Bir müddət əvvəl siqaretlərin qiyməti qalxanda buna qəribə bir don geyindirdilər: öz əlimizlə canımıza yeritdiyimiz zəhərin qiyməti nə qədər çox qalxsa, bir o qədər yaxşıdır. Guya, Azərbaycan dövləti vətəndaşlarının dərdinə yanır, ona görə də siqaret qiymətini qaldırır ki, xalq bu mənfi vərdişlərdən xilas olsun.
Bəs, konturların qiyməti niyə qalxdı? Üstündə “2 manat” yazılan konturları 10, 5 manatlıqları 20, 10 manatlıqları 30 qəpik qaldırmaq da “vətəndaşların səhhətinə pis təsir etməklə” əsaslandırılmalıdır?
Dünən daha bir qiymət artımı sorağını aldıq: dükan-mağaza sahiblərinə xəbərdarlıq ediblər ki, həftənin ikinci yarısından etibarən litrlik qablarda satılan suların qiyməti 10 qəpik qaldırılacaq.
Qarşıdan yay gəlir, axı! Heç elə şey olar ki, Yəzidin törəmələri bu fürsətdən istifadə etməsinlər?
Bu vurçatlasından Rabitə və Informasiya Nazirliyi də kənar qalmayıb; artıq internet istifadəçiləri 70 qəpik “əlavə ödəniş” keçirməyə məcbur edilirlər. Adını da qoyublar “servis xidməti”…
Ölkədə gözgörəsi bahalaşma dalğası start götürüb: kənd təsərrüfatı məhsullarının, uşaq yeməklərinin qiyməti hər həftə hiss olunmayacaq dərəcədə qaldırılır. Nəyə görə? Neft ixracının aşağı düşməsi ilə ciblərində yaranan boşluğu xalqın dərisindənmi çıxarmaq istəyirlər? Yoxsa “Eurovision-2012″yə hazırlıq məqsədilə ayrılan pullar kimlərinsə hesablarına köçürüldüyündən, o xərcləri də xalq çəkməlidir?
Bir tərəfdən qiymət qaldırmaqla xalqın qəpik-quruşunu əlindən almaq, digər tərəfdən illərlə tikdiyi ev-eşiyini başına uçurmaq siyasətini genişləndirməklə hakimiyyət nəyə nail olmaq istəyir?
ARDNŞ bu qədər narazılığın, gərginliyin, üsyanın, toqquşmaların qarşısında evyıxma əməliyyatını nəinki yavaşıdır, hətta davam etdirməkdə israrlı olduğunu açıq-aşkar bəyan edir. Bu evlər tikiləndə ARDNŞ hardaydı?
19 ildir bu ölkəyə Əliyevlər iqtidarı rəhbərlik edir. Sökülən evlərin əksəriyyəti bu illərdə tikilib. Niyə görmürdülər bu “qeyri-qanuni” tikililəri?
Adamlar bələdiyyədən rəsmən sənəd alıb, ev tikəndən sonra ARDNŞ həmin torpaqların ona məxsus olmasıyla bağlı iddia qaldırırsa, niyə “qanunsuz torpaq satan” bələdiyyə sədrləri məsuliyyətə cəlb edilmirlər? Niyə vətəndaşlara kompensasiya ödənilmir?
Hər şey hüquqi, iqtisadi məntiqdən çoxdan kənarlaşıb. Iqtidar ölkəni “atalarından qalma özəl miras” kimi idarə edir: kimin burda mülkü var, kimin yoxdur – heç bir önəm daşımır. Istənilən sahibkarı türməyə soxa, əlindəkini qamarlaya; istənilən vətəndaşın ocağını söndürə, evini başına uçura; istənilən vaxt qiyməti qaldıra bilirlər.
Bu xarabada heç bir vətəndaşın – hətta indi hakimiyyətin qucağında oturub, rüşvət və korrupsiya cinayətlərinə şərik olanların da – sabaha güvənci yoxdur. Kimsə düşünürsə ki, o, övladlarının sosial-iqtisadi güvəncini təmin edib, yanlış düşünür, özünü aldatmaqla məşğuldur.
Sosial-iqtisadi güvəncdə olduğunu düşünən kəs ilk növbədə hüquqi dövlətdə yaşadığına əmin olmalıdır. Hüquqi dövlət varsa, qanunlar işləyirsə, Konstitusiya öz vətəndaşını qorumaq iqtidarındadırsa, millət taleyini özü seçirsə və verdiyi səs saxtalaşdırılmırsa, insanlar şərlənib içəri atılmırlarsa… sən yalnız o zaman güvəncdə ola bilərsən.
Bu ölkədə Ailəyə yaxın olduğunu düşünüb soyğunçuluqla məşğul olan ən iri oliqarxın belə, güvəncdə olmadığını Əli Insanovun, Fərhad Əliyevin, Akif Muradverdiyevin timsalında gördük; Bu ölkədə möhtərəmin sözünə arxalanıb milyonlarla sərmayə yatıran ən iri sahibkarların güvəncdə olmadığının bariz nümunəsini Zülfüqarlı qardaşlarında müşahidə elədik; Bu ölkədə aldığın, özəlləşdirdiyin evində rahat yaşamağın mümkünsüzlüyünü “Qış bulvarı”nın tikintisində, ARDNŞ-in hələ də davam edən təmizləmə əməliyyatlarında görürük.
Bu ölkədə heç Ilham Əliyevin də güvənci yoxdur – nə olsun ki, Konstitusiyaya “prezidentlik müddətində qəbul etdiyi qərarlara görə şəxs məsuliyyətə cəlb oluna bilməz” maddəsi zorla dürtüşdürülüb. Konstitusiyanın aliliyinə, dəyişməzliyinə bir hörmət qaldımı? “Dəyişdirilə bilməz” maddəsi ilə möhkəmləndirilən maddələrini 2009-cu ildə dəyişib, “Ana Qanun”un toxunulmazlığını heçə endirmədikmi?

Bu ölkədə Ilham Əliyev də güvəncdə deyil
•