Dərman idxalına qadağa

Iyunun 1-dən içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatları ölkəyə buraxılmayacaq

Içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalı iyunun 1-dən dayandırılacaq.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində iri dərman istehlakçısı olan şirkətlərinin nümayəndələri ilə keçirilən iclasda bu barədə xəbərdarlıq edilib. Mərkəzin direktoru Əbülfəz Abdullazadə bildirib ki, bəzi dərman şirkətləri Səhiyyə Nazirliyinin bununla bağlı göstərişinə əməl etmir. Içliklərin Azərbaycan dilində olması ilə bağlı həmin şirkətlərə bir neçə dəfə rəsmi müraciətlər edildiyini deyən Ə.Abdullazadə deyib ki, bu problem 2012-ci ilə öz həllini tapmalıdır. Onun sözlərinə görə, iyunun 1-dək içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının Azərbaycan idxalına icazə verilməyəcək.