«Insan olmadığı yerdə, problem də olmur»
(I.V.Stalin)
Yadınızdadırsa, ərəb inqilabları dövründə prezident Ilham Əliyev heç kəsin gözləmədiyi şəkildə bir sıra “radikal” bəyanatlarla çıxış etdi. Bir neçə həftə “rüşvətlə mübarizə” elan olundu, daha sonra bütün qanunsuz tikililərin sənədləşdirilməsi haqda sərəncam verildi. Hətta televiziya və iqtidaryönlü mətbuat kampaniyaya başladı, bir-iki xırda məmuru rüşvət alan yerdə “yaxaladılar”, bir neçə sənədsiz ev sahiblərindən ərizələr alındı.
Iqtidar “səhvini” cəmi iki həftəyə anladı, rüşvət verməyə öyrəşmiş insanların “şokdan ayılmasına” imkan vermədi. Əksinə, bu inqilablardan öz xislətinə görə istifadə etməyə başladı. Son bir ildə mənzil fırıldağı, evlərin sökülməsi, qanunsuz həbslər ara vermədi.
Hazırda dünya Bəşər Əsədlə “məşğul”dur. Ilham Əliyev isə insan “problemi” ilə məşğuldur – Sulutəpədə yaşayanların evlərini sökdürür. Çox gülünc bir səbəb göstərilir, guya oralarda yerin altında neft yataqları var imiş. Qəribədir ki, 2007-ci ildən söküntü prosesi gedir, ancaq bir dənə də olsun yeni neft quyusu qazılmayıb.
Əgər doğrudan Rövnəq Abdullayevin dediyi kimi, orada milyon tonlarla neft “gizlənibsə”, onda bu zavallılara heç olmasa müəyyən miqdarda kompensasiya ödəmək olmazdımı?
Lap tutalım insanların bəzilərinin sənədləri qaydasında deyil, mütləq küçəyə atılmalıdırlar? Axı onların arasında qadınlar, qocalar, acığınıza gəlməsin, gələcəyin əsgərləri var.
Bu zavallıların hamisı o evləri tikmək üçün lazım olduğundan da artıq pul ödəyiblər, Bakı ətrafında daşı daş üstə qoymaq üçün bütün hakimiyyət strukturlarını “görməlisən”. Adi sahə müvəkkili belə səni anadan olduğuna peşiman edər. Bütün sənədlərin qaydasında olsa belə, təxminən 3 min manata qədər “şirinlik” qaçılmazdır.
Fikrimcə, evlərin sökülməsini Ilham Əliyev rejiminin mahiyyətində axtarmaq lazımdır. Həmin torpaqlar onsuz da boşaldıqdan sonra yenidən əhaliyə satılacaq, bu, 100% dəqiqdir.
Milli Məclisin sədri Oktay Əsədov olmaqla, Sulutəpədə iri mülkü olan məmurların burnu da “qanamır”. Hədəf sadə insanlardır, evi sökülənlərin, demək olar, hamısı əyalətdən baş götürüb bir parça çörək dalınca Bakıya qaçanlardır. Görünür, Bakıdan da qaçacaqlar…
Son 18 ildə Azərbaycanı 2,5 milyon soydaşımız tərk edib, bu, danılmaz faktdır. Xarici miqrasiya xidmətlərinin rəsmi məlumatları bunu təsdiqləyir.
Azərbaycan iqtidarı insanları Stalin dövründəki kimi vaqonlara basıb deportasiya etmir, fəqət insanlarla rəftar, yaradılan qeyri-bərabər yaşam şərtləri onlara doğma yurdlarını tərk etməsinə nədən olur.
Bu rəqəm hətta Stalin dövrü üçün həddən artıq fantastik rəqəmdir. O, 100 minə yaxın azərbaycanlını deportasiya edə bilmişdi, edilənlərin əksəriyyəti Ermənistanda yaşayan soydaşlarımız idi, onları da… Azərbaycana yerləşdirmişdi. Yəni bütün zamanların ən qəddar tiranının cəmi xalqları bu sayda deportasiya etməyə cürəti çatmamışdır.
Bundan başqa, Stalinin məcburi köçürmələri zamanı hər ailə başına verilən 1000 manatdan başqa, nəfər başına da 300 manat verilirdi. 5 nəfərlik ailə o zaman üçün böyük pul olan 2500 manata yeni məkanda zəruri ehtiyaclarını ödəyə bilirdi.
…Yanlış olaraq bütün günahlar Rövnəq Abdullayevin üzərinə atılır, o, sadəcə bir icraçıdır, arxasında sistem və onun başında duran Ilham Əliyev var. Torpaqları insanara satmış hakimiyyət nümayəndələri öz kreslolarında oturub, əvvəlki işlərini yürüdürlər, elə prezident də əvvəlkidir, “günahkar” isə torpağı alan sadə vətəndaşdır…
– Evimiz qanunsuzdursa, yanındakı məktəbi niyə sökmürsünüz?..
12 yaşlı bu uşağa cavab vermək çox çətindir, ən yaxşı “variant” qurd olub, onu parçalamaqdır…
Nəzərininizə çatdırım ki, soydaşlarımızdan təmizlənən Sulutəpə qəsəbəsi Bakıdan 5 km aralıdır.
…20 il əvvəl, Elçibəy hakimiyyəti dövründə, Milli Ordu Xankəndinin cəmi 5 kilometrliyində idi…
Sulutəpə, o zaman heç Sulutəpə də deyildi…