ABŞ prezidenti avtoritar idarəçiliyə qarşı ehtiyatlı davrandığına görə «The Washington Post»da qınaq obyekti oldu
“Azərbaycan və Qazaxıstan kimi ölkələrə az diqqət ayrılaraq, bu ölkələrin avtoritar idarəçiliyilə ehtiyatlı davranıldı”, – deyə Amerikanın nüfuzlu “The Washington Post” qəzetinin yazarı Fred Hiyat ölkə prezidenti Barak Obamanın demokratiya sahəsində siyasətini tənqid etdiyi məqalədə yazır.
Fred Hiyat yazıda Azərbaycandan da nümunə gətirib.
Müəllif hesab edir ki, Obama prezident olduğu müddətdə onun xarici siyasətdə demokratiya və azadlıqların inkişafına verdiyi dəstək elə də yüksək deyil.
“Barak Obamanın idarəçiliyi dövründə ən ciddi demokratiya sınağı ”Ərəb baharı” zamanı olmuşdu. Hüsnü Mübarək tamamilə çarəsiz qalana qədər Obama onu siyasi lider kimi qəbul edirdi. Hüsnü Mübarək həbsə göndərildikdən sonra o, hərbi rejimin mövcudluğunu qəbul etdi. Hərbi rejimin demokratiya vədlərini yerinə yetirməməsinə baxmayaraq, o, Misirə edilən hərbi yardımın qarşısını açdı”, – deyə məqalədə qeyd olunur.
Müəllif həmçinin yazır ki, Obama fransız və ingilis hərbçilərin vasitəsilə Liviyada üsyançıların köməyinə çatsa da, Suriyada bunu etmək fikrində görünmür: “Baxmayaraq ki, dağıntılar və insan itkiləri daha artıqdır. Obama Bəhreyn və Səudiyyə Ərəbistanında aparılan repressiyaları da anlayışla qarşıladı. Irandakı ”Yaşıl inqilab” zamanı kənarda qalmağa üstünlük verdi”.
Məqalədə o da qeyd olunub ki, Rusiyada Medvedevə “stavka” edən Demokratlar Putin prezident seçilincə, ona güzəştə getməyə başladılar: “Azərbaycan və Qazaxıstan kimi ölkələrə az diqqət ayrılaraq, bu ölkələrin avtoritar idarəçiliyilə ehtiyatlı davranıldı. Qırğızıstanda demokratlar özləri diktaturanı devirincə, dərhal əməkdaşlıq etməyə cəhd göstərdilər”.
“Obamanın yarımçıq demokratiya təbliğatını tərəfdarları praqmatizm kimi təqdim edir. Ancaq Obama üçün prioritet məqsədlər olan Fələstin və Israil arasında sülhün yaradılması, qlobal istiləşməyə verilən reaksiya kimi məsələlər naməlum qalır”, – deyə “The Washington Post”da yazılıb.
İnformasiya şöbəsi