Vasif Talıbovdan toxunulmazlıq əldə etmək cəhdi

Naxçıvan xanı «MR Ali Məclisinin sədri haqqında» qanun qəbul etdirmək istəyir

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov özü üçün əlavə imtiyazlar əldə etmək istəyir. “Reytinq” qəzetinin yazdığına görə, bu niyyətlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi “Naxçıvan Muxtar Respublikası Al Məclisi sədrlərinin statusu haqqında” qanun layihəsinin qəbulu üçün qanunvericilik təşəbbüsü ilə çıxış etməyə hazırlaşır.

Bununla da Ali Məclis sədri Vasif Talıbov gələcəkdə hakimiyyət dəyişikliyi olarsa, bu qanunla özünü və yaxınlarının təhlükəsizliyinə tam təminat almaq məqsədi güdür. Qanun qəbul olunacağı təqdirdə Talıbov ömrünün sonuna qədər yüksək məbləğdə pensiya, xidməti maşın, hava limanlarında özünə və ailəsinə VIP girişlərindən istifadə etmək imkanı və digər bu kimi üstünlükləri saxlaya bilər. Bəs Naxçıvan MR Ali Məclisi belə bir qanun qəbul edə bilərmi?

Hüquqşünas Müzəffər Baxışın sözlərinə görə, Naxçıvan Ali Məclisinin qanunlar qəbul etmək səlahiyyəti var. Amma Ali Məclis sədrinin statusu haqqında elə bir qanun qəbul edə bilməz. Çünki fiziki və hüquqi şəxslərin statusu ilə bağlı məsələr Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətində olan məsələlərdi. Ona görə də Naxçıvan MR özü Ali Məclisin sədri, onun statusu barəsində hər hansı qanun qəbul edə bilməz. Naxçıvan MR Ali Məclisinin sədrinin statusu Azərbaycan respublikasının qanunvericiliyi, konstitusiyası ilə müəyyən olunur. Ona görə də Naxçıvan MR Ali Məclisi belə bir qanunu qəbul etsə də, bu, muxtar respublikanın konstitusiyasına uyğun qanun olmayacaq. M.Baxış Naxçıvan MR Ali Məclisinin hansı məsələlərlə bağlı qanunlar qəbul etmək səlahiyyəti Naxçıvan MR Konstitusiyasında təsbit edilib. Bu səlahiyyətlər içərisində Naxçıvan MR Ali Məclisinin sədrinin statusu haqqında hər hansı qanun qəbul etmək səlahiyyəti Naxçıvan MR Ali Məclisinə verilməyib. Ona görə onlar elə bir qanun qəbul etsələr də, əslində onun heç bir hüquqi qüvvəsi olmayacaq.

Fizzə