BIR: Mitinqdə nə qədər adamın iştirak etdiyi barədə müzakirələr, mübahisələr yersizdir. Belə dartışmalardan qaçmaqda fayda var. Rejim istədiyi rəqəmi açıqlasın. Onsuz da burnu fırtıqlı bağça uşağı da bilir ki, onun bütün statistikaları ağ yalandan ibarətdir. “1 milyon yeni iş yeri açdıqlarını” deyəndə utanmayanlardan, vicdanı sızlamayanlardan “mitinqdə 1200 nəfər iştirak edib” deyərkən, ədalətli olmağı istəmək bizə yaraşmaz.
IKI: Hətta bir mitinqə çox az adam gəlsə belə, bundan kompleks keçirmək lazım deyil. Bundan utanmaq lazım deyil. Çünki bu, mitinqə gələnlərin yox, gəlməyənlərin ayıbıdır. Qoy, onlar utansınlar.
ÜÇ: Srağagünkü mitinqdə bir şey başa düşdüm – razılaşdırılmış aksiyalarla bağlı 7 illik fasilə öz sözünü deyib, insanlar birgəlik duyğusundan xeyli uzaqlaşıb, meydana xeyli ögeyləşib. Zamanla düzələcək – o enerji, çılğınlıq, həyəcan, ehtiras, coşqu geri dönəcək.
DÖRD: Siyavuş Novruzov deyib ki, guya mitinqçilər Azərbaycan bayrağına hörmətsizlik ediblər, onu yerə atıblar. Insan vicdan hissini itirəndə hər şey danışa bilər. O mitinqə gələnlər üçün bayrağın nə demək olduğu azacıq ədaləti və insafı olan hər kəsə bəllidir, onlar bayrağı heç vaxt 30 milyona başa gələn ən uzun dirəyinə görə sevməyənlərdir. 25 ildir bayraq üçün ömürlərini, övladlarını fəda edənlərdir. Novruzovun başbilənləri dəri gödəkçə alveri eləyəndə bayraq üçün ölümün, zülmün üstünə gözünü qırpmadan gedənlərdir.
Üstəlik, Siyavuş belə bayraq dərdi çəkəndirsə, onun bayraq sevgisi belə fontan vurursa, getsin əvvəlcə öz prezidentinə, müdafiə nazirinə bayrağı düz asmaq dərsi keçsin, sonra gəlsin.
BEŞ: Mitinq ərazisinə gedən marşrutları ləğv etmişdilər. Şəxsən mən “Azneft” dairəsində uzun müddət gözləməli oldum. Həmin müddətdə ora xeyli insan toplaşmışdı. Güc-bəla ilə bir taksi tapdıq, bir neçə nəfər əyləşib mitinqə gələ bildik. Digərləri də eyni qaydada gələ bildilər, xeyli adam isə ümumiyyətlə, gələ bilmədi. Sonra öyrəndik ki, rənginə görə camaatın təzəlikcə “badımcanlar” adı qoyduğu “London taksiləri”nə də həmin istiqamətdə müştəri götürməmək göstərişi verilibmiş. Özləri bilər, amma yenə də bizdən demək: bax, növbəti dəfə belə eləməyin, elə olmasın ki, aprelin 22-də sizin özünüzü minib gedək mitinqə.
Elçibəy fərqi
Bilirsiniz ki, bizdə ictimai rəyə çox səfeh bir fikir sırıdılıb. Bəziləri deyir ki, Elçibəy yaxşı insan idi, amma yaxşı prezident deyildi.
Keçən günlərdə bəstəkar dostumuz Firudin Allahverdi “facebook”da bu mövzuda yaxşı bir status yazmışdı:
“Lap yaxşı prezident idi!
Müharibədə uğurlar əldə etdi? Etdi!
Təhsildə inqilabi dəyişiklik (test üsullu imtahan) etdi? Etdi!
Rus qoşunlarını ölkədən çıxardı? Çıxardı.
Milli valyutanı dəyişdi? Dəyişdi!
Valyuta ehtiyatını 100 dəfə artırdı? Artırdı.
Bir ilə bəs deyil? Daha nə istəyirsiz?”…
Sonra mən o sıralamaya latın əlifbasına keçidi də əlavə elədim.
Bir il üçün həqiqətən böyük işlərdir. Yalnız xəbislər və nadürüstlər bununla razılaşmaya bilər.
Dünən isə başqa bir “facebook” dostumuz Həbib Müntəzirin maraqlı bir müqayisəsinə rast gəldim: “1992-ci ildə 2000 nəfərdən çox, son 5 ildə isə cəmi 1200 tələbə xaricdə oxumağa göndərilib!”
Bütün bunlardan sonra da kimlərsə “92-93-cü illərdə gəlmişdiniz, gördük də…”, ya da “Elçibəy yaxşı insan idi, amma gərək prezident olmayaydı” kimi səfsəfələrinə, cəfəngiyyatlarına davam edəcəksə, bu, artıq bizim problemimiz deyil.
Bu, həmin adamların ağlının, qəlbinin və vicdanının problemidir, bizi qətiyyən maraqlandırmır.

8 aprel mitinqinin ardından…
•
•