MTN-in son əməliyyatında ölən və tutulanlar haqqında ilginc xəbərlər
Gəncədə MTN-in terrorçulara qarşı keçirdiyi əməliyyatda öldürülmüş Vüqar İsmixan oğlu Padarov haqda şok məlumatlar əldə etmişik. Məlumata görə, əməliyyat zamanı MTN polkovnikini qətlə yetirən Vüqar Padarov hələ bir neçə il bundan əvvəl Tümendə «ölübmüş».
Məlumatlı mənbənin bildirdiyinə görə, Vüqar 2003-cü ildə həmkəndliləri ilə birgə Rusiyanın Tümen şəhərinə işləməyə gedib. Bundan sonra onu kənddə görən olmayıb.
Amma bir neçə il bundan əvvəl Padarovlar ailəsi Rusiyadan məktub alıb. Həmin məktubda bildirilib ki, onların oğulları Vüqar Padarov Tümen şəhərinin kafelərinin birində dava salıb. Həmin dava zamanı bir nəfər öldürülüb. Həmin adamı Vüqar qətlə yetirməsə də, qətldə iştirakçı kimi həbs olunub və məhkum edilib.
Amma Vüqar məhkumluq həyatını sonacan yaşaya bilməyib. Müammalı şəkildə həbsxanada vəfat edib.
Mənbə onu da deyir ki, Vüqarın meyitini Zaqatalaya gətirmək də mümkün olmayıb. Belə ki, atası İsmixan kişinin buna maddi imkanı olmayıb. Sadəcə Vüqar üçün Aşağı Talada yas məclisi qurulub. Özü də bir günlük. Padarovlara sonradan deyilib ki, oğlanları Tümendə kimsəsizlər qəbirstanlığında basdırılıb.
1975-ci il təvəllüdlü Vüqar Padarov Zaqatala şəhərindəki rusdilli məktəbi bitirib. Mənbənin dediyinə görə, çox savadlı və vətənpərvər oğlan olub. Hətta 1992-ci ildə məktəbliykən Şuşanın müdafiəsinə belə getmək istəyib. Amma cəbhə xəttindən geri qaytarılıb.
Vüqar hərbi xidmətini də çəkib. Onun komandirləri daim valideynlərinə təşəkkür məktubu göndəriblər.
Vüqar dini ayinləri icra edən şəxs olub. Amma maraqlıdır ki, onun qardaşı, Gəncədəki əməliyyat ərəfəsi Zaqatalada həbs edilən Mehdi Padarov Vüqarın tam əksi olub. «Mehdi yeyib-içən, dindən çox uzaq olub. Özü də bərk davakarlığı ilə Aşağı Talada ad çıxarıb».
Mənbə Aşağı Talada həbs olunan Nəsrullah və Bəhruz adlı şəxslər barədə də bilgi verib. Onun dediyinə görə, Padarovlarla qohum olan Nəsrullah bir ildən çoxdur iflic olduğundan yataq xəstəsi imiş. Onun bədəninin sol tərəfi demək olar ki, hissiyatsız və hərəkətsizdir. Onun yeriməyində ciddi problemlər var.
Digər həbs olunan Bəhruz adlı şəxs isə kənddə başıaşağı, tərbiyəli, necə deyərlər, «ev uşağı» kimi tanınıb.
Mövzunu diqqətdə saxlayacağıq.
İnformasiya şöbəsi