Polis mitinqə getmək istəyən müxalifətçi qadınları saxlayıb
Ictimai Palatanın 8 aprel mitinqi ərəfəsi və mitinqdən sonra Yevlaxda AXCP üzvlərinə təzyiqlər artıb. Mitinqlə bağlı qərar veriləndə sonra AXCP Yevlax şöbəsinin sədri, Ictimai Palatının üzvü Şəkər Isgəndərlinin evinə polis nəzarəti gücləndirilib, evə gəlib-gedən adamlar nəzarətə götürülüb. Ş.Isgəndərlinin sözlərinə görə, hətta küçədə insanları saxlayıb hansı qapıya girəcəyi ilə maraqlanır, polis mülki geyimdə evin qarşısında oturub keşik çəkməkdən belə çəkinmir.
Aprelin 7-də isə AXCP üzvü Gülnar Məmmədova və anası Nümunə Əbdurəhimova polis şöbəsinə aparılıb. Gecə saat 11-in yarısında isə Ş.Isgəndərlinin evinə gələrək onun polis şöbəsinə getməli olduğu bildirilib. Ş.Isgəndərli həmin vaxt evdə olmadığından bacılarını polis şöbəsinə aparmağa cəhd ediblər: “Gecə evimizə gəliblər ki, Şəkər xanım polis şöbəsinə getməlidir. Ondan yarım saat əvvəl mən evdən çıxmışdım. Bacılarıma deyiblər ki, gedək polis şöbəsinə. Ancaq bacılarım deyib ki, evimizə basqın etmisiniz. Bacılarım getməkdən imtina edəndən sonra deyiblər sabah gələrsiniz”.
Səhər Ş.Isgəndərlinin bacılarının polis şöbəsinə getmədiyini görən sahə müvəkkili Qurban Qasımov bir neçə polislə onların evinə gəlib və Ş.Isgəndərlidən şikayət ərizəsinin olduğunu deyib: “Guya Nümunə Əbdulrəhmanova şikayət edib ki, mən onun qızını tovlayıb başdan çıxarmışam. Qızı Gülnar Məmmədovanın 25 yaşı var, 7 ildir AXCP Yevlax şöbəsinin üzvüdür. Iki gündür bacılarıma deyirlər ki, Şəkərdən şikayət ərizəsi var, şöbəyə gəlsin”.
Baş verənlərin Yevlax rayon polis şöbəsinin rəisi Natiq Məşədiyevin tapşırığı ilə edildiyini deyən Ş.Isgəndərli bu şəxsin dəfələrlə polis göndərərək onu narahat etdiyini bildirdi. Oxşar hadisə martın 8-də, Ictimai Palatanın Yevlaxda keçirilən iclası zamanı da baş verib. Belə ki, AXCP rəhbərliyində təmsil olunan Gözəl Bayramlı və Iradə Əliyevanın gəldiyini görən Natiq Məşədiyev Şəkər Isgəndərlinin evinə bir dəstə polis göndərib.
Bu vaxta qədər baş verənlərlə bağlı heç kəsə məlumat vermədiyini deyən Ş.Isgəndərli ona edilən təzyiqlərin səbəbini də bilir: “Yevlaxda AXCP üzvü olan qadın çoxdur. Ona görə mənə təzyiq etmək istəyirlər. Polis rəisi qadınların gözünü qorxutmaqla bundan bir vasitə kimi istifadə edib həmin adamları mitinqə getməkdən çəkindirmək istəyir”
Yevlaxda müxalifətə qarşı təzyiqlərin başqa rayonlardan daha çox olduğunu deyən Ş.Isgəndərli 8 aprel mitinqinə gəlmək üçün evindən çətinliklə çıxdığını da vurğuladı.
Fizzə