İndi də partiyaları korrupsiyalaşdırırlar

Əliyevçi rejim guya siyasi partiyaları maliyyələşdirmək üçün hansısa qanuna əlavə etməyə hazırlaşır. Əslində buna “siyasi partiyaların maliyyələşdirilməsi” demək çox gülüncdür.
Rejim qanuna elə bir əlavə hazırlayıb ki, orada sadəcə hakimiyyətin özü-özünü maliyyələşdirməsindən danışmaq olar. Maliyyələşdirmə saxta parlamentdəki partiyaları nəzərdə tutursa, orada isə bir dənə də tənqidçi, müxalif partiya yoxdursa, hamısı “ələkçinin qılverəni” rolunda çıxış edirsə, hamısı Ilham Əliyevin “cangüdəni”nə çevrilibsə, hamısı özlərini YAP-ın rayon təşkilatları kimi aparırsa, YAP hansısa bəyanat-məyanat imzalayanda onun qərargahına qaça-qaça gedirlərsə, biz bunu başqa necə qiymətləndirə bilərik? Buna “rejimin özü-özünü maliyyələşdirmə”sindən başqa nə ad vermək olar axı?
Büdcədən siyasi partiyalar adına ayrılan pulun əsas hissəsi isə YAP-ın payına düşəcək, bu, ümumiyyətlə, komediyadır. Çünki YAP heç bir parametrinə görə partiya deyil, orada insanlar könüllü birləşməyiblər, onların paylaşdığı heç bir ortaq dəyər, heç bir ideologiya-zad yoxdur. Insanların YAP-a necə üzv edildikləri, onların hansı məqsədlə YAP-ın çətiri altına sığındıqlarını hər kəs bilir. Bu “partiya”nın ömrü nə az, nə çox, rejimin ömrü qədər olacaqsa, elə o qədər də olacaq. Necə ki, Bin Əli hakimiyyəti qoyub qaçandan, Mübarəki isə devirib heyvan qəfəsinə salandan sonra onların YAP-ları bircə günün içində dağıldı, yüzminlərlə insan üzvlük biletlərini cırıb atdılar, yandırdılar, eyni aqibət Əliyevçi rejimin sonunda YAP-ı da gözləyir.
Bir sözlə, qanuna guya “siyasi partiyaları maliyyələşdirmək” məqsədi ilə edilən əlavə korrupsiyanın rəsmiləşdirilməsidir, faktiki mövcud olmayan, əldəqayırma, geydirmə partiyaların adı ilə büdcə pulunu havaya sovurmaqdır. Ikincisi, partiyaların dövlətdən pul almasında əsas ölçü vahidi onların seçki performansıdır. Ölkədə heç bir demokratik seçki keçirilmirsə, demokratik seçki üçün heç bir imkan yoxdursa, adına partiya deyilənlər Milli Məclisdə seçki ilə, xalqın iradəsi ilə yox, bir nəfərin ağa kefi, paşa könlü ilə otururlar, o zaman hansı ədalətli, düzgün, dürüst maliyyələşdirmədən danışmaq olar? Ədalətli olmayan, düzgün olmayan bir maliyyələşdirmə isə korrupsiya deyilsə, bəs nədir?
Bəli, “siyasi partiyaları maliyyələşdirmək”-zad boş, filfilo söhbətdir, bu, birbaşa korrupsiyadır. Bunun adı siyasi partiyaları korrupsiyalaşdırmaqdır.
Hətta mən deyərdim ki, bu, körpü korrupsiyasının bir hissəsidir. Rejimin körpü tikintisi adı altında büdcənin altından girib üstündən çıxmaq siyasətinin davamıdır. Necə? Çox sadə: saxta parlamentə düşmək üçün namərd körpüsündən keçmək lazımdır, bu namərd körpüsünə “rejimin bığının altı” da deyə bilərsiniz. Namərd körpüsündən keçib saxta parlamentə oturandan sonra isə sizi maliyyələşdirəcəklər.
Buyurun, özünüz deyin, indiki şərtlər altında “siyasi partiyaları maliyyələşdirmək” körpü korrupsiyasına daxildir, ya yox?
Daxildəki xaricdən maliyyələşmək
Amma təbii ki, bu yazdıqlarımız vicdanlı, əsl vətəndaş mövqeyi olan adamlar üçün maraqlıdır, hazırda yaptokratlar və onların “qılverənləri” bu maliyyələşdirmə söhbətindən çox sevincək olublar.
Sevinclərinin əsas səbəbi heç şübhəsiz, rejimdən onların qabına qoyulan payın bir az da artmasıdır, amma bunu büruzə verməməyə çalışırlar. Deyirlər ki, guya sevinclərinə əsas səbəb qanuna əlavələr qəbul olunarsa, partiyaların xaricdən maliyyələşməsinə son qoyulacağıdır.
Nəzərə alsaq ki, “siyasi partiyaların maliyyələşdirilməsi”ndən ən çox YAP faydalanacaq, bu məqsədlə ayrılacaq pulun hardasa 70-80 faizi YAP-ın cibinə gedəcək. Onda belə çıxmırmı ki, xaricdən maliyyələşən elə YAP-ın özüdür, qanuna əlavələr də YAP-ın xaricdən maliyyələşməsinə son qoyacaq?
Ikincisi də, hazırkı rejim Azərbaycana yad, yabançı bir qüvvədir, Azərbaycanın problemlərinin, qayğılarının ona heç bir dəxli yoxdur, bir növ “daxildəki xaric” kimi bir şeydir. Indi hansısa partiyanı ha “xaricdəki xarici qüvvə” maliyyələşdirdi, ha “daxildəki xarici qüvvə” – bunun bir mənası varmı?