Hakimiyyət bizi başa düşdümü?

Bizim mitinq hakimiyyətin yaman xoşuna gəlib. Lətifədir, deyilmi? Hətta onu yüksək dəyərləndirdiklərini bəyan ediblər. Amma bir məsələni yenə də soruşmaq yerinə düşərdi: əcəba, bəs mitinq günü yaratdığınız maneələr nə demək idi? Biz bunu necə dəyərləndirək? Hansı şkalanı tətbiq edək? Nə isə…
Böyük fasilədən və ziddiyyətlərdən sonra ilk dəfədir ki, hakimiyyətlə kövrək bir “anlaşmaya” nail olmuşuq. Ilk dəfədir ki, onlar bizim mitinq keçirmək və aksiyalarda iştirak etmək hüququmuzu tanıyır, bizsə mitinqlərin yerini və bir də vaxtını hakimiyyətlə razılaşdırmağın zəruri olduğunu, yalnız icazəli və əvvəlcədən razılaşdırılmış aksiya keçirməyin mümkünlüyünü qəbul etmişik. Mən bunların nədən geri çəkildiklərini başa düşürəm. Sərbəst toplaşmaqla bağlı xaricdən böyük təpkilər vardı. Indi görüntü yaratmaq istəyirlər ki, bəli, ölkədə sərbəst toplaşmaq hüququ gözlənilir. Olsun!
Bizə gəlincə, mən o gün baş tutmuş aksiyanı “bir addım irəli, bir addım geri” adlandırardım. Bu, sizə qəribə gəlməsin. Əslində, müxalifət öz aksiyalarının yerini və vaxtını hər zaman hakimiyyətlə razılaşdırmağa cəhd edib. Aksiyaların yeri ilə bağlı elə də israr etməyib, məqbul bir yerdə aksiya keçirməyə həmişə razı olub. Indi 8 ildən sonra bunlar etiraf edir ki, hakimiyyətdən narazı insanlar da ola bilər və onlara da, heç olmasa, şəhərin uzaq bir guşəsində ürəklərini boşaltmaq imkanı vermək lazımdır. Bir vətəndaş və müxalifətçi tək bunu da alqışlayırıq və qəbul edirik. Rusların bir sözü var ki, gec olsun, yaxşı olsun!
Indi hakimiyyət çox gərgin dövr yaşayır. Öz siyasi oyunlarına o qədər aludə olublar ki, bir də görüblər aləm dəyib bir-birinə – Iran orada, Rusiya burada, ABŞ da öz yerində! Həm də hiss edirlər ki, normal müxalifətin tutmalı olduğu siyasi yer boş qaldıqda onu ekstremist qüvvələr tutur. Bu da bunları narahat etməyə başlayıb.
Qərəz, arqument çox gətirmək olar. Amma indi daha çox o məsələ maraqlıdır ki, bu kövrək “anlaşma” nə vaxta qədər davam edəcək? Mənə bu sual çox maraqlı görünür. Düşünürəm ki, ən azı, mahnı festivalına qədər bir dəyişiklik baş verməyəcək, “anlaşma” öz gücündə qalacaq.
Daha bir sualın  üstündən ötüb keçmək olmur. Bəs bizim tələblər necə olsun? Əsl irəliləyişi o vaxt etiraf etmək olardı ki, siyasi məhbuslar azadlığa buraxılsın. Onlar elə sərbəst toplaşmaq hüququnu müdafiə etdikləri üçün məhbəsdədirlər. Əgər bu hakimiyyət sərbəst toplaşmaq hüququnu etiraf edirsə, gərək dərhal bunu etsin – siyasi məhbusları azadlığa buraxsın! Əks təqdirdə, hakimiyyətin bizi düzgün başa düşdüyünə şübhə edəcəyik. Aksiyalar da aksiya xatirinə təşkil edilmir, onların konkret tələbləri var və bu gün bu tələb siyasi məhbusların azadlığa buraxılmasıdır!

Nə birləşə bilirlər, nə də ayrıla…

Mən buna başqa cür “Belarus sindromu” da deyərdim. A.Lukaşenko neçə illərdir Rusiya ilə “oynayır” – nə birləşə bilir, nə də ki, ayrıla. Çünki ona nə birləşmək sərf edir, nə də ayrılmaq. Birləşəcəyi təqdirdə o, Belarusun tək ağası ola bilməyəcək, ayrılacağı təqdirdə isə yenidən özünün sovxozuna və kəndinə qayıtmalı olacaq. Indi bizimkilər də yol ayrıcındadırlar. Çoxlu sayda arqument gətirmək olar ki, bu, onların ayrılmaq istədiyinə dəlalət edir. Həm də eynilə çoxlu sayda arqument var ki, bu, onların hələ də Rusiya orbitində qalmaq istədiyinə dəlalət edir. Bizimkilər Rusiyada V.Putinə böyük dəstək verdilər, hətta ermənilər bunu etmədilər. Bundan başqa, bizimkilərin Rusiya adlı dövlətdə özəl, şəxsi maraqları var. Bütün bunlar birmənalı nəticələrə və yekun çıxarışlara imkan vermir. Bəlkə də istəyirlər ki, Rusiyaya bir qədər də olsa, təzyiq göstərsinlər. Amma Qəbələ RLS-dən başqa əllərində bir təzyiq imkanı varmı? Bu yaxınlarda bir rusiyalı analitikin yazısını oxuyurdum. Bəli, o yazır ki, Gürcüstanı NATO-ya gedən yoldan döndərmək üçün ona güzəşt etmək lazımdır. Bu güzəşti o, necə təsəvvür edir? Cənubi Osetiya, Abxaziya ərazilərinin yenidən federativ əsasda Gürcüstana qaytarılması kimi! Bizim o qədər imkanımız olub ki, Rusiyaya təzyiq edək, lakin bunların hamısı hədər yerə əldən verilib…