Rusiya-Azərbaycan münasibətlərinin pərdəarxası

Vəfa Quluzadə: «Azərbaycan Rusiya və İranla münasibətlərinin normal olmasına dair bəyanatlar versə də, bu, yalandır»

Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə gərginliyin yaşandığı açıq şəkildə hiss olunur. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana uğursuz səfərindən sonra rus diplomatlarının Bakıya səfərləri intensivləşib. Lavrovdan sonra Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycana rəsmi səfər edib. Bu səfər də səbəbsiz deyil. Iki ölkə arasındakı münasibətlərdə gərginlik bir çox sahələrdə özünü göstərir. Azərbaycan-Rusiya münasibətlərindəki gərgin məqamlarla bağlı politoloq Vəfa Quluzadənin mövqeyini öyrəndik.

– Vəfa müəllim, Lavrovun səfəri zamanı RLS-lə bağlı hər hansı razılığa gəlinmədi. Münasibətlərin gərginləşməsində bu məsələnin payı nə dərəcədədir?
– Rusiya ilə Azərbaycan arasında əlaqələr həmişə pis olub. Amma biz Rusiyadan zərbə aldıqdan sonra belə, üzlərinə gülmüşük. Məsələn, Qarabağ müharibəsində rus əsgərləri və zabitləri döyüşlərdə bizə qarşı vuruşublar. Biz dəfələrlə onları əsir götürmüşük. Amma Moskvadan zəng gəlib ki, dərhal bizim əsgərləri geri qaytarın. Azərbaycan məcbur qalıb bunu dərhal etdi. Əgər rus əsgərlərinin bizim torpaqların işğalında iştirak etməsinə baxmayaraq, biz bəyan etmişiksə ki, münasibətlərimiz yaxşı səviyyədədir, bu, Azərbaycanın zəifliyini göstərir. Rusiya Azərbaycanın torpaqlarını işğal edən dövlətdir. Yaxın keçmişimizdə azərbaycanlılar iki dəfə sovet hakimiyyəti dövründə Ermənistandan deportasiya olunublar. Bu, rusların əməlidir. Qəbələ RLS-lə bağlı məsələ isə iki dövlət arasında gərginliyin səbəblərindən biridir. Görünür, Azərbaycan Qəbələ RLS-in yenidən icarəyə verilməsinin müqabilində torpaqlarımızın azad olunması ilə bağlı müəyyən güzəştlər tələb edib. Əslində Qəbələ RLS-in fəaliyyəti Azərbaycana nə siyasi, nə ekoloji baxımından sərf edir. Çünki Qəbələ RLS Türkiyəni və ABŞ-ın Yaxın Şərqdəki obyektlərini izləyir. Azərbaycanın RLS-lə bağlı “yox” cavabı Rusiyanın qəzəbinə səbəb olub. Amma Rusiya onu anlamalıdır ki, onlar bizə nə pislik mümkündürsə, ediblər.

Iranla münasibətlərimiz Rusiya ilə əlaqələrə təsir edir

– Iran və Suriya Rusiyanın müttəfiqləridir. Bəzi ekspertlərin fikrincə, Azərbaycanın bu iki dövlətə yanaşmasının Rusiyadan fərqli olması Kreml ilə əlaqələri gərginləşdirən daha bir məqamdır.
– Rusiya və Iran müttəfiqdir. Amma bu iki dövlətə regiondan Ermənistan da qoşulur. Bu üç dövlətin xarici siyasəti Qərbə qarşıdır. Azərbaycanda isə xarici neft şirkətlərinin işləməsi həm Rusiya, həm də Iranın narazılığına səbəb olur. Azərbaycan Rusiya və Iranla münasibətlərinin normal olmasına dair bəyanatlar versə də, keçirilən mətbuat konfranslarında bir-birlərinin üzlərinə gülsələr də, bu, yalançı imic yaradan faktorlardır. Iran Azərbaycanın daxili işlərinə qarışır. Iran istəyir ki, Azərbaycana öz şərtlərini diktə etsin. Azərbaycan dini yönümlü bir dövlət olsun. Iran eyni zamanda istəyir ki, Azərbaycan onunla birgə Israilə qarşı mübarizəyə qalxsın. Biz də bunu etmirik. Ona görə yox ki, bizim Irandan xoşumuz gəlmir. Sadəcə olaraq ona görə ki, bizim milli maraqlarımız buna cavab vermir.

– Eyni zamanda Avropa ilə Azərbaycanın qaz sahəsindəki əməkdaşlığına Rusiya qısqanclıqla yanaşır. Bundan başqa, Rusiyanın Xəzərlə bağlı siyasəti Azərbaycanla üst-üstə düşmür.
– Rusiya neft-qaz məsələsində inhisarçı olmaq istəyir. Rusiya Avropanı özündən asılı vəziyyətə salmaq istəyir. Rusiyanın bir müddət əvvəl Avropanı qaz məsələsində özündən tam asılı vəziyyətə salmaq cəhdləri bunu bir daha təsdiqləyir. Rusiya Azərbaycana yalnız Avropa ilə enerji məsələsində əməkdaşlığa görə qəzəbli deyil. Rusiya Azərbaycanın Gürcüstanı dəstəkləməsini də qəbul etmək istəmir. Ona görə ki, Rusiya Gürcüstanı bir müstəqil dövlət kimi məhv etmək istəyirdi. Amma buna Amerika imkan vermədi. Gürcüstanın bir hissəsi – Abxaziya və Osetiya Rusiyanın işğalı altında idi. Rusiya Gürcüstana hücum edəndə Saakaşvilini devirmək və onun yerinə özünə yaxın siyasi qüvvələri hakimiyyətə gətirmək istəyirdi. Amma bu, baş vermədi. Bundan başqa, Rusiyanın Saakaşvilini iqtisadi sanksiyalarla boğmaq cəhdi də baş tutmadı. Çünki Xəzərin resursları Gürcüstana və oradan da Türkiyəyə daşınır. Digər tərəfdən, Gürcüstanla Azərbaycanın bağlılığı yalnız iqtisadi sahədə deyil. Rusiya çox istərdi ki, biz Gürcüstana nə neft, nə də qaz verək. Bütün bunlar Rusiyada bizə qarşı qəzəb yaradır.

– Rusiya eyni zamanda açıq şəkildə Azərbaycanla Israilin hərbi sahədə əməkdaşlığını da qəbul etmək istəmir. Çünki Rusiya Azərbaycana silahlarının satış bazarı kimi baxır. Hazırda isə bu bazarı tədricən Israil tutmaq üzrədir…
– Israil ilə əlaqələrə Rusiya həqiqətən də qısqanc və bir çox hallarda kəskin yanaşır. Rusiya Azərbaycandan çox şey istəyir. Bir tərəfdən istəyir ki, torpaqlarımızı işğal etsin, digər tərəfdən bu işğalda iştirak edən Ermənistanı aktiv şəkildə dəstəkləsin, bir milyardlıq silah versin. Amma Rusiya bütün bunlarla yanaşı Azərbaycana qarşı bu pislikləri edə-edə eyni zamanda ölkəmizi silah bazarına çevirmək istəyir. Rusiya Azərbaycanı kölə vəziyyətinə salmaq istəyir. Azərbaycansa bir qədər müqavimət göstərən kimi sərt münasibətlə üzləşir.

Xəyal