… və öz mitinqində qüsur axtaran demokratlar
Ictimai Palatanın mitinqi hələ başa çatmamış dəyərli və gənc həmkarımız Turxan Qarışqa proqnoz vermişdi: “Polis elan edəcək ki, aksiyada 1200 nəfər iştirak edib…”
Ayda iki dəfə falçıya gedən YAP-çı vəzifə sahibləri demişkən, adamın ağzı fal imiş – polis onun dediyi sayı elan etdi. Turxan əvvəlcədən bunu deyəndə bir məqamı da öncədən görmüşdü. Söyləmişdi ki, polisin və hakimiyyətin nümayəndələri bu aksiya haqqında danışanda Ictimai Palata əvəzinə “özünü Ictimai Palata adlandıran qurum” ifadəsini işlədəcəklər. Bu da düz çıxdı. Həmin Turxan daha bir məsələni də öncədən demişdi və …elə o da düz çıxdı. Bildirmişdi ki, 8 aprel mitinqinə azı 10 min adam gələcək. Gəldi də.
Amma Turxan bəy bir şeyi bilməmişdi. Bilməmişdi ki, YAP funksionerləri yas yerlərində diriləri sayırmış. Səyavuş Novruzov mitinqçilərin sayını hörmətli adamın yas yerinə gələnlərin sayı ilə müqayisə edəndə, üzümü ona tutub dedim ki, gənc dost, bax bunu sən bilmirdin. Bax, özünü YAP adlandıran qurumun başbilənlərinin belə işləri də var. O qədər pul saymağa öyrəşiblər ki, saymaya bilmirlər…
Qayıdaq say məsələsinə. Özünü YAP adlandıran qurumun təmsilçiləri mitinqə gələnlərin sayı barədə elə gülməli rəqəm dedi ki, gələcəkdə onlar düzü söyləsə belə, daha kimsə inanmaz. Qoy həmişə saysınlar. Amma bəzən görürsən ki, demokratik cinahın adamları da bu say məsələsinə bərk aludə olurlar. Dostlar, hamımız bilirik ki, həlledici və ya böyük mesajlar ifadə edən say çox gərəklidir. Amma say indi azdırsa, biz YAP-çıların tənəsindən utanmalıyıq? Oğruların başda oturduğu bir ölkədə buna görə xəcalət çəkməliyik? Bəlkə həvəsdən düşüb geri çəkilməliyik?
Tutaq ki, şəhərin labirint kənarındakı mitinqə doğrudan da 1200 nəfər gələydi. Buna görə həvəsdən düşməliydik? Onda özünü YAP adlandıran qurumun danışanlarına oxşayardıq. Bəli, məhz o cür.
Bu gün nə edilirsə, cəhdlərdir, işdir, çalışmadır. Yaxşı olacaq, pis olacaq, amma bu nəticə deyil. Nəticə isə olacaq. Nəticə Kür daşan kimi bəndləri qıracaq və Azərbaycan tarixindən despotizmi birdəfəlik siləcək. Bir daha bizim ölkədə idbar avtoritarizmin kölgəsini görən olmayacaq. Indi bu nəticəyə inanmayanlar gələcəkdə səhvini yaxşıca anlayacaqlar…
Bu, xalqın mitinqidir. Bura pulla adam gətirməyiblər. Bura iş yerindən tapşırıldığına görə məcburən gəlməyiblər. Azdırsa da xalqın mitinqidir, çoxdursa da. Indi çoxları hələ inamsızdır, böyük bir qisim qorxur hələ. Unutmayın ki, biz çox ağır dövrləri keçib gəlmişik. Amma buz əriyir axı. Görürsünüz ki, əriyir. Heç kim demir lap əladır. Amma yaxşıdır və çox yaxşıya doğru gedir…
Ölkədə ictimai dinamikanı gücləndirən bütün addımlar müsbətdir. Bu, inkişafdır. Özünü YAP adlandıran qurumun təbliğatçılarının söz açdığı yalançı inkişaf yox, həqiqi inkişafdır. Hərə sağdan soldan bu inkişafa köməyini verməlidir. Hərə öz bildiyi kimi etsin, amma bir iş görsün. Hərə nəsə etsin. Bunlar toparlanıb nəticəni tezləşdirəcək – çünki hərə bir yandan ətalət içində olan cəmiyyəti canlandırmış olacaq. Ziyanı olmayan istənilən ictimai fəaliyyət gözlə görünən və ya görünməyən faydalara gətirir.