Müxalifət Bakıda möhtəşəm mitinq keçirdi (FOTO/VİDEO)

Hakimiyyətin yaratdığı qanunsuz maneələr izdihamın qarşısını ala bilmədi

Növbəti mitinq aprelin 22-nə təyin olundu

2005-ci ildən sonra çoxminli mitinqlərə qoyulan tabu nəhayət, dünən sındırıldı. Şəhərin kənarında və əlverişsiz yerdə razılaşdırılan mitinqin baş tutmaması üçün hakimiyyət dünən və srağagün əlindən gələni etdi. Mitinqə çağırış vərəqələri paylayan fəalları həbs etdilər, bəzilərini heç bir səbəb olmadan polisdə saxladılar, rayonlardan, şəhərin müxtəlif yerlərindən “20-ci sahə”yə gələn marşrutları dayandırdılar və ya intensivliyini azaltdılar, amma yenə də istədiklərinə nail olmadılar…

Mitinqdə 5 min adamın iştirakı gözlənilirdi, amma…

Mitinq gözləniləndən də izdihamlı alındı. Qeyd edək ki, Ictimai Palata mitinqə yer ayrılması məqsədilə Bakı şəhər Icra Hakimiyyətinə müraciət edəndə təxminən beş min nəfər iştirakçı üçün yer istəmişdi. Lakin dünən mitinqə qatılanların sayı bundan ən azı iki dəfə çox idi. Mitinqin Monitoriq Qrupunun məlumatına görə, meydandakı insanların sayı 12 min civarındaydı. Mitinq Komitəsinin üzvü Asəf Quliyevin sözlərinə görə, süni maneələr iştirakçıların sayını azı 20 faiz azaldıb.

YAP-ın başbilənləri də mitinqə gəlmişdi

Mitinq spektrinə görə çox rəngarəng idi. Mitinqdə Ictimai Palataya daxil olan partiyalarla yanaşı, Ziyalılar Forumunun təsisçiləri (Rüstəm Ibrahimbəyov, Eldar Namazov), gənclər təşkilatlarının nümayəndələri, şəhid və əsgər ailələrinin üzvləri, hicab məhbuslarının yaxınları, inanclı təbəqəni təmsil edənlər və s. vardı.
Yeri gəlmişkən, YAP-çılar da mitinqi izləyənlər arasında idi. Konkret olaraq, YAP-ın başbilənlərindən Siyavuş Novruzov, Mübariz Qurbanlı və digərləri yolun kənarında dayanmış avtomobildə əyləşərək, mitinqi izləyirdilər.

Ziyalı dəstəyi

Ziyalılar Forumunun həmtəsisçisi Eldar Namazov mitinqlə bağlı “Azadlıq”a açıqlama verdi: “Sərbəst toplaşmaq azadlığı hüququ demokratiyanın əsas prinsiplərindən biridir və Azərbaycanda bu hüquq təmin olunmalıdır. Bu gün Rüstəm bəylə mitinqə qatılmağımız sərbəst toplaşmaq azadlığına verdiyimiz mənəvi dəstəkdir”.
Eldar Namazov əlavə etdi ki, mitinqdə iştirak eyni zamanda, demokratiya, insan haqları, azad seçki uğrunda, korrupsiyaya qarşı mübarizə aparan insanlara, təşkilatlara mənəvi dəstəkdir.
Onminlərin axını olacaq!

Iştirakçıların yüksək enerjisi və illərdən bəri yığılan etiraz ruhu meydanda qəribə bir bayram ovqatı yaratmışdı. Sanki bir el şənliyi ab-havası vardı. Illərdir bir-birilə təmasları belə, kəsilən insanlar hələ aksiya başlamamışdan əvvəl siyasi mövzularda söhbətlər edir, növbəti aksiyalar barədə fikir mübadiləsi aparırdılar. Xüsusi çağırış olmasa da, mitinqə ölkənin ən müxtəlif bölgələrindən insanlar qatılmışdılar. Onlarla söhbətimizdə bildirdilər ki, aksiyalar davamlı olacağı təqdirdə əyalətlərdən Bakıya kütləvi axın başlayacaq.

Məzmun və formaca yeni şüarlar

Ictimai Palatanın “8 aprel” mitinqi əvvəlki aksiyalardan əhval-ruhiyyəsilə bərabər, həm də şüarları ilə fərqləndi. Bu dəfə təşkilatçılar şablon şüarlardan qaçmışdılar və bu çox yaxşı alınmışdı. Bu fərqlilik həm şüarların məzmununda, həm də, həm də yazılış formasında özünü göstərirdi. Onların arasında vicdan məhbuslarının, əqidəsinə görə həbs olunanların azadlığı, korrupusiyaya son qoyulması, azad və ədalətli seçkilərin keçirilməsi tələblərinin əks olunduğu plakatlarla yanaşı, “Yıxılar evlər üzərində qurulan ”Yeni Azərbaycan” kimi ironik fikirlər yazılmış plakatlar da vardı. Şüarların bəziləri müxtəlif əcnəbi dillərdə yazılmışdı.

Şüarların arasında sosial tələblər üstünlük təşkil edirdi. Evi sökülənlərin, əmanətlərinə görə ədalətli kompensasiya ala bilməyənlərin, keyfiyyətsiz təhsilin problemlərini əks etdirən fikirlər də orijinal formada, şüar formasında yazılmışdı.
Tribunada isə M.Ə.Rəsulzadənin “Insanlara hürriyyət, millətlərə istiqlal!” şüarı öz əksini tapmışdı.
Vicdan məhbusları
Mitinq iştirakçıların əllərində partiya bayraqları və milli bayraqlar vardı. Vicdan məhbuslarına isə xüsusi diqqət ayrılmışdı. Onların iri fotoları tribunanı əhatələmişdi. Yüzə qədər gənc isə əyinlərinə üstündə vicdan məhbuslarının fotoları olan köynəklər geyinmişdilər.

Razılaşdırılmış mitinq pozula bilərdi

Mitinqin saat 16.00-da başlanacağı elan edilsə də, aksiya təxminən 15-20 dəqiqə ləngidi. Bu isə səbəbsiz deyildi. Ictimai Palatanın Koordinasiya Şurasının üzvü və mitinqin aparıcısı Ibrahim Ibrahimli dərhal arayış verərək, metronun “Sahil” stansiyasından “20-ci sahə”yə gələn marşrut avtobuslarının əksəriyyətinə problem yaradıldığını, hətta bəzi avtobusların xətdən çıxarıldığını dedi. O, baş verənlərə görə hakimiyyətə ultimatum yolladı: “Icazəli mitinqin keçirilməsinə şərait yaradılmasa, bu gün buradan şəhərin mərkəzinə gedərək, aksiyanı orada keçirəcəyik”.
Ibrahim Ibrahimlinin çıxışına mitinq iştirakçıları “Azadlıq!”, “Istefa!” şüarları səsləndirərək dəstək oldular.  I.Ibrahimli hakimiyyəti icazəli mitinqə icazəsiz qadağalar qoymamağa çağırdı. O, iştirakçıların bir hissəsinin qadağalar səbəbindən mitinqə qatıla bilmədiyini əsas gətirərək, aksiyanın bir qədər gec başlayacağını vurğuladı.

Polislər

Polislər isə əraziyə səhər saatlarından yığışırdılar. Çevik Polis Alayının oradakı əməkdaşlarının sayını müəyyənləşdirə bilmədik. Onlar ətrafdakı bütün küçələrə doluşmuşdu. Amma dəbilqəli, dəyənəkli polisləri isə haradasa gizlətmişdilər. Insafən, onlar sona qədər gözə dəymədi. Mülki geyimli polislər, xüsusi xidmət orqanlarının əməkdaşları isə meydanın dərinliklərinə qədər gəlib çıxmışdılar. Onların bəziləri videoçəkiliş də aparırdı…
Mitinq keçirilən meydanın hər tərəfi dəmir hasarlarla əhatələnmişdi. Bu, giriş-çıxışda çətinlik yaradırdı.
Ilk dəfə idi ki, mitinqə gələnləri polis yoxlayaraq meydana buraxdı. Xüsusi cihazla bütün iştirakçılar yoxlanılırdı ki, onların üzərində dəmir əşya olmasın. Bu, aksiya təşkilatçıları ilə razılaşdırılmış hərəkət idi. Lakin təşkilatçılar sonra yoxlamanın peşəkar qaydada aparılmamasına etiraz etdilər. Çünki yoxlamanı aparanlar az olduğundan bu, girişdə basırıq yaradırdı.

