İran geri çəkildi

Tehran nüvə danışıqlarının Istanbulda keçirilməsinə razılıq verdi; iranlı rəsmilər isə Ərdoğanın üzərinə getdi

Iranın nüvə proqramı ətrafında yaranmış gərginliyin aradan qaldırılması məqsədilə müzakirələrin hansı məkanda keçirilməsi məsələsilə bağlı davam edən qeyri-müəyyənlik həllini tapıb. Iranın “Press TV” kanalı Tehran-“P5+1” (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) danışıqlarının Istanbulda baş tutmasına razılıq verdiyini açıqlayıb. Bundan sonra hər hansı problem yaranmasa, tərəflər aprelin 13 və 14-də Istanbulda görüşəcək.
Bununla yanaşı, bəzi Iran rəsmiləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ittihamlarına cavab veriblər. Iran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Ismayıl Kəvsəri Ərdoğanın Iranın dürüst olmamasına dair söylədiklərinə sərt reaksiya verib: “Təəssüf ki, Türkiyə rəsmiləri kifayət qədər dürüst deyil. Çünki öz sözlərini demirlər. Ankara bir növ dünya imperializminin vasitəçisinə çevrilib. Ərdoğan və Türkiyədəki digər qərar verən insanlar özləri qərar verə bilmirlər və onlara diktə edilənləri təkrarlayırlar”.
Həmin komissiyasnın digər üzvü Hüseyn Ibrahimi isə Ərdoğanın ifadələrinə belə qarşılıq verib: “Əslində, Ərdoğan dürüst deyil. O, mütəmadi olaraq raketdən müdafiə sisteminin Iran üçün təhlükə olmadığını bildirir. Bu da onun dürüst olmadığını göstərir, çünki bu sistem məhz Irana qarşı qurulub”.
Xatırladaq ki, Türkiyənin baş naziri Iranı qeyri-səmimilikdə günahlandırmışdı. Səbəb isə rəsmi Tehranın dünya ictimaiyyətilə Istanbulda danışıqlar aparmaq istəməməsi idi. Ərdoğan bildirib ki, Iran danışıqların keçirilməsi üçün məkan kimi, Dəməşq və ya Bağdadı göstərməklə vaxtı uzadır. Onun fikrincə, Iran tərəfi Qərb nümayəndələrinin bu şəhərlərə getməyəcəyini yaxşı bilir.
Bu arada, ABŞ-ın dünyaca məşhur “The New-York Times” qəzeti yazıb ki, Vaşinqton və onun müttəfiqləri Tehranla mübahisəli nüvə proqramına dair danışıqların tərkib hissəsi kimi, Irandan Qumdakı nüvə obyektinin dərhal bağlanması və onun tədricən sıradan çıxarılmasını tələb etməyi planlaşdırır.