“Vətəndaş cəmiyyəti möhkəm olmalıdır ki, iqtidar bizə hörmət eləsin”
«Mitinq üçün iyrənc, səliqəsiz bir yer ayırıblar, aksiya şəhərdə olsaydı, say qat-qat artıq olardı»
«Bir saat televiziyaya baxmaq kifayətdir ki, respublikada necə dəhşətli bir vəziyyətin olduğunu başa düşəsən»
İctimai Palatının aprelin 8-də keçirilən mitinqinə qatılanlar arasında tanınmış yazıçı, dramaturq, Azərbaycan Kinematoqrafçılar Ittifaqının rəhbəri, Ziyalılar Forumunun üzvü Rüstəm Ibrahimbəyov da var idi. Bu fakt diqqətimizi cəlb etdiyindən tanınmış yazıçının mitinqlə bağlı təəssüratlarını, həmçinin ölkənin bir sıra problemləri ilə bağlı fikirlərini öyrəndik.
Insanları dəstəkləmək üçün mitinqə qatıldım
– Ictimai Palatanın mitinqində iştirak etməyiniz maraq doğurdu. Təəssüratınız necədir?
– Bir sıravi vətəndaş kimi xalqın, vətəndaşların sərbəst toplaşmaq hüququnu dəstəkləməyə getmişdim. Neçə ildir insanların bu hüququ tapdanırdı. Ziyalıların nümayəndəsi kimi yox, məhz Azərbaycan vətəndaşı kimi demokratik hüquqlarımızı bərpa etmək və bu hüquqi dəstəkləmək üçün mitinqə qatıldım. Təəssüratım belədir ki, çox bərbad bir yer ayırıblar. Ora getmək çox çətindir. Iyrənc, səliqəsiz bir yerdir. Avtobuslar demək olar ki, işləmirdi. Buna baxmayaraq, müşahidələrimə görə orada minlərlə adam var idi. Ancaq aksiya şəhərdə olsaydı, say qat-qat artıq ola bilərdi. Ancaq mitinqin tərkibi məni bir az təəssüfləndirdi. Çünki mənə elə gəldi ki, mitinqdə ziyalıların nümayəndələri, yəni həkimlər, müəllimlər, mühəndislər az idi. Bunun da səbəbi var. Illərdir xalqın iradəsini tapdalayıblar. Oraya ancaq evlərindən atılan, mənzil hüquqları tapdalanan adamlar yığılsaydı, bəs edərdi. Iş ondadır ki, camaat ümidini itirib. Ona görə, belə aksiyalarda iştirak etmir. Bu da çox pisdir. Çünki respublikada vəziyyət çox gərgindir. Düzdür, bir tərəfdən bəzi sahələr, tikintilər, yollar inkişaf edir. Amma bu inkişaf da kiminsə şəxsi marağı ilə bağlıdır. Azərbaycanda ancaq o işlər yüksək templərlə həyata keçirilib ki, bu, kiçik bir dairənin öz şəxsi marağını ödəməsi üçün imkan yaradır. Başqa sahələr, mədəniyyət, sosial durum çox pis vəziyyətdədir. Güclü korrupsiya da ölkəni dağıdır. Buna baxmayaraq, uzun illərdir camaat öz fikirlərini demokratik formada iqtidara çatdırmağa öyrənməyib. Bu, gec-tez inqilaba, üsyana gətirəcək. Mən və dostlarım çox narahatıq. Çünki inqilabdan, üsyandan pis şey yoxdur. Yenə də biz 20-30 il geri düşəcəyik. Ona görə, biz demokratik üsullarla iqtidara təzyiq etməliyik. Illərdir deyirəm ki, Azərbaycanda vətəndaş cəmiyyəti yoxdur. Digər demokratik ölkələrdə insanlar öz vətəndaş hüquqlarını müdafiə edirlər. Amma bu, bizdə yoxdur. Bu olmasa, gec-tez böhrana gətirəcək. Necə ki, ərəb ölkələrində ağır hadisələrə gətirdi. Mən və yoldaşlarım çalışırıq ki, bu, olmasın. Bizdə deyirlər ki, bunun olmaması üçün hökumət, iqtidar möhkəm olmalıdır. Bu iqtidarın öz fikridir. Biz ona qarışmırıq. Amma vətəndaş cəmiyyəti də elə möhkəm olmalıdır ki, iqtidar bizə hörmət eləsin. Xalqın vicdanını, mənliyini, demokratik normaları tapdalamasın. Illər boyu bunun olması ona gətirdi ki, artıq insanlar ruhdan düşüb və vətəndaşların ictimai fəaliyyəti sıfra yaxındır. Biz bunu bərpa etməliyik. Bu, iqtidara lazımdır. Olmasa, inqilabla qurtaracaq. Bu da pisdir.
