Unudulmaz obrazlar ustası Həsənağa Salayev

Səhnədə ilk uğurlar…

Azərbaycan teatr və kino sənətinin inkişafında xüsusi əməyi olan sənətkarlar sırasında unudulmaz obrazlar ustası Həsənağa Salayev də yer alır. O, Azərbaycan səhnəsində çətin, amma dəyərli ömür yolu keçən ustadlardandır. Cəmi 60 il yaşasa da, yaddaşlarda müxtəlif xarakterli obrazların mahir ifaçısı kimi qaldı.
Həsənağa Dərya oğlu Salayev 5 dekabr 1921-ci ildə Bakıda qulluqçu ailəsində doğulub. Atası Dərya kişi oğlu yeddi yaşına çatanda onu Bakıdakı 6-cı Şura məktəbinə qoyub. Həsənağa 1937-ci ildə oranın doqquzuncu sinfini yüksək qiymətlərlə bitirib. Elə həmin il Bakı Teatr Texnikumuna daxil olub. Tələbə ikən 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə təhsilini başa vurduğu günlərdə müharibəyə gedib və doğma teatra 1946-cı ildə qayıdıb. Qısa müddətdə Həsənağa Salayev teatrın repertuarında yer tutan və təzə hazırlanan tamaşalarında maraqlı rollar oynayıb.
Ötən əsrin 30-cu illərində Azərbaycan teatrında artıq möhtəşəm bir aktyor dəstəsi fəaliyyət göstərirdi:ÿSidqi Ruhulla, Mirzağa Əliyev, Mərziyyə Davudova, Sona Hacıyeva, Mustafa Mərdanov, Rza Təhmasib, Kazım Ziya, Rza Əfqanlı və onlarla başqaları. Həsənağa Salayev elə gənclik illərindən ürəyində səhnəyə, teatra böyük bir məhəbbət yaşadırdı. Korifeylərlə eyni sırada bir səhnədə olmaq, müxtəlif obrazlar yaratmaq onun üçün çətin olmadı.
Səhnədə ilk rolu Səməd Vurğunun “Xanlar” pyesinin tamaşasındakı jandarm olub. Tamaşada tərəf-müqabili görkəmli səhnə ustası Mərziyyə Davudova Həsənağa Salayevin rolunu yüksək qiymətləndirmişdi: “Sən bu rolu elə gözəl oynadın ki, mən səhnədə özümü əsl jandarm qarşısında hiss edirdim. Inanıram ki, sən yaxşı artist olacaqsan”.
Onun sonrakı yolları Ikinci Dünya Müharibəsinin qanlı-qadalı günlərindən keçdi. Qələbədən sonra yenidən doğma kollektivə qayıtdı. O, yenidən səhnədə onlarla müxtəlif xarakterli obrazlar yaratdı. Klassik dramaturgiya ilə yanaşı, müasirlərinin də əsərlərindən təqdim etdiyi rollar həm həmkarları, həm də sənətsevərlər tərəfindən rəğbətlə qarşılandı.
Müxtəlif illərdə Səməd Vurğunun “Fərhad və Şirin” (Fərhad), “Vaqif” (Eldar, Qacar və Vaqif), Zeynal Xəlilin “Qatır Məmməd” (Əziz), Ənvər Məmmədxanlının “Şərqin səhəri” (Mustafa), Vilyam Şekspirin “Otello” (Montano), “Antoni və Kleopatra” (Sezar), “Qış nağılı” (Florizel və Leont), Nazim Hikmətin “Türkiyədə” (Hüseyn Həlim), Mirzə Ibrahimovun “Həyat” (Abbas), Mehdi Hüseynin “Cavanşir” (Qartal və Söhrab), “Alov” (Əmin Bəxtiyarov) və başqa neçə-neçə əsərlərin tamaşalarında xarakterik səhnə surətləri yaradıb.
Cahandar ağanın məharətli ifaçısı
Həsənağa Salayevin bir aktyor kimi yetişməsində teatrın rejissorlarından xalq artistləri Adil Isgəndərovun, Mehdi Məmmədovun, Ələsgər Şərifovun, əməkdar incəsənət xadimi Tofiq Kazımovun və başqalarının böyük əməyi olmuşdur. Həsənağa Salayev dolğun, psixoloji xarakterə malik mürəkkəb obrazları müvəffəqiyyətlə yaradırdı. Onun rolları heç vaxt bir-birinə bənzəməzdi. Xüsusilə də, C.Cabbarlının, H.Cavidin, S.Vurğunun, M.Hüseynin, M.Ibrahimovun tamaşaya qoyulmuş əsərlərində Həsənağa Salayev özünəməxsus artistlik məharətini bütün varlığı ilə aça bilirdi.
