Bəşər Əsəd üçün kritik günlər

Suriya diktatoruna atəşkəs üçün verilən vaxt bitmək üzrədir

Suriyada yaşanan böhranın aradan qaldırılması istiqamətində atılan addımlar ötən gün daha da intensivləşib. BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan Türkiyəyə səfər edib. O, Türkiyənin Suriya ilə sərhəddəki Hatay vilayətinə gələrək, buradakı suriyalı qaçqınların məskunlaşdığı çadır düşərgələrindən birində olub.
Daha sonra jurnalistlərə açıqlama verən Annan Suriyada atəşkəsə əməl olunması üçün Bəşər Əsəd rejiminin 2 gün vaxtı qaldığını deyib: “Indi zorakılığın dayanması, silahların susması və əsgərlərin bazalarına qayıtması zamanıdır. Bütün tərəflərin atəşkəsə əməl edəcəyinə ümidvaram”.
Annanla birlikdə düşərgəyə baş çəkən Türkiyə baş nazirinin müavini Bəşir Atalay da Suriyada atəşkəs üçün zamanın azaldığını və ölkədəki vəziyyətin getdikcə pisləşdiyini söyləyib. O, tərəflərin bir an öncə razılığa gəlməli olduğunu deyib. Annanla birlikdə Hataydakı suriyalı qaçqınların sığındığı düşərgəyə məşhur amerikalı senatorlar Con Makkeyn və Co Liberçan da baş çəkib. Respublikaçı senator Con Makkeyn keçirdiyi mətbuat kpnfransında suriyalı müxaliflərin dünyadan yardım istədiyini, lakin bu istəyin cavabsız qaldığını söyləyib. Senator Türkiyə prezidenti Abdulla Güllə görüşdə də Suriya məsələsini müzakirə etdiklərini deyib. Makkeyn sözlərini “Önümüzdəki il Dəməşqdə görüşənədək” deyərək tamamlayıb.
Çində səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya ilə sərhəddəki silahlı insidentlə bağlı Ankaranın beynəlxalq hüquq çərçivəçində hərəkət edəcəyini bildirib. Hökumət rəhbəri Suriya hakimiyyətinin Türkiyə sərhədlərini pozduğunu deyərək Dəməşqə lazımi cavab veriləcəyini vurğulayıb. Əsəd rejiminin dinc sakinlərə qarşı hücumlarına da toxunan Ərdoğan əsgərlərin qaçan insanları belə arxadan vurduqlarını qeyd edib.
Çin hökuməti Bəşər Əsədi Kofi Annanın sülh planlarına əməl etməyə çağırıb. Xarici Işlər Nazirliyinin sözçüsü Lyu Veymin bildirib ki, rejim onlara verilən fürsətdən istifadə etməli və dərhal zorakılığa son qoymalıdır. Rusiya rəsmiləri isə BMT-nin monitorinq missiyası çərçivəsində bu ölkəyə müşahidəçi qrup göndərməyi planlaşdırır. Ağ evin mətbuat katibi Cey Karni bildirib ki, əgər Annan Əsəd qüvvələrinin geri çəkilməsi məsələsində vədlərinə uymasa, ABŞ və müttəfiqləri konkret addımlar atmağa məcbur olacaq. Rusiyada səfərdə olan Suriyanın xarici işlər naziri Valid Muallim Əsəd rejiminin atəşkəsə əməl edəcəyini bildirib, müxaliflərin də razılaşmada nəzərdə tutulan tələblərə riayət etməli olduğunu deyib.

Informasiya şöbəsi