Əli Əhmədov xalqı ələ saldı

Bu ilin əvvəlində YAP sədri və ölkə prezidenti Ilham Əliyev mötəbər bir toplantıda bəyan etdi ki, 7,6 faiz əhalinin durumu kasıbçılıq səviyyəsindən aşağıdır. 7,6 faizin təxminən 750 min nəfər olduğunu və kasıb yaşayanın da həyatından məmnun qalmadığının ibtidai təhsili olanlar belə anlayır. Elmlər namizədi olan Əli Əhmədov isə müxalifətin 8 aprel mitinqindən sonra mətbuata açıqlamasında “xalqın həyatından və dolanışığından məmnun olduğunu” deyir. Bu zat gör nə qədər obyektivlik hissindən məhrum olub və digər tərəfdən eyforiyaya qapılıb ki, prezidentinin “bizdə kasıbçılığın səviyyəsi 7,6 faizdir” deyiminə məhəl belə qoymur. Bu sözləri YAP-ın hər hansı sıravi üzvü, deyək ki, xəstəxananın orta, yaxud kiçik tibb işçilərindən biri desəydi, etiraf edirəm, əsla məhəl qoymazdım.
Deyən zat elmlər namizədi (bəlkə də elmlər doktoru), Milli Məclis üzvü, YAP sədrinin müavini və o partiyanın icra katibidir. Üstəgəl, universitet müəllimidir və saçı-saqqalı da ağarıb. Belə titullara sahib olasan və yaşının bu vaxtında ağzından çıxan sözlərə diqqət etməyəsən, bu, ya tər-təmiz psixoloji sorundur, ya da xalqı ələ salmaqdır.
“Xalq həyatından və dolanışığından məmnundur”. Bu məmnunluğu necə müəyyən etdiniz, Əli Əhmədov?
Hardan bildiniz ki:
–  20 ildir qaçqın və köçkün statusunda yaşayan soydaşarımız;
– aldığı maaşa rəğmən evdə başını aşağı dikməyə məcbur olan həkimlər, müəllimlər və alimlər;
– təqaüdü dava-dərmanına çatmayan ağsaqqallar və ağbirçəklər;
– günü domino, nərd oynamaqla başa vuran işsizlər və sərgərdanlar;
– evi başına uçurulanlar;
– Bakıda YAP-ın vəzifəlilərinə məxsus restoranlarda, Dubayda və Istanbulda namus alverinə qurşanmış qadınlar həyatından və dolanışığından məmnundur?
Bəlkə ölkənin Heydər parklarında adamlar səhərdən-axşama  məmnunluqdan yallı gedir, atılıb düşür və bizim xəbərimiz yoxdur?
Ayıbdır, Əli müəllim, yalanı 4-5 yaşlı uşaqlar uydurar. Bir partiyanın IKINCI ADAMINA, ALIMƏ, MILLƏT VƏKILINƏ, MÜƏLLIMƏ yalan danışmaq yaraşmaz.
Müxalifətə nifrətiniz var, rəhmətliyin oğlu, tabeçiliyində işləyən və həmkarların olan Siyavuş Novruzov kimi onun barəsində ironiya ilə danış, Mübariz Qurbanlı kimi ona nifrinlərini yağdır. Ta cümlə xalqla nə işin var. Deputatı olduğun Nərimanov rayonunun seçicilərini bir tərəfə, qohumlarınız, həmkəndlilərin arasında nə qədər adam tapmaq olar ki, evinə ayda bir kilo ət alanda MƏMNUN olur.  
Ictimai nəqliyyatdan istifadə etmirsiniz, etsəydiniz, sifətlərinə əzab çökmüş, ya qohum-qonşusuna, ya da istismarçı bankların birinə borclu olan insanları görərdiniz. Görərdiniz ki, iqtidarınızın o binəva insanlara bəxş etdiyi məmnunluq yox, saysız-hesabsız problemlərdir.
Padşah-filan deyilsiniz, YAP-da sədr müavinliyinizi bir qırağa qoyun və Milli Məclisin üzvü kimi qapısına “tibbi xidmət pulsuzdur” xəbərdarlığı asılmış dövlət xəstəxanalarına baş çəkin. Məmnunluğu pik həddinə çatanları orada görərsiniz.
Bu xalq sizə nə pislik etdi ki, onu ələ salırsınız, Əli müəllim? Hansı haqla dərd içində qıvrılanları həyatından, dolanışığından məmnun sayırsınız? Rüşvətə və korrupsiyaya qurşanmışz iqtidarınızın bu xalqa zülmü bəs deyilmi ki, hələ bir onun heysiyyatı ilə də oynayırsınız?
Hər kəs bilir ki, həyatından, dolanışığından məmnun qalanlar bu ölkəni idarə edənlər, rüşvətlə milyonlar toplayanlar, haqsızlığa və ədalətsizliyə göz yumanlardır.
Əli müəllim, bu xalqın məmnun olduğu gün gələcək. 8 aprel mitinqinin videolarına təkrar baxın. Baxın görün, meydana toplanan minlərlə insan necə məmnun görünür. Zaman gələcək, yüz minlər, milyonlar meydanlara çıxacaq və YAP iqtidarını qanun çərçivəsində hakimiyyətdən uzaqlaşdıracaq. Xalqa həyatından və dolanışığından məmnunluq da məhz sizlərdən sonra nəsib olacaq. Inşallah, yaşayarıq, görərik.