«Totalitarizm insanlar üzərində despotik hökmranlıqdan çox, insanların tamamilə lazım olmadığı bir sistemin qurulmasına can atır»
Hanna Arendt
Totalitarizm nəzəriyyəsinin banisi, yəhudi əsilli alman – amerikan tarixçi – politoloqu, Hanna Arendtin fikirləri ilə tanış olduqca, heyrətlənməyə bilmirsən, sanki bu qadın diktatorları dünyaya gətirir və qorxu filmlərində olduğu kimi, “istəmədən” onların qatilinə çevrilir. Hanna xanıma görə, istənilən diktatura, insanların lazım olmadığı bir sistemin qurulmasını başa çatdırmağa müvəffəq olduğu andan etibarən məğlubiyyətə məhkumdur. Yəni diktatura, onu tarixə qovuşduracaq tragikomik siyasi şəraiti özü hazırlayır, çabalayır və məğlub olur. Biz, orta nəslin nümayəndələri, bunu bir dəfə yaşamışıq…
Sovetlər imperiyasının nəhəng təbliğat-təşviqat aparatı, 80-ci illərin sonunda, insanların kommunist ədəbiyyatını kütləvi şəkildə makulaturaya təhvil verməsindən “narahat” olaraq həmin məntəqələrdə buna qarşı mübarizə aparmaq üçün… “könüllü” qruplar yaratmışdı. Yəni sistem faktiki olaraq “ağlını” itirməyə başlamışdı…
Cəmi iki ildən sonra rejim bir “toxunuşla” çökdü…
Azərbaycan SSRI-nin son illərinə çox bənzəyir
Son yeddi ildə ilk dəfə olaraq müxalifətə mitinq keçirmək üçün (Bibiheybətdə) icazə verildi. Hadisələrin sonrakı inkişafı onu göstərdi ki, Bibiheybət heç də təsadüfi seçilməyib. Bakıdan oraya gedən yeganə yolu nəzarətə götürmək çox asan “məsələymiş”.
Saat 16-da başlayacaq olan mitinqə bir saat qalmiş Həmin istiqamətdə işləyən marşrut avtobuslarına hərəkət qadağan edildi. “Intellektul” nəqliyyat sistemi, iki saat “dəli-divanəyə” çevrildi, buna qədər də icazəli mitinqə çağırış vərəqəsi paylamağa cəhd edən bütün könüllüləri əsassız şəkildə polis həbs etmişdi.
Lakin buna baxmayaraq mitinq baş tutdu, 10 mindən çox insan 7 illik qadağadan sonra meydana çıxdı. Təxminən 5 minə yaxın insan yollarda qaldı. Mitinqə gəlməyən, həmin istiqamətdə hərəkət edən insanların da ən adi hüquqları kobud şəkildə pozuldu. Insanlar rejimin insan faktoruna allergiyasının bir daha şahidi oldular.
Iqtidar rəsmiləri həmişəki kimi, süni surətdə yaradılan çətinliklər haqda xəbərsiz olduqlarını gizlətsələr də, həyəcanlı görünürdülər…
“Mitinqin tribunasından onları narazı salan ayrı-ayrı dövlət qurumlarının ünvanına sərbəst şəkildə tənqidlər, müxtəlif fikirlər ifadə olundu. Biz bunu da normal qəbul edirik”.
Bu fikir… Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri, müxalifətsizlikdən(!) daim “gileylənən” Əli Həsənova məxsusdur.
Bu təsəlliverici açıqlama, həm də iqtidarın sərbəst toplaşma kriteriyası sayıla bilər.
Yəni “on mindən artıq insanın olmayacağı bir aksiya bizim üçün, o qədər də təhlükəli deyil. Bibiheybətə gedən yeganə yolu bağlamaqla, əhalidə xof yaratmaqla mitinqdəki insan sayına nəzarət etməyi bacaracağıq”.
Dəyişikliklər qaçılmazdır
…Bəri başdan deyək ki, iqtidar istədiyinə nail ola bilmədi. 19 il əsarətdə saxladığı xalqın mitinqdə iştirak etmək arzusu göstərdi ki, onlar mövcud totalitar rejimi tarixin arxivinə göndərməkdə israrlıdırlar.
Bibiheybətdə baş tutan tarixi mitinq aşağıdakı həqiqətləri üzə çıxardı.
1.Xalq hakimiyyətin siyasi səhnədən getməsində maraqlı olduğunu ortaya qoydu.
2.19 ildir ki, hüquqları tapdanan Azərbaycan vətəndaşlarının mübarizə əzminin zəifləməsi haqda qənaətlər özünü doğrultmadı. Sübut olundu ki, dirəniş var və hər keçən gün daha da güclənəcək.
3.Rejim xalqla və onu təmsil edən qüvvələrlə dialoqa getmək fikrində deyil və narazılıqları köhnə üsullarla yatırmaq niyyətindədir.
4. Hakimiyyət süni yollarla əngəlləyə bilməyəcəyi hər hansı aksiyanın özü üçün fəlakət olacağını anladı. Istənilən metro stansiyasına yaxın bir yerdə, eləcə də şəhərin hər hansı bir mərkəzi meydanında baş tutacaq icazəli mitinqin “başlanğıcın sonu” olacağına əmindir.
Bir sözlə, iqtidar anlayıb ki, “xalq artıq, qorxmaqdan bezməyə başlayıb”. Bu əsrarəngiz fikir də, diktatorların “anası”, “qorxulu” xanım, Hannaya məxsusdur.