“Bu ölkədə demokratiya söhbəti yalandır”
– Hakimiyyət bir tərəfdən mitinqə icazə verir, digər tərəfdən, ora gedənlərə maneələr yaradır. Bunu necə qiymətləndirirsiniz?
– Çox mənfi yanaşıram. Iqtidarı da hörmətdən salır, xalqı da. Xaricdən baxanlar bizə gülürlər. Özümüz özümüzü aldadırıq. Bir də təsdiq edirik ki, bu ölkədə demokratiya söhbəti yoxdur. Hamısı yalandır.
– Sizi növbəti mitinqlərdə çıxışçılar sırasında görə biləcəyikmi?
– Xeyr. Mən mitinq adamı deyiləm. Mitinqin məzmunu da mənə maraqlı deyil. Ancaq ora ona görə getdim ki, birinci dəfədir icazəli mitinqdir və bir sıravi vətəndaş kimi ora getməyi, dəstəkləməyi özümə borc saydım.
– Ziyalılar Forumu da mitinq keçirməyi planlaşdırırdı. Ictimai Palata ilə birgə mitinq planınız ola bilər?
– Bizdə bir mitinq planı var idi. O da Fransanın qəbul etdiyi qanunla bağlı idi. Sonra ki, o keçmədi, biz də mitinq fikrindən imtina etdik.
”Avroviziya”dan sonra qurduqlarının hamısı dağılacaq”
– “Avroviziya” yarışması ərəfəsində Azərbaycan hakimiyyəti dünya ilə qarşıdurmaya gedir. Beynəlxalq təşkilatların tələblərinə baxmayaraq, insanların mənzil hüquqları pozulur, vicdan məhbusları azad edilmir. Sizcə, niyə?
– “Avroviziya” mədəni nöqteyi nəzərdən sadəcə popsadır. Xalqların arasında populyardır. Ancaq yüksək mədəniyyət, musiqi sənəti ilə bağlı deyil. Yaxşı haldır ki, Azərbaycan bunu keçirir. Ancaq hansı yollarla? Camaatı küçəyə atasan, evləri dağıdasan ki, mən burda “Avroviziya” keçirirəm. Tədbirə bir ay qalıb. “Avroviziya” keçiriləndən sonra qurduqlarının hamısı dağılacaq. Çünki keyfiyyətsiz işlər görülür. Qısa müddətdə o boyda tikinti işləri aparmaq olmaz. Bunu hamı başa düşür ki, hər şeyə vaxt lazımdır. Bir şey ki, bir aya tikilməlidir, onu üç günə tikəndə beş gündən sonra da dağılır. Bunlar pisdir. Mən bunu pozulan hüquqlarla bağlamazdım. Bunlar fərqli şeylərdir. Ölkədə belə bayramlar keçirilməlidir. Ancaq nə məqsədlə, nə şərtlərlə və hansı qiymətə. Bunu götür-qoy etmək lazımdır ki, sonra bizim burnumuzdan tökülməsin.
