Avropa mətbuatı SSRI-nin faciə statistikası barədə açıqlamasını belə şərh edərdi: “Əgər SSRI-də hansısa qəza nəticəsində 10 adamın öldüyü deyilirsə, bilin ki, bu rəqəm 100-dən artıqdır, çünki sovet təbliğatı belə məsələlərdə sonuncu rəqəmi silir”.
Eyni təfəkkür daşıyıcılarıdı Azərbaycanı idarə edənlər. Bunlar ölkənin iqtisadi artımı məsələsi gündəmə gələndə sona bir rəqəm artırırlar (məsələn, Ilham Əliyev 2011-ci ilin iqtisadi artımını “1 faiz” dedi, halbuki, Dövlət Statistika Komitəsinin saytında bu rəqəm 0,1 faizdir), ancaq mitinq iştirakçıları ilə bağlı açıqlamada sonuncu rəqəmi pozurlar.
Bu düşüncə sahiblərinin yenə də mitinqçilərlə bağlı sayı gündəmə gətirəcəkləri gözlənilən idi – gənclərin 2 min nəfərlik mitinqini “300 adam”la məhdudlaşdıran Bakı şəhər Baş Polis Idarəsinin 8 apreldə ənənəsinə dönük çıxacağınımı fikirləşirdiniz?
Amma doğrusu, rəsmi açıqlamanın “1200”lə məhdudlaşması reallığı əks etdirir. Əminəm ki, mitinqdə iştirak edən Bakı şəhər Baş Polis Idarəsinin və mülki geyimli MTN işçilərinin sayı 1200 nəfər idi.
Iqtidar mətbuatı da “300 nəfər KIV nümayəndəsinin” olduğunu bildirir. Görürsünüzmü, öz saylarını nə qədər dəqiqliklə bilirlər?
Hərə öz sayını deyir. O ki qaldı mitinqçilərin sayına, bunu da müxalifət daha yaxşı bilir – mətbuatdan oxuya bilərsiniz.
Maneələr
Hələ səhərdən mitinq keçirilən əraziyə marşrutların işləməsində problem yaradılacağını hesablayan, içlərində tanışlarımın da olduğu şəxslər “Binə”, “Sədərək” tərəfə üz tutmuşdular. Elə hesab edirdilər ki, şəhərdən “20-ci sahə”yə marşrutlar buraxılmasa da, əks istiqamətdə problem olmayacaq.
Amma oldu: “Binə” və “Sədərək”dən gələn marşrutların istiqaməti dəyişdirildi və onlar Badamdar yoluyla şəhərə buraxıldılar. Yüzlərlə adam mitinq yerinə gəlib çıxa bilmədi, hətta Ziya Məmmədovun “London taksiləri” “Azneft” meydanına yığışan insanları “20-ci sahə”yə aparmaqdan imtina etdilər.
Bütün bunlara baxmayaraq, insanlar mitinqə gəldilər – kilometrlərlə yolu piyada getmək bahasına öz iradələrini ortaya qoydular.
Əsas məsələ də budur: insanlar öz etirazlarını bildirmək üçün istirahət günündə bir neçə kilometrlik yolu piyada getməkdən çəkinmirlərsə, öz etirazlarını ortaya qoymaqda israrlıdırlarsa, demək, bıçaq sümüyə dirənib artıq.
Nələr gördüm?
Gənclərin enerjisi aşıb-daşırdı, nəinki Azərbaycanı, dünyanı yerindən oynatmağa hazır olduqlarını göstərmək istəyirdilər.
Xoş idi bu mənzərəni görmək. Ancaq…
Orta yaşlı mitinqçilərin üzündə dəhşətli ağrını, əziyyəti, dərdi görməmək, müşahidə etməmək də mümkün deyildi. Onlar illərlə rastlaşdıqları haqsızlığın, ədalətsizliyin, rüşvətxorluğun, çapılıb-talanan məmləkətin ağrılarını, saatlarla gəldikləri yolun əziyyətini üz cizgilərində daşıyırdılar.
Onlar bilirdilər ki, bu ölkədə heç kimin mal və can güvənliyi yoxdur;
Onlar özlərindən sonrakı nəslin qayğılarını bir-birilə bölüşürdülər.
Onlar gur-gur gurlayan gənclərə bu cür ölkə buraxıb gedəcəklərindən və söyüş-qarğış yiyəsi olacaqlarından narahat idilər…
Siyavuş Novruzovun mitinq iştirakçıları ilə yasa gedənləri müqayisə etməsinə laqeyd yanaşmayın. S.Novruzov da bu dərdli insanların aurasını hiss eləyib, onların kədərini, zillətini çəkdiklərini duyub.
S.Novruzov da nəhayət, hiss edib ki, bu onminlərin, yüzminlərin təkcə ölkəsi, sərvəti talanmır, onların ayları-illəri, bütün ömür-günləri oğurlanır.
Onlar ömürlərini oğurlayanlara etiraz etməyə gəlmişdilər, bunu da duydunuzmu, Siyavuş Novruzov? Ömürlərini oğurladıqlarınıza cavab verəcəyiniz günü necə, hiss etdinizmi?

Hərə öz sayını deyir
•