup hüquq müdafiəçisi və redaktor Sabirabad rayonuna yollanıb.

Məqsəd bir neçə gün əvvəl rayonda həbs edilən «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının Koordinatoru Oqtay Gülalıyevlə görüşməkdir. Bu barədə “Azadlıq” radiosuna Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva məlumat verib.

«Biz çalışacağıq rayon polis idarəsinin təcridxanasında saxlanılan Oqtay Gülalıyevlə görüşək, vəziyyəti ilə maraqlanaq. Bundan başqa onun həbs olunduğu Minbaşı kəndinin sakinləri ilə də görüşmək istəyirik. Onların da problemlərini dinləmək istəyirik».

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının Koordinatoru Oqtay Gülalıyev Minbaşı kənd bələdiyyəsinin sədri Rufulla Qocayevin şikayəti əsasında aprelin 8-də saxlanılıb. Bələdiyyə sədri Oqtay Gülalıyev tərəfindən təhqir olunduğunu iddia edib.

Aprelin 9-da Sabirabad rayon məhkəməsinin qərarı ilə ona 12 sutka inzibati həbs cəzası verilib. Hazırda o, Sabirabad rayon polis idarəsinin müvəqqəti saxlanma təcridxanasındadır.