Aprelin 10-da Media Hüququ İnstitutu məlumat yayıb. “Media forum” saytına göndərilən məlumatda deyilir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Abşeron Rayon Polis İdarəsi və Abşeron Rayon Məhkəməsinin “Azadlıq” əməkdaşı Seymur Həziyevin işi ilə bağlı qərarlarını qanunsuz sayaraq ləğv edib.
Seymur Həziyev 2011-ci il martın 26-na keçən gecə hücumla üzləşib. Ceyranbatan qəsəbəsi ərazisində qara maskalı bir qrup şəxs jurnalisti başına çuval keçirməklə oğurlayıb, avtomobillə naməlum istiqamətə aparıb və ona işgəncələr verib. Qara maskalılar jurnalistdən tənqidi yazılarından çəkinməyi tələb ediblər.
İş üzrə Abşeron Rayon Polis İdarəsində döymə cinayətinə görə iş başlanıb. Ancaq araşdırmaların yekunu olaraq istintaq şöbəsi yetərli dəlillər olmadığını əsas gətirərək cinayət işi üzrə icraatın dayandırılmasına qərar verib.
Media Hüququ İnstitutunun Seymur Həziyevi müdafiə edən vəkilləri həmin qərarı qanunsuz sayaraq Abşeron Rayon Məhkəməsinə şikayət ediblər. Ancaq məhkəmə şikayəti rədd edib.
Abşeron məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsi baxıb. Hakim Hüseyn Nəbiyev polis idarəsinin və Abşeron məhkəməsinin iş üzrə qərarlarının qanunsuz olduğu qənaətinə gəlib. Cinayət işi yenidən istintaqa qaytarılıb.