«Vəziyyəti kəskinləşdirənlər təhlükəni dəf etmirlər, boğazlarını ipə salırlar»
İbrahim İbrahimli: “Proseslərin qarşısını elə almağa çalışırlar ki, ölkə Quba hadisələrinin geniş formasına sürüklənir”
“Azadlıq”ın budəfəki müsahibi Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, 8 aprel aksiyasının aparıcısı Ibrahim Ibrahimlidir. Onunla müsahibəyə elə son aksiya ilə bağlı təssüratını öyrənməklə başladıq.
– Aprelin 8-dəki mitinq keyfiyyətcə yeni, məsuliyyətli avtoritarizmdən demokratiyaya keçid mərhələsinin başlanğıcını qoydu. Uzun fasilədən sonra çox uğurlu başlanğıc oldu. Bu, Ictimai Palatanın qarşısına qoyduğu Xalq Hərəkatı ideyasının reallaşdırılmasının uğurlu startı saylı bilər. Ictimai Palata 2012-ci ili Xalq Hərəkatı ili elan edib. Dünya xalqlarının mübarizə tarixlərinə nəzər yetirmiş olsaq görərik ki, istənilən Xalq hərəkatı Meydan Hərəkatından keçir. Ona görə Ictimai Palata Xalq Hərəkatına hesablanmış bir qurumdur. Bu qurumun tərkibində cəmiyyətin bütün nümayəndələri təmsil olunur. O cümlədən də son aksiyada meydanda cəmiyyətin bütün pollitrası vardı. Bütün müxalifyönlü siyasi qüvvələr mitinqə dəstək vermişdi, ayrı-ayrı sosial qruplar aksiyada iştirak edirdi. Aksiyaya Kür daşqınlarının qurbanları, taksi sürücüləri, mülkiyyəti əllərindən alınanlar da qatılmışdı. Bu model Ictimai Palatanın Xalq Hərəkatı, kütləviliklə qarşısına qoyduğu məqsədlərə çatacağı fikirini yaratdı. Ona görə 8 aprel mitinqini sonun başlanğıcı sayıram.
Hakimiyyət sosial narazılığın siyasi narazılığa keçməsini əngəlləməyə çalışır
– Hakimiyyət IP-in aksiyasına yenə özünə məxsus formada reaksiya verdi. Hakimiyyətin addımlarında cəmiyyətdə heç bir narazılığın olmadığına və müxalifətin real güc göstərə bilməyəcəyini bəyan etməsinə rəğmən təlaş hiss olunurdu. Bu təlaşı aksiyaya gələnlərə polisin maneçilik törətməsi bir daha təsdiq etdi. Bu xof nədən qaynaqlanır?
– Hakimiyyət dünyada gedən proseslərin fərqindədir. Liviya və Suriya hadisələrindən sonra hakimiyyət o qənaətə gəldi ki, dünya dəyişir və yeni düzən yaranmaqdadır. Bu düzəndə isə demokratiya dövlət maraqlarından da ön plana keçir. Hakimiyyət dünyada gedən proseslərin regionumuzdakı hadisələrə, regionumuzdakı olayların isə daxili siyasətimizə təsir etdiyini sezməyə başladı. Quba hadisələri bu baxımdan hakimiyyət üçün narahatçılığa əsas oldu. Quba hadisəsi bir xalq etirazı idi və xalqda hakimiyyətə qarşı toplanmış qəzəbi, nifrəti göstərirdi. Quba olayları eyni zamanda baş verənlərin istənilən bölgədə təkrarlanmasının mümkün olduğunu göstərdi. Rejim eyni zamanda onun da fərqində oldu ki, cəmiyyətdəki sosial narazılıq istənilən zaman siyasi narazılığa keçə bilər. Hakimiyyət hazırda ömrünü uzatmaq üçün sosial narazılığın siyasi narazılığa keçməsinin qarşısını almağa çalışır. Ona görə də hakimiyyət mitinq günü kütləviliyi aşağı salmaqdan ötrü hər şeyi etdi. Aksiyaya çağrış vərəqələrini yayanların həbs olunması bunu bir daha təsdiq edir. Ictimai Palata 8 aprel aksiyasının yerini müəyyənləşdirərkən öznə güvənirdi ki, cəmiyyəti aksiyaya toplaya biləcək. Ona görə də mitinq günü Ramil Usubova məxsus olan “88″ nömrəli ən çox sərnişin daşıyan marşurut avtobusu xəttdən çıxarılmışdı. Və ya Ziya Məmmədova məxsus marşrutlar da xəttdən çıxarılmışdı.
