ABŞ prezidenti Türkiyə ilə münasibətlərə zərbə vuracaq addım atmayacaq
ABŞ prezidenti Barak Obama 1915-ci il hadisələrinin ildönümüylə bağlı aprelin 24-də yayımlayacağı açıqlamada “soyqırım” ifadəsini işlətməyəcək. Obama prezident seçildiyi gündən bəri 1915-ci il hadisələrilə bağlı açıqlamalarının heç birində “soyqırım” sözünü işlətməyib.
Türkiyə mətbuatının həm türk, həm də amerikalı rəsmilərə istinadən yazdığına görə, indiki zamanda Obamanın ABŞ-la Türkiyə arasındakı yaxın münasibətlərə ciddi zərər vuracaq addım atması mümkün deyil.
“Prezident Obamanın o sözü işlətməyəcəyini 99.9 faiz söyləyə bilərəm”, – deyə amerikalı rəsmi Türkiyə mediasına açıqlamsında bildirib.
Iddialara görə, Obama çox böyük ehtimalla 1915-ci il hadisələrini “faciəvi olaylar” adlandıracaq və Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına ABŞ-ın verdiyi əhəmiyyəti xüsusi vurğulayacaq.
Əlavə edək ki, hadisələrin ildönümü münasibətilə aprelin 24-də ABŞ Senatında səhər duası etməsi üçün erməni baş yepiskop Ocaqan Çoloyan dəvət olunub. Çoloyan iki il əvvəl də aprelin 24-də Nümayəndələr Palatasını səhər duası ilə açmışdı.