ANS özü nə vaxt evlənəcək?

Bütün sülhsevər, tərəqqipərvər bəşəriyyətin diqqəti hazırda Azərbaycana yönəlib. Dünya ölkəmizdəki baş verənlərdən çox narahatdır, Kofi Annan Suriya missiyasını yarımçıq kəsib üzünü ölkəmizə çevirməyə hazırlaşır. Türkiyədə isə bu dəfə “Azərbaycanın dostları” adlı toplantı keçirmək qaçılmaz zərurətə çevrilib.

Bəzi ağıllı adamlar deyir ki, vəziyyətə tezliklə əl qoyulmasa, qarşıdurma böyüyə, vətəndaş müharibəsinə çevrilə bilər. Amma mən onlardakı optimizmə çox heyranam. Mən hesab edirəm ki, situasiya düşünüldüyündən də ağırdır, ona görə də “stavka”nı bu qədər aşağı salmaq olmaz, ən azı üçüncü dünya müharibəsindən danışmaq lazımdır. Bəli, baş verənlərdən yeni dünya savaşı qoxusu gəlir. Hüseyn Cavidin o məşhur misraları isə indiyədək heç vaxt olmadığı qədər aktuallaşıb: “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü!”.
Nə isə, söhbəti çox uzatmayım, mətləb üstünə gəlim. Hazırda Suriyanı belə, dünyanın gündəmindən vurub çıxaran və bütün diqqətləri Azərbaycana yönəldən olay nədir? Təbii ki, Bəxtiyar Sadıqovla Mais Məmmədovun “Toy olsun!” adlı bir evləndirmə verilişi üstündə duellosu. Həqiqətən, bu saat bəşəriyyətin taleyi Həsən bəy Zərdabi irsinin bu iki layiqli davamçısının, görkəmli ziyalının mübahisəsinin necə bitəcəyindən asılıdır. Mübahisənin 2012-ci ilə təsadüf etməsi isə adamın qorxusunu, əndişəsini daha da artırır, məlumdur ki, mayyaların təqviminə görə, bu il dünyanı dağılmaq təhlükəsi gözləyir. Mümkündür ki, qiyamətin qopmasına elə Bəxtiyar Sadıqov-Mais Məmmədov davası bais olsun.
Bəli, həqiqətən də bu iki yoldaşın mübahisəsinin çox taleyüklü səbəbi var. Məlumdur ki, ölkəmizdə bütün ağır problemlər həll edilib, heç bir qayğımız, dərdimiz, azarımız yoxdur, canınıza sağlıq, ermənilər də Ermənistandan qaçıb qurtarmaq üzrədirlər, bircə bu həlledici məsələ qalır: “Toy olsun!” olsun, ya olmasın?
Düzü, bilmirəm, Bəxtiyar Sadıqovun gözü bu verilişi niyə götürmür. Bəlkə o istəyir ki, toy olmasın, yas olsun? Bilirsiniz ki, Sadıqovun başbilənləri müxalifətin son mitinqinə gələnləri də hansısa hörmətli adamın yasına gələnlərin sayı ilə müqayisə etmişdilər. Halbuki hansısa hörmətli adamın oğul-qız toyuna gələnlərin sayı ilə də müqayisə edə bilərdilər. Etmədilər. Niyə? Çünki göz yaşı, ölüm-itim, qan-irin, ağlaşma, şivən yaptokratiyanın məzmununu təşkil edir. Ölkəni də elə bu səbəbdən qəbiristanlıq sükutuna boğmaq istəyirlər.
Bəxtiyar Sadıqov məhz “Toy olsun” verilişinin nəyini bəyənmir, mən onu başa düşmürəm. Düzdür, artıq 7-ci ildir özümə yerli telekanalları izləməyi qadağan etmişəm, amma hər halda ağıllı adamların ortaq qənaətinə görə deyə bilərəm ki, guya digər verilişlər “Toy olsun!”un yanında toya getməlidirmi? Bütün hakimiyyət telekanalları bir bezin qırağı olduğu kimi, onların bütün verilişləri də bir-birinin tayıdır – zövqsüz, düşük, boyat, kiflənmiş.
Üstəlik, Bəxtiyar Sadıqov başqasının gözündə tük axtararkən əvvəlcə öz gözündə tiri görməlidir. Necə deyərlər, “öncə evin içi, sonra çölü”. Belə baxanda, “Toy olsun!” yenə evləndirməklə məşğuldur, Sadıqovun baş redaktoru olduğu rəsmi divar qəzeti isə işsizlik, yoxsulluq üzündən ailələri dağıdan, boşandıran hakimiyyətin bir nömrəli məddahıdır.
O başqa məsələ ki, ANS-in özünün də evləndirmə proqramı hazırlamağa heç bir haqqı yoxdur. Əvvəla, bəlkə ilk baxışda ANS xoşməramlı bir işlə məşğuldur, toy eləyir, sevənləri qovuşdurur, evləndirir, amma məsələ burasındadır ki, insanların evləri başına uçurulduğunda, ailələr küçəyə atıldığında da gedib çəkmir, çəksə də göstərmir. Evləndirmə proqramı hazırlayırlar, amma evyıxan hakimiyyəti də mədh eləyirlər. Evləndirmə proqramı hazırlayırlar, amma evsiz qoyulan insanların da faciəsinə göz yumur, fəryadına qulaqlarına tıxayırlar.
Ikincisi, lap dərinə getsək, özü həqiqətlə boşanmış, vicdanlı, müstəqil yayımçılıqdan ayrılmış bir telekanalın evləndirmə proqramı hazırlaması çox ironikdir, ortadakı bayağılığı, düşüklüyü birəbeş artırır. Hazırda obrazlı desək, ANS-in özünü bir telekanal kimi, həqiqətlə, doğru, azad, tərəfsiz, qərəzsiz, vicdanlı yayımçılıqla evləndirmək lazımdır.