Bu, mədəniyyəti öldürməkdir
– Azərbaycanda xarici teleserialların yayımı dayandırılır və yerli serialların çəkilməsi üçün telekanallara 500 min manat pul verilir. Bu pula normal serial çəkmək olarmı?
– Xeyr, mümkün deyil. Bu, mədəniyyəti öldürməkdir. Normal serialı çəkmək üçün bir seriyaya təxminən 100 min manat lazımdır. Biz istəyiriksəki, gündə bütün kanallarda bir seriya getsin, deməli, hər gün 5-6 seriya göstərilməlidir. Bu, bir ayda 150 seriya edir. Bu da on beş milyon manat eləyir. Televiziyalara ayda 15 milyon manat verməlidirlər ki, keyfiyyətli seriallar çəkilsin. Ancaq başqa ölkələrdə normal televiziya özü o pulları yığır. Hökumət də kömək edir. Çünki hökumətə lazım olanları özü sifariş edir. Başqa pulları da reklam yolu ilə yığır. Ancaq bizdə normal reklam yoxdur axı. Heç kəs reklam vermir. Çünki sabah iş yerinə gəlib deyirlər ki, sən reklam vermisən, filan qədər rüşvət ver. Ona görə hamı gəlirlərini gizlədir. Gəlirləri də dar çərçivədə yığırlar. 500 min yox, ildə milyonlar, ən azı yüz milyon lazımdır ki, burda ortabab seriallar çəkilsin.
Kino Ittifaqına bir qəpik də pul ayrılmır
– Bu pulu “Azərbaycanfilm”ə, Kinematoqrafçılar Ittifaqına yox, telekanallara verilməsinə necə baxırsınız?
– Bizdən başqa bütün ittifaqlara hökumət büdcədən pul ayırır. Ancaq Kino Ittifaqına mənim ictimai fəaliyyətimə görə bir qəpik də pul ayrılmır. Biz festival keçirirdik, proqramlarımız var idi. Bizi bu imkanlardan da məhrum etdilər. Ona görə, çətin vəziyyətdəyik. Amma telekanal sifariş edə bilər “Azərbaycanfilm”ə, bizim ittifaqa. Şirvanşahların tarixinə aid 16 seriallı film üçün gözəl ssenari yazmışıq. Ancaq onu qəbul etmirlər. Ona pul ayrılmalıdır. Bütün dünyada belədir ki, telekanallar sifariş verir kinokampaniyalara, o cümlədən “Azərbaycanfilm”ə, Kino Ittifaqına. Bizim kinostudiyamız var. Biz bu pula filmi çəkirik. Telekanal isə özü çəkə bilməz. Telekanal özü çəkəndə çox səviyyəsiz olur.
Hakimiyyətin mübarizə üsulu hamımıza utanc gətirir
– Telekanallarda ölkənin ciddi problemlərindən söz açılan proqramlar yoxdur. Hakimiyyət telekanalları tənqid edir, ancaq özü də buna imkan vermir.
– Azərbaycanda televiziya yoxdur. Çünki televiziyanın öz vəzifələri var. Xalqın problemlərindən danışmalı, yüksək səviyyəli mədəni verilişlər verməlidir. Bunlar səviyyəsiz, şit əyləncədən başqa heç nə vermirlər. Azərbaycana heç gəlmək lazım deyil. Bir saat Azərbaycan televiziyasına baxmaq kifayətdir ki, respublikada dəhşətli bir vəziyyətin olduğunu başa düşəsən.
– Son günlər jurnalist Xədicə Ismayıla qarşı aparılan çirkin kampaniya da ictimaiyyətin ciddi narazılığıyla qarşılanıb. Xanım jurnalistə qarşı hakimiyyətinbelə mübarizə üsulunu, evinə kamera quraşdırmağı necə qiymətləndirirsiniz?
– Çox pis. Bu, elə mitinqə yararsız yer ayırmaq kimidir. Həmin çirkin üsullardır. Çox utanc gətirən, hamımızı utandıran üsullardır.
Fizzə Heydərli