Kollekvium olsun, olmasın…
Ötən günlərdə Iqtisad Universitetində tələbələr kollekvium adlanan yoxlama formasına kütləvi şəkildə etiraz etdilər. Kollekvium ayda bir dəfə hər ayın sonu tələbələrin biliyini qiymətləndirmək üçün aparılan təxminən yarım imtahan kimi bir şeydir. Öncələr kollekvium hər tədris fənnindən testlə həyata keçirilirdi. Universitet rəhbərliyi isə hər fəndən beş sual olmaqla yazılı, bütün fənlər üzrə eyni gündə üç saat ərzində kollekvium olmasına qərar vermişdi. Tələbələr isə bunun fiziki cəhətdən mümkün olmadığını, yazılı formada otuz suala üç saat ərzində cavab verməyin mümkünsüzlüyünü əsas götürərək bu qayda ilə razılaşmadıqlarını bildirdilər. Tələbələrin etirazında vurğulanırdı ki, fənlərdən ayrı-ayrı günlərdə kollekvium keçirilsin. Azərbaycan universitetlərində oxşar xeyli məsələlər var ki, tələbələrin narazılığına səbəb olur. Bir çox tələbələr deyir ki, bu kimi standartların tətbiqi tələbələrdən rüşvət almağı asanlaşdırmaq üçün ortaya atılıb.
Ayrı-ayrı tələbə və müəllimlərə müraciət edərək kollekviumun nə məqsədlə ortaya atıldığını, tələbələrin etirazı ilə nəyə nail olduqlarını və hazırda universitetlərdə oxşar problemlərin nələrdən ibarət olduğunu, hansı çətinliklər yaratdığını araşdırdıq.ÿ
Suallarımız belədir:
– Kollekivum hansı məqsədlə ortaya atılmışdı? Burda rüşvətin daha asan yolla universitet rəhbərliyi tərəfindən yığılması məqsəd ola bilərmi? Hazırda universitetlərdə oxşar hansı probelmlər var və bunlar varsa, tələbələr üçün hansı çətinlikləri yaradır? Həmçinin hazırkı tədris formaları keyfiyyətli təhsil almağa imkan verirmi?
Iqtisad Universitetinin üçüncü kurs tələbəsi: “Əvvəlki qaydada müəllim özü hər ayın sonu tələbələrdən kollekvium götürürdü, bu, şifahi də ola bilərdi, yazılı da. Yəni müəllimdən asılı olaraq. Tələbə əgər kollekviumda sıfır alsa, belə tələbə ay ərzində dərs danışıb bal alıbsa, həmin bal kollekvium balı kimi yazıla bilərdi.
Boloniya sistemində tələbə imtahana qədər dərs prosesində maksimum 50 bal toplaya bilər. 10 bal sərbəst iş yazıb ala bilər. 10 bal davamiyyətə görə ala bilər, yəni tələbənin heç bir qayıbı yoxdursa, ona avtomatik 10 bal verilir. Hər 3 qayıba görə 1 bal çıxılır. Yerdə qalan 30 balı isə müəllim verir.
Bu 30 balın verilmə qaydası isə belədir: semestr 3 ay götürülür, müəllim 3 ay ərzində tələbədən ən azı 3 dəfə dərs soruşmalıdır. Yəni tələbə heç olmasa ayda bir dəfə müəllimə cavab verib bal almalıdır. Biz kollekviumlara etiraz etmirdik. Bu olmalıdır. Dediyim kimi, sadəcə müəllim hər ayın sonu ay ərzində keçirilən mövzulardan şifahi və yazılı formada tələbəyə suallar verib ona bal yazmalıydı. Bir ay ərzində maksimum 10 bal. Əgər tələbə kollekviuma hazır deyildisə və ay ərzində dərs danışıbsa, müəllim ona bal yaza bilərdi. Yeni sistemdə belə idi ki, hər ayın sonu tələbələr əsas korpusda keçdikləri bütün fənlərdən bir gündə, məsələn, biz 8 fənn keçirik, 8 fənnin hərəsindən 5 sual olmaqla, ümumilikdə 40 suala yazılı cavab verməliydik, buna da 4 saat vaxt verilirdi. Bu isə fiziki cəhətdən mümkünsüz idi. Əslində bu “yeniliklerin” müəllifi yeni prorektor idi. Bu adam tipik alverçidir. Əvvəllər reyestr xidmətinin rəisi olub. Rüşvətə görə onu oradan qovublar. O bilirdi ki, tələbələrin çoxu bu kollekviumlardan keçə bilməyəcəklər, rüşvət üçün isə münbit şərait yaranırdı. Amma tələbələrin kollekviumları boykot etməsi və müəllimlərin tələbələri dəstəkləməsi ona gətirdi ki, əvvəlcə dəyişiklik edib bunu asanlaşdırdılar. Bu gün isə yeni sistemin, ümumiyyətlə, ləğv olunduğu elan olundu. Yəni tələbələrin etirazları nəticəsini verdi. Əvvəlki sistemə qayıdıldı”.
Ramil Zeynallı: “Mən də Boloniya sistemində oxumuşam. Hər semestr 8 imtahan verirdik. Cəmi bir nəfər özü oxuya bilirdi. Yəni rüşvətsiz, imtahan yazılı olurdu. Əslində isə Boloniya sistemində imtahan test üsulu ilə həyata keçirilməlidir. Bir də ki, Azərbaycanda olan Boloniya sistemi deyil. Onların özlərinin qondarma sistemidir. Çünki Boloniya sistemində dərs qrafiki sərbəst olmalıdır. Yəni nə zaman istəsən, iştirak edə bilərsən dərslərdə. Amma bizdə dərsdə iştirak məcburi olurdu”.
Iqtisad universiteti tələbəsi Daşqın Quluzadə: “Məncə, bu kollekviumlar müəllimlə tələbə arasındakı qiymət məsələlərini azaltmaq məqsədilə idi. Boloniya prosesində də bu qaydalar var, lakin kollekviumlar yazılı deyil. Test şəklindədir. Bir gün ərzində yeddi fəndən imtahan vermək fiziki cəhətdən çətindir. Qiymət almağa gəldikdə, oxuyan tələbə istənilən universitetdə qiymət alıb oxuya bilər”.
Tacəddin Lətifli