Məcburam, dostlar. Məcburam. Indi oxuyacağınız xəbəri yazıma yerləşdirməyə məcburam. Yoxsa yazımın nə dadı olar, nə duzu. Elə haqqında yazacağım sərəncam kimi bir şey olar. Elə isə, zəhmət çəkib oxuyaq. Hətta oxumamaq mümkün deyil. Oxumasaq, sərəncamın hansı xalq yaradıclığı növünə aid olmasını bilmək ləzzətindən məhrum olacağıq. Buyurun:
“Ölkə başçısının müvafiq sərəncamı ilə Kürdəmir rayonu Icra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov tutduğu vəzifədən azad olunub, yerinə Beyləqan rayonu Icra Hakimiyyətinin başçısı Irşad Əliyev gətirilib; Xızı rayonunun icra başçısı Vaqif Abdullayev də vəzifəsindən kənarlaşdırılıb, o da işsiz qalmayıb. Prezident onu Beyləqan rayonu Icra Hakimiyyətinin başçısı təyin edib. Yardımlı rayonu Icra Hakimiyyətinin başçısı Xəzər Aslanovun da iş yeri dəyişdirilib, Xəzər Xızı rayonu Icra Hakimiyyətinin başçısı təyin olunub. Keçmiş deputat Sevindik Hətəmov isə Yardımlı rayonu Icra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib”.
Buna deyirlər şifahi xalq yaradıcılığının dövlətin idarə edilməsində rolu, dövlət idarəetməsində bədii inikası. Adamın dili dolaşır. Əsil yanıltmacdı. Yarıtmaz cinasını xəyalınızın ucundan belə keçirməyin. Mən deyərdim ki, bu dörd sərəncam əslində, hakimiyyətin bütün məzmununu, mahiyyətini ortaya qoyur. Onların bütün qərarları, fərmanları, qanunları bu cür yanıltmacdı. Yanıltmac “yanıltmaq” sözündəndi. Məqsəd hamını yanıltmaq, dilini, nəinki dilini, bütün vaqlığını, mənəviyyatını, dolanışığını yanıltmaqdı.
Görünür, Əliyevçi hakimiyyətin nəzərində islahat deyilən şey elə budu: Əlini Vəlinin yerinə, Vəlini Pirvəlinin yerinə, Mirəlini də Əlinin yerinə təyin etmək.
Əli gedəcək Vəlinin söküb-dağıtdığı rayona, dərhal başlayacaq bütün idarə müdirlərindən, icra aparatı işçilərindən pul yığmağa, ancaq kimsəyə hələ onları işdən çıxarıb-çıxarmayacağı ilə bağlı heç nə deməyəcək. Özüylə həmin rayona sürücüsünü, köməkçisini və çox böyük ehtimalla, əməliyyatlarının qara hissəsini həyata keçirmək üçün əmisimi, bibisimi, xalasımı, dayısımı oğlunu aparacaq. Sərəncamını alıb rayonda ilk rüşvət mexanizmini həyata keçirəndən dərhal sonra bir ay Almaniyaya istirahətə yollanacaq. Qayıdıb gələndə bir az kefsizləmiş görünəcək, çünki yığdığı pullar tükənmiş olacaq. Onda o da başlayacaq eynən dövlət başçısının sərəncamı kimi əmrlər verməyə. Məmmədi çıxarıb Əhmədin yerinə, Əhmədi Nəhmətin yerinə, Hümməti də Məmmədin yerinə qoyacaq. Uzun, silsilə yerdəyişmələrin sonunda Hümmət rayonda tək yeni kadr olacaq. Gələn icra hakimi təyin olunanda yəqin ki, onun gənc kadr yerini tutan Qismət olacaq.
Məmurların yerini dəyişəndə ölkə dəyişmir. Rüşvət, korrupsiya, talançılıq, avtoritarizm olduğu kimi qalır. Bu icra hakimi yerinə getdiyi əski icra hakiminin özü üçün rayonda elədiyi heç nəyə toxunmayacaq. Onun şadlıq evləri, min hektarlarla ölçülən əkin-biçin sahələri, dükan-bazarları, quşçuluq fabriki, heyvandarlıq təsərrüfatı və geniş örüşlər yenə öz havasıyla qazanc gətirməkdə davam eləyəcək, çünki onun yerinə gedən də həmin rayondan onun yerinə hakim göndərilmiş sələfinin mal-mülkünə toxunmayacaq. Onların yerdəyişmə elədiyi yerli kadrlar da yerinə getdiyi məmurun bütün zibillərinə göz yumub olduğu kimi təhvil alacaq.
Dəyişən bir şey olacaq. Axı icra hakimliyi təkcə rüşvət yığmaqla, məmurların vəzifələrini dəyişməklə bitmir. Axı prezidentin gözünə nəsə dəyməlidi. Bəli, bu başlayacaq onun çəkdiyi hasarları, dükanların görkəmini, dam örtüyünü və əlbəttə ki, hamısı yeni rəngdə, dəyişməyə. O birisi də bu birisinkini. Bu da olacaq ölkə başçısının mütərəqqi islahatları. Kəsəsi, heç nə dəyişməyəcək. Hətta inqilabın qaçılmazlığı da. Xeyirli-uğurlu olsun, əziz başçılar.

Əli, Vəli, Pirvəli…
•
•