Sahib Kərimov cəzadan vaxtından əvvəl azad edilməyini istəyir
AXCP sədrinin müşaviri, 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan vicdan məhbusu Sahib Kərimov ona təyin edilmiş cəzadan vaxtından əvvəl azad olunmaq üçün Qaradağ Rayon Məhkəməsinə müraciət edib.
Vicdan məhbusu bildirir ki, yerli qanunvericilik onun istəyinin nəzərə alınmasına imkan verir: “Cinayət Məcəlləsinin 76-cı maddəsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni, Cəzaların Icrası Məcəlləsinin 170-ci maddəsi məhkumun cəzadan vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsini, Cinayət Prosessual Məcəllənin 509-cu maddəsi məhkəmə hökmünün icrası zamanı məhkumun hüquqlarının təmin olunmasını, 513-cü maddəsi cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etməni, 519-cu maddə cəzaları icra edən müəssisə və ya orqanların təqdimatı əsasında hökmün və ya məhkəmənin digər yekun qərarının icrasına dair başqa məsələlərin həll edilməsini
nəzərdə tutur. Üstəlik 520-ci maddə hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasına dair müraciətlərə məhkəmə icrasında baxılması kimi normaların göstərişinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə cəza müddətinin ən azı yarısı məhkum tərəfindən həqiqətən çəkildikdən sonra mümkündür”.
S.Kərimov bildirir ki, ittiham olunduğu maddə böyük ictimai təhlükə törətməyən əməllər sırasındadır və təyin edilmiş cəzanın yəni 2 ilin yarısı bu il aprelin 8-də tamam olub. Vicdan məhbusu xatırladır ki, cəza çəkdiyi müddətdə barəsində heç bir tənbeh tədbiri görülməyib: “Bütün bunları nəzərə alaraq məhkəmədən cəzadan vaxtından əvvəl azad edilməyim barədə qərar çıxarmağı xahiş edirəm”.
Gültəkin