Azərbaycanda cəmi 9% həyatından razıdır

ABŞ-ın «Gallup» mərkəzinin keçirdiyi rəy sorğusu bunu üzə çıxarıb

Dünyada hər 4 adamdan biri özünü uğurlu sayır. “Azadlıq” radiosunun məlumatına görə, bu göstərici ABŞ-da yerləşən “Gallup” mərkəzinin keçirdiyi sorğunun nəticəsində ortaya çıxıb.
“Gallup” aprelin 11-də keçən il 146 ölkədə apardığı sorğunun nəticələrini elan edib. Qurum bildirir ki, özünü uğurlu hesab edənlər əsasən Danimarkadadırlar. Bu ölkədə rəyi soruşulanların 74 faizi durumundan tam razılıq edib. Ən çox narazılıq edən isə Kambocada olub. Bu ölkədə sorğuda iştirak edənlərin cəmi 2 faizi vəziyyətindən tam razı olduğunu deyib.
“Gallup” sorğusunu Azərbaycanda da keçirib və burada rəyi soruşulanların yalnız 9 faizi durumundan tam razılıq edib. 78 faizi isə həyatından qismən razılıq edərək çətinliklərin olduğunu deyib. 12 faizi isə ümumiyyətlə bataqlığa düşdüyünü bildirib.
Sorğu keçirilən 146 ölkədən 28-də insanlar daha çox narazıdırlar. Əsasən Afrika qitəsindən olan bu ölkələrdə əhalinin 90 faizdən çoxu pis vəziyyətdə yaşadığını deyib.
Sorğuya görə, cəmi 17 ölkədə insanların 50 faizdən çoxu özlərini uğurlu hesab edirlər.