Mən dəqiq elmlərdəki anlayışların eynilə ictimai elmlərə köçürülməsinin bir o qədər də tərəfdarı deyiləm. Çünki hər elmin öz spesifikası və bəlkə cansız aləmin ən mürəkkəb sisteminin davranışı bir insan psixikası ilə müqayisədə heçdir. Amma səthi analogiyalar da tapmaq mümkündür.
Fizikada elə hallar və trayektoriyalar reallaşır ki, onlar boyunca təsir adlanan bir fiziki kəmiyyət özünün minimum qiymətini almış olsun. Bunu insanlara da şamil etmək və ondan faydalanmaq olar: bir qayda olaraq, normal psixikaya malik insan elə hərəkət forması seçir ki, bu istiqamətdə minimum müqavimətlə qarşılaşmış olsun. Sosial-siyasi və toplum psixologiyası müəyyən ümumi özəlliklərə malik olsa da, hər halda, o da fərdlərin psixologiyasının məcmusudur.
Bizim əsas sualımız budur ki, nədən insanlar bu boyda haqsızlığa, ədalətsizliklərə susur, onlara hamılıqla etiraz etmir? Bəlkə də bu sualın ən dəqiq cavabını bilmək üçün mən çox şeydən keçərdim. Amma biz dəqiq cavabı bilmirik və daha çox əlində zəif şamla qaranlıqları dolaşan insanlara bənzəyirik. Yalnız ehtimallar söyləyə bilərik. Onlardan biri də budur ki, insanlar daha effektiv və daha az müqavimət tələb edən davranış qaydalarını seçirlər. Onlar artıq o qədər individuallaşıblar ki, öz səadətlərini və həyatlarını toplumun ümumi göstəricilərilə uzlaşdırmaq istəmirlər – təkbaşına nəsə əldə etməyə çalışmaq və yalnız bunun üçün zəruri olan şeyləri etmək! Bəli, indi bu daha sərfəli və daha praqmatikdir.
Bəzən bu yol nəticə də verir. Ümumi səylərin hipotetik nəticəsindən fərqli olaraq, fərdi səylər daha real və daha hissolunandır. Biz buna etiraz edə bilmərik. Bu, insanların seçimidir. Amma onu diqqətə gətirə bilərik ki, problemləri ümumiləşdirməyi, onlara müəyyən bir qrupun marağı kimi yanaşmağı da yaddan çıxarmaq lazım deyil. Əks halda, oğul atasının və nəvə babasının həll etdiyi və yaxud həll etməyə cəhd etdiyi problemləri bir daha həll etmiş olacaq. Elə bu hakimiyyətin yürütdüyü siyasət də belədir və onlar da Həsənin, Məmmədin problemlərini həll edirlər, amma neftçilərin və yaxud müəllimlərin, yaxud da azadlıq istəyən qrupun problemlərini həll etmək istmirlər. Biz problemləri ümumiləşdirərək, hakimiyyət isə onları tam fərdiləşdirərək, xüsusiləşdirərək həll etməyə cəhd edir. Məsələn, bu hakim zümrə böyük məmnuniyyətlə bir neçə narazı müxalifətçinin və yaxud da elə narazı jurnalistin problemini həll edərdi. Müxtəlif zamanlarda onlar bunu bir hissəyə tətbiq ediblər də – bunu da etiraf etmək lazımdır. Lakin onlar heç vaxt müxalifətin və yaxud da azad mətbuatın problemini həll etməzlər, bunu onlardan gözləməyin. Çünki bunlar onlardan daha böyük güzəştlər, islahatçı addımlar tələb edir və ən başlıcası, belə tələblər cəmiyyətin və hakimiyyətin strukturunun dəyişməsinə aparır. Onlar isə bunu istəmirlər.
Indi cəmiyyətin böyük qismi, necə deyərlər, böyük həvəslə bu tilova düşür. Amma bizim nə fərqimiz var? Bizim fərqimiz ondadır ki, biz problemlərə individual qaydada deyil, qrup halında, bir qədər ümumi şəkildə yanaşırıq. Çünki o individual və fərdi problemlərin həlli ayrı-ayrı məmurların işidir, bizim işimizsə bir siyasi məsələdir – bizim tərəf müqabilimiz ayrı-ayrı məmurlar deyil, hakimiyyətdir.
Ona görə də bu hakimiyyət təkrar-təkrar bizə müraciət edir ki, filankəs, axı sən nə istəyirsən? Mən müəyyən mənada onların “səmimiliyinə” inanıram. Bu adamlar bizi həqiqətən də başa düşmür. “Toçka” istəyirsən? Buyur! Uşağı xaricdə oxutmaq istəyirsən? Buyur! Hətta mandat istəyirsən? Buyur, bu da mümkündür! Amma iqtisadiyyatın problemlərindən danışma, müstəqil və azad parlament haqda düşünmə! Təhsilin və səhiyyənin problemlərinə baş vurma! Sənə çatacaq payı götür və sus!… Onların təklifi budur. Amma bizim üçün bu, məqbul ola bilərmi?
Kiçik sözardı
Beləcə, bir yazının da sonuna çatdıq. Fikirləşirəm, özümüzü və hakimiyyəti dərk etməyə sərf etdiyimiz vaxtı başqa şeylərə sərf etsəydik, nə qədər uzağa gedərdik?! Lakin bu da vacibdir. Bunsuz da mümkün deyil. Ən azı, o səbəbə görə ki, biz və onlar var və bu, hələ bir müddət qalacaq…

Bu hakimiyyət problemlərə necə yanaşır?
•