Bütün bunlara baxmayaraq, insanlar əziyyət çəkərək mitinqlərə gələ bildirlər. Koordinasiya Şurası növbəti toplantılarında yəqin ki, bu məsələni müzakirə edəcək.
Gənclik hərəkətverici qüvvəyə çevrilməkdədir
– Artıq növbəti mitinqin tarixi məlumdur. IP rəhbərliyi son aksaiyadan qabaq on mindən çox insanın mitinqə qatılacağını bəyan etmişdi və gözlənilən rəqəm reallaşdı. Aprelin 8-də keçirilən aksiyaya yalnız 3 gün hazırlıq getdi. Amma indi qarşıda xeyli müddət var. Bunu nəzərə alaraq aprelin 22-dəki aksiya ilə bağlı gözləntiləriniz nədən ibarətdir?
– Həmişə aksiya iştirakçılarının sayı ilə bağlı rəqəm ciddi mübahisə mövzusuna çevrilib. Amma bu dəfə sayla bağlı hakimiyyətin söylədikləri əsassızdır. Çünki insanlar aksiya keçirilən yerə qapıdakı polis nəzəratəindən sonra buraxılırdı. Qapının ağzında dayanıb monitorinq aparn istənilən şəxs aksiya iştirakçılarının sayını dəqiq müəyyənləşdirə bilərdi. Bundan başqa ATƏT-in də aksiya iştirakçıları ilə bağlı elan etdiyi rəqəm Ictimai Palatanın söylədiklərinə uyğundur. Hakimiyyət aksiya iştirakçılarının sayını hər dəfə azaltmağa çalışır. Aksiyanı kənardan müşahidə edənlər sırasında Siyavuş Novruzov və Fəzail Ağamalı olub. Eyni zamanda hakimiyyət təmsilçiləri başqa metodlarla da aksiyanı nəzarətdə saxlamağa, kütləviliyi aşağı salmağa çalışıb. Bütün bunlarla bağlı Ictima Palata növbəti aksiyalarda tədbirlər almaq niyyətindədir. Mən təklif edəcəm ki, əgər marşurutların qarşısı kəsiləcəksə, metrodan mitinq iştirakçılarının aksiya yerinə gəlməsinə maneçilik törədiləcəksə, biz buna harda cəhd göstəriləcəksə ordan yürüş edək. Əgər bizim sərbəst toplaşmaq azadlığımızı məhdudlaşdırırlarsa, aksiyaya icazəni şəhərin ən ucqar yerində verirlərsə, hələ üstəlik ora getməyə də maneçilik törədirlərsə, bu hakimiyyətin qorxusundan, mitinqlərin yüksələn xətlə gedəcəyindən irəli gələn haldır.
– Aksiyada Ziyalılar FOrumunun təmsilçiləri, digər siyasi qüvvələrin üzvləri iştirak edirdi. Növbəti aksiyada da demokratik qüvvələrə müraciət edərək IP-nin aksiyasına dəstək verməyə səsləyəcəksinizmi?