Böyük türk şairi Nazim Hikmət Azərbaycanda olarkən Milli Dram Teatrında onun “Şöhrət və ya unudulan adam” əsəri göstərildi. Həsənağa Salayev də həmin tamaşada iştirak edirdi. Onun yaratdığı Doktor obrazı bütün salonu heyrətə gətirmişdi. Bu obraz haqqında Mehdi Məmmədov yazırdı: “Əgər hər hansı bir aktyor desəydi ki, mən səhnədə Hamlet obrazını yaratmışam, ona belə cavab verərdim: kaş mən də Həsənağa Salayev kimi Doktor obrazını oynamış olaydım”.
Həsənağa Salayevin yaratdığı obrazlar tamaşaçıların qəlbində uzun müddət yaşayırdı. Onun “Oqtay Eloğlu” (C.Cabbarlı) tamaşasında yaratdığı baş qəhrəman haqqında uzun illər mətbuatda müxtəlif fikirlər səsləndi. Səhnə fədaisinin yaratdığı həmin monumental obraz bu günə kimi əvəzedilməz olaraq qalmaqdadır.
Həsənağa Salayev teatrla yanaşı, kino sahəsində də çalışırdı. O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Fətəli xan”, “Görüş”, “O olmasın, bu olsun”, “Onu bağışlamaq olarmı?”, “Koroğlu”, “Istintaq davam edir” bədii və “Aygün” televiziya filmlərində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Eyvaz, Mayor Rüstəmov, Əmirxan rollarına çəkilib.
Bu gün də həmin filmlərə maraqla baxılır, Həsənağa Salayevin sirayətedici səsi, müxtəlif jestləri, tamaşaçıda xoş ovqat yaradır. “Istintaq davam edir” bədii filmində Həsənağa Salayev həm baş rolda oynayıb, həm də bu ekran əsərinin rejissoru olub.
1961-ci ildə ilk dəfə olaraq, Azərbaycanda bədii televiziya filmi çəkildi. S.Vurğunun “Aygün” poeması əsasında çəkilmiş eyni adlı filmdə Əmirxan obrazının yaradıcısı da Həsənağa Salayevdir. O, bu obrazın daxili sarsıntılarını, ziddiyyətini, çaşqınlığını olduqca təbii oynayıb. “Azərbaycanfilm” kinostudiyasının bədii şurasının uzun müddət üzvü olmuş Həsənağa Salayev xarici filmlərin Azərbaycan dilində səsləndirilməsində də iştirak etmişdir. Onun repertuarı həmişə rəngarəng idi. Istər televiziyada, istərsə də radio tamaşalarında saysız-hesabsız rollar yaratmışdır. Xüsusilə də, I.Şıxlının “Dəli Kür” romanı üzrə səhnələşdirilmiş radio tamaşasında Həsənağa Salayevin təqdim etdiyi Cahandar ağa obrazı böyük şöhrət qazandı. Həsənağa Salayevin səsindəki amiranəlik, mətinlik, qətiyyətlilik əsl bəy, xan xarakterinin açılmasında əvəzsiz rol oynadı.
Azərbaycandan uzaqlarda da tanınırdı…
Onu təkcə Azərbaycanda deyil, keçmiş SSRI-nin bütün müttəfiq respublikalarında da yaxşı tanıyırdılar. Oynadığı rollara görə hətta qastrollara getdiyi yerlərin mükafatlarını alırdı.
Həsənağa Salayev səhnədə çılğın xarakteri, sərbəst səhnə davranışı, boy-buxunu ilə seçilirdi. Gurultulu və cingiltili səsini məharətlə tənzimləyən aktyor romantik rollarla realist personajları, mürəkkəb psixoloji dönüşlü dramatik obrazları eyni məharətlə oynaya bilirdi. Həsənağa Salayev ruhən, emosiya coşqunluğu, səs diapazonu ilə romantik aktyor idi, ancaq lirik, dramatik və psixoloji rolları da məharətlə oynayıb.
Çoxcəhətli yaradıcılığı ilə müxtəlif səpkili rollar yaradaraq sənət xəzinəmizin ən parlaq incisinə çevrilmiş Həsənağa Salayevin fəaliyyəti bütövlükdə bir örnəkdir. Təəssüf ki, onun teatr səhnəsində yaratdığı saysız-hesabsız obrazlar lentə alınmayıb. Amma bədii filmlərdəki maraqlı obrazları bu istedadlı sənət fədaisinin aktyorluq məharətindən xəbər verir.
Həsənağa Salayev teatrın inkişafındakı xidmətlərinə görə bir sıra mükafatlara layiq görülüb. O, aktyorluq sənətində qazandığı qələbələrə görə 10 iyun 1959-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1974-cü ildə isə xalq artisti fəxri adları ilə təltif edilib. Həsənağa Salayev məzunu olduğu Azərbaycan Dövlət Incəsənət Institutunda “Səhnə danışığı” fənnindən dərs deyirdi. Öz zəngin təcrübəsini gələcək aktyorlara öyrətməkdən xüsusi zövq alırdı.
Yaradıcılığının ən müdrik çağında – 54 yaşında Həsənağa Salayev qəfildən iflic xəstəliyinə düçar olub. Bir daha səhnəyə çıxmayan aktyor 2 oktyabr 1981-ci ildə dünyasını dəyişib.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir