«10 minlər 100 minlərə çevriləndən sonra onlar Azərbaycandan çıxıb gedəcəklər»
Ictimai Palatanın 20-ci sahədəki Sürücülük Məktəbinin meydançasında keçirdiyi mitinqi Yeni Azərbaycan Partiyasının funksionerləri, partiyanın icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov da izləyiblər.
Siyavuş Novruzov APA-ya verdiyi açıqlamada aksiyada çox az sayda vətəndaşın iştirak etdiyini deyib: “Mən özüm hazırda aksiya keçirilən ərazinin yaxınlığındayam. Burada o qədər az sayda adam var ki, gərək bu aksiyanın təşkilatçıları bu tədbir başlayan kimi istefa verib gedəydilər. Bir hörmətli adamın yas mərasimində bundan üç dəfə artıq adam olur. Onların bu yığıncağına uzaq başı piket demək olar. Gərək onlar özləri də burada mitinq yox, piket keçirdiklərini deyəydilər”.
Siyavuş Novruzovun sözlərinə Ictimai Palata Koordinasiya Şurasının üzvü Pənah Hüseyn cavab verib. O “Deyerler.org”a açıqlamasında bildirib: “Bütün yas məclislərinə hörmətimiz var. Amma baxır hansı yas məclisidir. Bizə məlumat verdilər ki, meydanda insanlar çoxalandan sonra dilxor şəkildə maşını sürüb çıxıb gediblər. Onlar bir tində dayanıblarmış, bunu jurnalistlər çəkib. Biz 10 minə yaxın adam nəzərdə tutmuşduq, elə bu civarda da insan toplandı. Razılıqların əksinə olaraq, ora gedən bütün marşrutları saat 15.00-dan xətdən çıxartdılar, bəzi yerlərdə insanları yerə tökdülər, rayonlarda mitinqə gələnlərin qarşısının alınması kimi halları nəzərə alsaq, ən azı mitinqə gələnlər qədər də mitinqə qatıla bilməyib. Bu bizim nəzərdə tutduğumuzdan da çox idi. Siyavuş Novruzovun nə deyib-deməməsi bizi maraqlandırmır. Necə ki, onlar insanların çoxaldığını görüb burdan qaçdılar, eləcə də bu 10 minlər 100 minlərə çevriləndən sonra Azərbaycandan da çıxıb gedəcəklər”.