“Bizi İlham Əliyev tutdurub”

Vidadi Isgəndərli məhkəmədə şok faktlar açıqladı

“Hər gün ”zon”a gəlib deyirlər ki, əfv ərizəsi yazmasanız, yeni maddə ilə cinayət işi açacaqlar”

Deputatlığa keçmiş namizəd, hüquq müdafiəçisi Vidadi Isgəndərlinin Şəki Apelyasiya Məhkəməsinin yekun qərarından verdiyi kassasiya şikayətinə ötən gün Ali Məhkəmədə baxıldı. Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçən məhkəmə prosesində dövlət ittimaçısı qismində Ceyhun Budaqov iştirak edib.
Prosesi ABŞ-ın ölkəmizdəki səfrliyinin iqtisadi və siyasi işlər üzrə təhqiqatçısı Çoşua Bartlet və Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru Samir Kazımlı müşahidə edib. V.Isgəndərli hakimlərə etiraz etməsə də, prokurora etiraz etdi: “Onun baş prokuroru Zakir Qaralov mənim düşmənimdir. O necə burda prokuror ola bilər? Cavan adamdır, gedib işi ilə məşğul olsun. Zakir Qaralov bura gəlsin, onun cinayətlərini üzünə deyim. Hacı Məmmədovun işində Rövşən Əliyevin Qaralov tərəfindən öldürülməsi işini mən açmışam. Burda oturmağımın səbəblərindən biri də Qaralovun cinayət işlərini açmağımdır”.
Vidadi Isgəndərlinin vəkili Yalçın Imanov hüquq müdafiəçisinin siyasi sifarişlə həbs edildiyini və bu həbsdə Qaralovun rolunun olduğunu da dedi. Hakim isə “bu məsələni siz siyasiləşdirirsiniz, işin mahiyyəti üzrə danışın və qaydalara əməl edin” deməsinə V.Isgəndərli sərt reaksiya verdi: “Bir ildir məni qaydasız-qanunsuz atıblar türməyə, indi qaydadan danışırsınız?”.
Hüquq müdafiəçisi heç bir cinayət etmədiyini və bu səbəbdən də nüfuzlu beynəlxalq təşkilatların onu vicdan məhbusu elan etdiyini hakimin diqqətinə çatdırdı: “Zakir Qaralovla təklikdə görüşüm olanda mənə dedi ki, bilirsən mənim istedadımı, 2-3 hüquq müdafiəçisi tutdurmuşam. O mənə dedi ki, rüşvət və korrupsiyadan az danış. Ona dedim ki, get işinlə məşğul ol. Axı Qaralov kimdir ki, məni tutdura. O, on dəfə istəyib ki, məni tutdursun, alınmadı. Sadəcə Ictimai Palatada və ITV-dəkı çıxışlarıma görə əlinə imkan düşdü. Insan ömrünü şərəflə yaşamalıdır. Göyçay məhkəməsində üzümə duran şahidlərdən biri – Ibrahim müəllim ölməmişdən öncə türməyə adam göndərdi ki, onu bağışlayım. Onu bağışlamadım. Ona məhkəmədə demişdim ki, şərəfli yaşayıb, ölmək lazımdır. Cinayət törətməsəm də, türmə mənim üçün şərəf evidir. Bu işi Qaralovun adına çıxıb balacalaşdırmaq da istəmirəm. Vicdan məhbuslarını Ilham Əliyev tutdurub. Ərəb ölkələrində başlayan inqilablardan qorxaraq vicdan məhbuslarını həbs etdilər. Hər gün ”zon”a gəlib deyirlər ki, əfv ərizəsi yazın, yazmasanız sizi öldürəcəklər. Deyirlər ki, əfv ərizəsi yazmasanız yeni maddə ilə cinayət işi açacaqlar. Əfv ərizəsi yazmadığı üçün hər an vicdan məhbuslarına yeni cinayət işi aça bilərlər”.
Hüquq müdafiəçisi çıxışında bildirdi ki, may ayının ilk on günlüyündə vicdan məhbusları ölüm aclığına başlayacaq: “Günahsız həbs edildiyimizə görə ölüm aclığına başlayacağıq. ”Eurovision”a gələn müğənniləri və jurnalistləri türmələrə dəvət edərək bizimlə görüşmələrini xahiş edəcəyik”.
Sonra prokuror çıxış edərək kassasiya şikayətinin təmin edilməməsini hakimdən xahiş etdi. Müşavirədən qayıdan məhkəmə heyəti V.Isgəndərlinin şikayətini təmin etməyərək Şəki Apelyasiya Məhkəməsinin hökmünü qüvvədə saxladı.
Qeyd edək ki, Vidadi Isgəndərli Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə ittiham olunub.

Ramin DEKO