Ağ ev: «Danışıqlar üçün vaxt sonsuz deyil»
Iranın nüvə proqramı ətrafında yaranmış problemin həlli məqsədilə Istanbulda keçirilməsi planlaşdırılan Iran-“5+1” (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) müzakirələri ərəfəsində Tehran rejimi məhdud həcmdə uranı yalnız 20 faizədək zənginləşdirməyi planlaşdırdığını açıqlayıb.
Iranın atom proqramının rəhbəri Firudin Abbasi “Press TV”yə bildirib ki, ölkəsi daxili istifadə üçün lazım olan həcmdə zənginləşdirilmiş uran əldə etdikdən sonra onun istehsalını dayandıracaq və cəmi 3,5 faizədək zənginləşdirməyə də keçə bilər.
Tehran rejiminə qarşı ən sərt tədbirlərin görülməsini israrla tələb edən Israil hesab edir ki, Iranla “altılıq” ölkələri arasında keçiriləcək müzakirələrdə Tehrana uranın zənginləşdirilməsini dayandırması üçün kəskin təzyiqlər göstərilməlidir. Israilin müdafiə naziri Ehud Barak CNN telekanalına müsahibəsində deyib ki, Iranın uranın zənginləşdirilməsini 20 faizlə məhdudlaşdırmasına “altılıq” ölkələrinin razılaşması Tehran rejiminin hərbi nüvə proqramını davam etdirməsi deməkdir.
Bununla yanaşı, ABŞ Irana xəbərdarlıq edib ki, beynəlxalq ictimaiyyətin nüvə proqramı ilə bağlı tələblərinə cavab vermək üçün vaxtı məhduddur. Ağ evin sözçüsü Cey Karni bildirib ki, Iranla Qərb arasında danışıqlar üçün vaxt sonsuz deyil. Bununla belə, problemin həlli istiqamətində diplomatik səylər üçün hələ kifayət qədər vaxt var və Istanbulda gözlənilən danışıqlar mühüm əhəmiyyət daşıyır. Cey Karni əlavə edib ki, Iran ABŞ-a və dünya ictimaiyyətinə nüvə silahı istehsal etmək niyyətində olmadığını sübut etməli və bunun üçün müəyyən addımlar atmalıdır: “ABŞ prezidenti Barak Obamanın dediyi kimi, Iran üçün bütün diplomatik pəncərələr bağlanmaq üzrədir. Ona görə də Iran məsələni ciddi qəbul etməlidir”.
Iran prezidenti Mahmud Əhmədinejad isə ölkəsinin “altılıq”la müzakirələr üçün təklifləri olacağını söyləyib. O bildirib ki, dünyanın idarə olunmasında bütün ölkələrin iştirakı vacibdir və dünya atom, kütləvi qırğın silahlarından təmizlənməlidir.
Iranın xarici işlər naziri Əli Əkbər Salehi isə Tehran rejiminin müzakirələr zamanı qarşı tərəfdən sürüləcək heç bir şərti qəbul etməyəcəyini bildirib: “Iran ”altılıq” ölkələri ilə keçiriləcək müzakirələrdə ön şərt qəbul etməyəcək və belə bir addım tamamilə mənasız olacaq”.
Bu arada, Iran taxtının varisi Rza Pəhləvi Israili Iran xalqına kömək etməyə çağırıb. Vəliəhd Israilin “Kanal 10″ telekanalına müsahibəsində Təl-Əvivin Tehranı bombalamasının rejimin xeyrinə olacağını deyib. Rza Pəhləvinin fikrincə, Iran hakimiyyətini devirmək üçün ən yaxşı variant xalqı hazırkı rejimə qarşı hazırlamaqdır.
Informasiya şöbəsi