Polis mitinqə gedən ADP-çilərə təzyiq edib

Demokrat Partiyasının mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, İctimai Palatanin 8 aprel mitinqinin təyin olunduğu yerə yürüş edən ADP-çi gənclər polis əməkdaşlarının zorakılığı ilə üzləşiblər: “Səbail Rayon Polis İdarəsinin zabiti Kamal Vəlişovun tapşırığı ilə ADP-çi gənclərə şüar səsləndirməyə imkan verməmək göstərişi verilib. Bu zaman ADP-çilərlə polis arasında qarşıdurma yaranıb. ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyevi həbs etməyə cəhd olunub, qurumun üzvləri Cavid Əsgərov, İlham Baxışov və başqaları polis zorakılığı ilə üzləşiblər. Polis və mülki geyimli şəxslər mitinqdən sonra da Cəmil Hacıyev, Cavid Əsgərov və  İlham Baxışovu təqib edib.

Mitinq öncəsi isə polis əməkdaşları ADP Gənclət Təşkilatının üzvləri İlham Baxışov, Gülsurə Məmmədova  və Şəhla  Hacıyevanı aksiyaya çağırış vərəqələrini payladıqlarına görə saxlamış, təzyiqlərə məruz qoymuşdular”.

İctimai Palatanın mitinqi Bakının Səbail rayonunda, 20-ci yaşayış sahəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirilib. Aksiyada demokratik islahatların aparılması, siyasi məhbusların azad edilməsi, sərbəst toplaşmaq azadlığının təmin olunması və başqa tələblər irəli sürülüb.