İsrail mətbuatından şok məlumat

İran Gürcüstan vətəndaşlarını «verbovka» edir…

Sülhəddin Əkbər: “Belə addımlar əməliyyatların daha ciddi aparılmasını təmin edə bilər”

İsrail xüsusi xidmət orqanları Azərbaycanda terror aktları hazırlanması cəhdləri ilə bağlı maraqlı məlumatlar yayıb.
Belə ki, Israilin xüsusi xidmət orqanlarına və hökumət çevrələrinə yaxınlığı ilə seçilən “IzRus” portalı Gürcüstanın bu ölkədəki səfirindən müsahibə alarkən diqqət çəkən bir məqama toxunulub. Iran xüsusi xidmət orqanlarının və “Hizbullah” təşkilatının bu yaxınlarda Tiflisdəki Israil diplomatlarına qarşı terror cəhdindən söhbət gedərkən Azərbaycan MTN-nə istinadən iranlıların Gürcüstan vətəndaşlarını israillilərə qarşı terror hazırlamaq üçün “verbovka” etdiyi bildirilib. Bəs Iranın Azərbaycan ərazisində terror aktları həyata keçirmək üçün qonşu ölkə vətəndaşlarından istifadə etməsi nə dərəcədə real görsənir?

Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər Iranın Azərbaycanda imkanlarının kifayət qədər geniş olduğunu vurğuladı. Lakin bununla belə Gürcüstan vətəndaşlarının Azərbaycan ərazisində terror aktları həyata keçirmək üçün “verbovka” etməsini nəzəri cəhətdən mümkün saydı. Bu, Azərbaycanın MTN-in nəzəratindən kənar zonalarda əməliyyatlar həyata keçirmək üçün edilə bilər: “Buna üçüncü ölkə üzərindən kəşfiyyat-təxribat işi deyirlər. Terror fəaliyyətini qurmaq daha çox səy tələb edir. Belə addımlar əməliyyatların daha ciddi aparılmasını təmin edə bilər”.
Ekspertin sözlərinə görə, bu baxımdan xüsusi xidmət orqanları belə metodlara əl atır və bəzən daha uzaq ölkələrin vətəndaşlarından istifadə edirlər. Həmçinin Iran ABŞ-da terror həyata keçirmək üçün Meksika vətəndaşlarından istifadə etməyə cəhd göstərmişdi.

Fizzə