Sayğılı oxucular, sizin də bildiyiniz kimi, 1993-dən bu ölkədə satqın bir hakimiyyət qurulub. Bunlar Qarabağdan neft-qaz qaynaqlarınadək ölkəni sata-sata gəliblər, sata-sata gedirlər. Indi bizim öz-özümüzdən soruşmağımız qalır: bu ölkədə satılmayan nə qaldı? Daha doğrusu, bu ölkədə bunların satmadığı nə qaldı? “Azadlıq”da çıxmış bir yazımda Qubanı kimin satdığını axtarırdım. Çox axtardım, tapa “bilmədim”. Sağ olsunlar, oxucularım tapıblar: onların elektron poçtuma yazdıqlarına görə, Qubanı dövlətimizin başında duran adam satıb. Bax, mən bunu bilmirdim. Ola bilsin, Quba IH başçısı (keçmiş olsun!) R.Həbibovun tək bir evindən çıxan 4 milyon manat, bütün icra başçılarının, deyilənə görə, hər ay “yuxarıya” ötürməli olduqları ayrıca vergi kateqoriyasından imiş…
Indi mən “Akademkitab”ı kimin satdığını bilmək, sayğılı oxucularımıza bildirmək istəyirəm. Yeri gəlmişkən, bir az uzaqdan başlamaq gərəyi yaranır. Uzaqdan – indiki əliyevçi rejimə baxmış başına dönməli, qadasını almalı olduğumuz Şanlı Sovet dönəmindən! A millət, görün bunlar, bu IŞĞALÇI rejim adamları bizi nə günə qoydular: “Sovet” deyəndə adamın çiçəyi çırtlayır, üzü gülür! Hər nəyi bir qırağa qoyaq, Sovet deyilən bizə böyük, danılmaz INTELLEKT qazandırmışdı. Bunlar özlərinin alverçi-iyrənc təhsil sistemlərilə ölkədə intellektin kökünü qazıdılar. Yalnız alverçi-iyrənc təhsilləmi? Yox, hər yolla. Sovet dönəmində Bakı kitab mağazalarının sayına görə Moskva ilə, Kiyevlə yanaşı dururdu. Bir fakt: Kiyevdə 64, Bakıda 73 kitab mağazası vardı. Bakıda ən böyük kitab mağazası hamımızın gözəl tanıdığımız “Kitab evi”, ondan sonra “Akademkitab” idi.
“Kitab evi” Hökumət evinin yaxınlığında, bizim bir sıra bəlli xalqsız xalq şair-yazıçılarının yaşadığı 16 qatlı binanın I-II qatlarında yerləşirdi. Yer ölçüsü beləydi: 1639 kv. metr. Əliyevçi PA-nın şöbə müdiri olan birisi kitabları çölə tökməklə “Kitab evini” bütünlüklə ələ keçirdi. Indi bu adam özünün “ağ yalan deməkdən çəkinməmək” texnologiyasına uyğun olaraq bildirir: “Azərbaycanda heç kim sərbəst düşüncəsinə, yaydığı məlumata, yazdığı yazıya görə təqib edilmir və edilməyəcək”. Bunu o boyda “Kitab evini” IŞĞAL eləyib xalqı böyük “məlumat” qaynaqlarından birini ələ keçirmiş kimsə deyir. Tanış olun: Əli Həsənov!
Üç ay qabaq “Akademkitab”a beş-altı kitab vermişdim – “Baxıb türkün bayrağına”. Indi satıcı məni görəndə sevindiyindən bilmədi neyləsin. Elə sandım, kitablar yaxşı satıldığına görə sevinir. Adam böyründəki siyirməni açıb kitabları çıxardı. “Qardaş, sən allah, tez bunları burdan uzaq elə!” Bilənlər bilir, “Akademkitab” Sabir bağı ilə üzbəüzdə, indiki rejim qulluqçularının dünyagörüşü baxımından Bakının ən bahalı yerlərindən birindədir. Az yuxarıda, küçənin o üzündə “Akademkitab”ın yiyəsi, Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir. Qada ordan gəlib. Bir alim olmamış şöbə müdiri iki yol mağazaya gəlib kitabı yığışdırmaq buyruğu verib. Sonuncu gəlişində o, “dövlətçiliyə qarşı kitab satdığına görə” satıcını tutduracağını bildirib. Satıcı bundan sonra kitabları gizlətməli olub. Alim olmamış kitabdan dövlətçiliyə qarşı yazılmış konkret bir yer də göstərib: 48-ci səhifə, sonuncu abzas.
Kitabın “dövlətçiliyə qarşı yazıldığı” bilinincə, onun bütün tirajlarını bir gecədə nəşriyyatda doğramışdılar. Başqa nəşriyyatlar da “bizə siyasi kitablar çap etmək qadağan edilib” deyə, onu çap etməkdən boyun qaçırmışdılar. Böyük çətinliklə çap etdirilmiş kitab indi mağazalardan yığışdırtdırılır. Anlayırıq: Türkə, Türklüyə düşmən bir hakimiyyət BAXIB TÜRKÜN BAYRAĞINA adlı kitabla barışa bilməz!
P.S. Bakının sonuncu ən böyük kitab mağazası (270 kv.m.), “Akademkitab” bugünlərdə satılıb. Ancaq mağazadan kitablar hələ bütünlüklə yığışdırılmayıb. Üzümü kitabsevərlərə tuturam: gəlin yığışıb bizim kitab mağazalarımızın bu sonuncu Mogikanını – “Akademkitab”ı qoruyaq!

“Akademkitab”ı kim satıb?
•