– Əvvəla onu deyim ki, Ictimai Palata özünü nəinki alternativ güc mərkəzi kimi təsdiq etdi, eyni zamanda Xalq Hərəkatına çevrilə biləcək bir qurum olduğunu ortaya qoydu. Ictimai Palatanın qapıları onun mövqeyini bölüşən siyasi qüvvələrin üzünə açıqdı. Bunu ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələr, sosial qruplar, ziyalılar görür və müşahidə edir. Ictimai Palatanın keçirdiyi kütləvi tədbirlərin dəstəklənməsi təşkilata olan inamdan irəli gəlir. Aksiyadan öncə Lalə Şövkət, Rəsul Quliyev xüsusi bəyanatla çıxış edərək tərfadarlarını mitinqə səslədi. Digər müxalif partiyalar da tərfdarlarının aksiyada iştirakla bağlı heç bir məhdudiyyət qoymadıqlarını elan etdilər. Azərbaycan cəmiyyətində son zamanlar ciddi nüfuz qazanan Ziyalılar Fourumunun təmsilçiləri Rüstəm Ibrahimbəyov və Eldar Namazov da aksiyada idi. Və onlar da öz tərəfdarlarına aksiyada iştirakla bağlı çağrışlar etmişdi. Biz onları salamladıq. Ona görə növbəti mitinqdə biz bütün müxalif siyasi qüvvələrin Ictimai Palata ilə birlikdə yüksələn xətlə davam edəcək Xalq Hərəkatının əsasını qoyacağını düşünürəm. Birinci mitinqdə mən xüsusi ilə gəncliyin rolunu yüksək qiymətləndirirəm. Sosial şəbəkənin ortaya çıxardığı inqilabçı əhval-ruhiyyəli gəncliyi biz gördük bu aksiyada. Bu gənclik bizdən əvvəl eyni meydanda kütləvi aksiya keçirərək proseslərə yeni bir çalar gətirmişdi. Biz son aksiyada gəncliklə 20 il mübarizə aparan siyasi veteranların bir vəhdətini gördük. Bizim müşahidə etdiyimiz və sosial şəbəkələrdən çıxan intellektual gənclik demokratik proseslərin hərəkətverici qüvvəsinə çevrilib.
Ictimai Palata regionlarda da aksiyalar təşkil edəcək
– Hazırda regionlarımızda vəziyyət olduqca gərgindir. Quba hadisələri bunu bir daha təsdiq etdi. Ictimai Palatanın 45-dən artıq regional şöbəsi yaradılıb. Gələcəkdə regionlarda bu tip etiraz aksiyalarının təşkilini planlaşdırılırmı?
– Ictimai Palatanın son aksiyası yalnız Bakı və ətrafı rayonları əhatə edirdi. Bu aksiyada kənd rayonlarından çox az sada insan təmsil olunurdu. Ona görə biz daha çox Bakıda gücümüzü yoxlamağa çalışırdıq. Əgər biz növbəti aksiyalarda bölgələrdəki narazı kütləni aksiyaya cəlb etsək, o zaman kütləviliyin 2 dəfə artırılması mümkündür. Ictimai Palata əlbətdəki rayonlardakı sosial narazılığın yüksək həddə olduğunu və Azərbaycanın xanlıq dövründə kimi feodallar arasında parçalandığını nəzərə alacaq. Ilkin addımlarımızdan biri bu ola bilər ki, ölkənin iri şəhərlərin və ya sosial narazılığın yüksək olduğu bölgələrdə aksiya təşkil edək. Bu şəhərlər icra başçılarının burda mənəm, Bağdadda kor xəlifə prinsipi ilə hərəkət etdiyi Sumqayıtda, Gəncədə aksiyalar təşkil edək. Bütün bunlar sosial narazılığın bir yerə toplanması üçün vacibdir.
Hakimiyyət hazırda həm qorxur, həm də qorxudur
– Bəlkə də bu sualı vermək üçün bir az tezdir. Amma maraqlı olan məqam budur ki, Ictimai Palata mitinqlərini hansı mərhələyə kimi davam etldirmək istəyir? Təşkilatın bu istiqamətdə strategiyası necədir?
