Qruplararası ziddiyyətlərin məcradan çıxması iqtidar ideoloqlarını hərəkətə gətirib
Hakimiyyətə yaxın partiyalar, televiziyalar və qəzetlərin bir mərkəzdən idarə olunması planlaşdırılır
Hakimiyyət daxilində parçalanma təhlükəsinin getdikcə dərinləşməsi iqtidar ideoloqlarının narahatlığına səbəb olub. Redaksiyamıza sızan məlumatlara görə, parçalanmanın qarşısını almaq üçün təcili tədbirlər görülür. Əsas tədbirlərdən biri isə hakimiyyətdəki oliqarx məmurların nəzarətində olan partiyalar, televiziyalar və qəzetlərin bir mərkəzdən idarə olunmasını təmin etməkdir.
Təsadüfi bir qədər əvvəl fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kurasiya etdiyi media quruluşlarının onun əlindən alınması barədə məlumat yayılmışdı. Bundan sonra xəbər yayıldı ki, nəqliyyat naziri Ziya Məmmədova qəzetə təsis etməyə imkan verilməyib. Kifayət qədər ciddi mənbələrdən sıxan bu məlumatlar əslində yuxarıda qeyd etdiyimiz məsələ ilə bağlıdır. Illərdir ki, düyünə düşən siyasi partiyalar haqqında qanunun gündəmə gətirilməsi, artıq Milli Məclisdə bununla bağlı müzakirələrə başlanması da təsadüfi deyil.
Prezident Administrasiyasında düşünürlər ki, hakimiyyətə yaxın partiyalar da oliqarxların asılılığından qurtarmalıdır.
Iqtidar ideoloqlarının fikrincə, indiki həssas vəziyyətdə hakimiyyət daxilində ayrı-ayrı qrupların nəzarətində partiya və media quruluşlarının olması, iç müharibədə bunlardan istifadə edilməsi ziddiyyətləri daha da alovlandırır və bu da parçalanmaya yol açır. Yeri gəlmişkən, təcrübə göstərir ki, hansısa məmurun nəzarətində olan media quruluşlarında toxunulmaz şəxs onun özü, Ilham Əliyev və ailəsidir. Vəziyyətin belə davam etməsi isə hakimiyyət üçün acı nəticələrə səbəb ola bilər. Quba hadisələrindən sonra “yuxarılar”da bu qənaət daha da möhkəmlənib. Ona görə də tədbirlərin qısa müddətd həyata keçirilməsi qərara alınıb.
Informasiya şöbəsi