– Ictimai Palata bütün çağdaş mübarizə formalarını tətbiq etmək niyyətindədir. Məsələn, müsavatçı gənclərin maraqlı bir yürüşü olmuşdu. Onlar vicdan məhbuslarının şəkli olan köynəkləri geyinərək yürüş təşkil etmişdilər. Bütün hallarda klassik mübarizənin Meydan Hərəkatı ictimai qınağın formalaşmasında böyük rol oynayır. Kollektiv mübarizənin bundan təsirli forması tapılmayıb. Bu baxımdan Xalq Hərəkatı və Meydan Hərəkatı sonda Vətəndaş Hərəkatını formalaşdırır. Bütün bunlardan çıxış edərək Ictimai Palata kütləvi tədbirləri yüksələn xətlə davam etdirmək istəyir. 2012-ci ili biz sosial narazılığın sosial narazılığa keçid ili kimi hədəfləmişik. Meydanda ən çox sevilən şüarlardan biri “istefa”dır. Amma bu istefa o zaman reallaşacaq ki, arxada güc olsun. Biz prosesləri o həddə qədər gətirmək istəyirik ki, birbaşa yuxarılara real təsir imkanları yaransın. Azərbaycan yol ayrıcındadır. Ya sosial partlayış, ya da üsyan. Quba hadisələri bunu bir daha göstərdi. Eyni zamanda, Azərbaycanda yuxarıdan və ya aşağıdan demokratik inqilablar ssenarisi də keçərlidir. Hakimiyyət özü də bilmədən bu proseslərin qarşısını elə almağa çalışır ki, sanki rejim özü prosesləri Quba hadisələrinin geniş formasına sürükləyir. Ictimai Palata “avtoritarizmdən demokratiyaya yumuşaq keçid” strategiyasında iqtisadi və siyasi amnistiyalar öz əksini tapıb. Hakimiyyətdəki oliqarxlar və iqtidarın siyasəti üzündən orta təbəqəyə çevrilə bilməyən insanlar başa düşsünlər ki, Ictimai Palata ölkədə yeni həmrəylik ab-havası yaradaraq yumuşaq keçidi reallaşdırmaq istəyir. Bu addımı atmaqla biz yarana biləcək hər hansı siyasi böhranın qarşısını ala bilərik. 2012-ci ildə ciddi dəyişikliklərə əsas var. Bu dəyişiklikləri həm daxili, həm də xarici faktorlar qaçılmaz edir. Azərbaycan ətrafında baş verənlər real dəyişikliklərin uzaq olmadığını deməyə əsas verir. Hakimiyyət hazırda həm qorxur, həm də qorxudur.
Hakimiyyət boğazını ipə salır
– Hazırda Azərbaycan beynəlxalq aləmin gündəmindədir. Bəzi ekspertlər hazırda Azərbaycan ətrafında yaranmış situasiyanı 90-91-ci illərlə müqayisə edir. Azərbaycan ərəb baharının baş verə biləcəyi ölkələrin risk qrupuna daxil edilib. Amma bütün bunlara baxmayaraq hakimiyyət özündən narazılığı azaltmaq əvəzinə daha da artırır.
– Hakimiyyət daxilindəki konservatorlar cəmiyyətlə prosesləri o dərəcədə kəskinləşdiribər ki, iqtidarla toplum arasında dərin bir uçurum yaranıb. Biz hakimiyyətə rəhbərlik edən şəxslərin özlərinə bahalı saraylar tikdirməsinin, ölkənin varidatını sağa-sola xərcləməsinin şahidi olduq. Hakimiyyət ölkənin sərvətlərini satmaqla ömrünü uzaltmağa cəhd edir. Bütün bu proseslərin fonunda hakimiyyət daxilində islahatların getməsində, yuxarıdan inqilabın baş verməsində Qərb görüşlü insanlar da var. Amma bu qrupların sayı çox azdır. Hakimiyyət hələ ki, münasibətləri kəskinləşdirmə siyasəti yürüdür. Amma iqtidar nəzərə almalıdır ki, istər Misirdə, istərsə də Tunisdə münasibətləri kəskinləşdirənlərin aqibəti göz önündədir.
Bu hadisələrə elə-belə baxmaq lazım deyil. Tunis və Misir qısa zaman kəsiyində həm inqilab etdi, həm də parlament və prezident seçkiləri keçirdi. Deməli, Azərbaycanda möhkəm stabillik barədə deyilənlər mənasız fikirlərdir.
Misirdə Mübarəkin dövründə korrupsiya şəkilində vəsait toplayanlar prokurorluğa müraciət ediblər ki, siz bizim varidatı dövlətə qaytarın, amma bizi azad edin. Ona görə bizim oliqarxlar başa düşməlidirlər ki, bu gün vəziyyəti kəskinləşdirməklə özlərinə və ətraflarına olan təhlükəni dəf etmirlər. Əksinə özlərinin boğazını ipə salırlar.
Artıq repressiyalar cəmiyyətə təsir etmir. Ictimai Palata yürütdüyü siyasətlə insanlardakı qorxunu götürməkdədir.
Ictimai Palata əvvəlcədən siyasi və iqtisadi amnistiyanın dəyişikliklərdən sonra olacağını elan edib. Bu mesajı hakimiyyətin göstərişlərini məcburi şəkildə icra edən şəxslərə ünvanlayıb. Amma Misir və Tunisdə olduğu kimi millətə qarşı kəskin münasibət bəsləyən şəxslər məhkəmə qarşısında cavab verəcəklər.
Xəyal