Nəhayət, dövlət himninin səslənməsilə mitinq rəsmən açıldı. Mitinqin aparıcısı Ibrahim Ibrahimli olduqca emosional çıxışında Azərbaycan xalqının önəmli günlər yaşadığını, bütün dünyanın diqqətinin ölkəmizə yönəldiyini bildirdi. Ibrahim bəy 1980-ci illərin sonundakı Azadlıq Hərəkatı ilə Ictimai Palatanın indi gördüyü işlər arasında analogiya apardı, dedi ki, ağır basqı və repressiyaların hamısı nəticəsiz qalıb, zaman-zaman dolan-boşalan meydanlara xalq nəhayət, yenidən qayıdır.

“Ilham Əliyevin istədiyi alınmadı”

Ilk çıxışçı Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli oldu. AXCP sədri bildirdi ki, nəhayət, 7 il ayrılıqdan sonra Azərbaycanın qeyrətli, cəsarətli, bu ölkəni azad, demokratik görmək istəyən insanları yenidən meydanlara qayıtdı:
– Bu 7 ilə yaxın dövrdə biz öz istəyimizlə meydanlardan kənar düşməmişdik. Ilham Əliyev başda olmaqla, Azərbaycan hökuməti diqqətləri korrupsioner əməllərindən yayındırmaqdan ötrü Azərbaycan müxalifətini, onun prinsipial kəsimini məhv etmək, azad sözü susdurmaq siyasəti aparırdı. Azərbaycan jurnalistləri həqiqəti yazdıqlarına görə öldürülür, həbs olunurdular. Siyasətçilər həbs olunub, ofisləri əllərindən alınıb, mitinqlər qadağan olunur, fərqli fikirli insanların televiziyalara çıxışı yasaqlanıb… Bütun bunları ona görə edirdilər ki, ölkədə bir alternativsizlik şəraiti yaratsınlar, ölkədəki sülalə hakimiyyətinin korrupsiyasından açıq danışmağa cəsarət edənlər olmasın, hər kəs bunların qarşısında əyilsin, özlərinin cib müxalifətini yaratsınlar. Ancaq buradan, sizin qarşınızda bəyan edirəm: alınmadı, Ilham Əliyev, alınmadı bu siyasət! Ona görə alınmadı ki, Sizlər, bizim millətimiz haqqı deyənlərə dayaq oldunuz. Bizim millətimiz haqqı nahaqdan seçə biləndir. Bizim millətimizin gözü tərəzidir. Bizim millətimizi 7-8 telekanal aldada bilmədi. Onun üçün mübarizə aparan insanları millətimiz dəyərləndirdi.

“Bu rejim çətinliklə çörək qazanan insanın son tikəsini əlindən alır”

Əli Kərimli onu da bildirdi ki, azadlığa, ədalətə söykənən, güclü xalqı olan siyasi qüvvə məğlubedilməzdir:
– Bu ölkəyə, bu millətə azadlıq yaraşır. Hökumət gəncliyi prinsipial müxalifətdən ayırmaq istədi, amma onun bu siyasəti alınmadı. Istəyirdilər ki, Azərbaycan gəncliyi özünü, taleyini, gələcəyini düşünməsin. Azərbaycanın gəncliyi bu gün bütün dünyanın tapındığı Cumhuriyyətçiliyi, Rəsulzadə-Elçibəy yolunu seçdi. Azərbaycan gəncliyinə eşq olsun!
Əhali zülğ-zillət içində yaşadığı halda, hökumətin xalqın sərvətilə azğınlıq, fironluq etdiyini deyən AXCP sədri onu da diqqətə çatdırdı ki, Əliyevlər rejimi xalqa qıymadığı sərvətlərlə dünyanın əksər ölkələrində xeyriyyəçilik edir:

– Baxın, bunlar Parisdə, Romada, Berlində muzey təmirinə, pul tapırlar. Yeraltı keçidlərə mərmər döşəməyə pul tapırlar, amma öz vətəndaşlarına qıymırlar. Xarici ölkələrdə məktəb tikirlər, bizim məktəblərimizsə balalarımızın başına uçulur. Bunlar Lukaşenkonu qorumağa pul tapırlar, ancaq əmanətçinin əmanətinə xəyanət edirlər. Insanları evlərindən köçürürlər, elə bu ərazidə (20-ci sahə) nə qədər insanı evindən didərgin salıblar. Çox çətinliklə çörək qazanan insanların son tikələrini əlindən alırlar. Ona görə də mən sizdən soruşuram: Siz bu korrupsionerlərə, evyıxanlara, əmanətə xəyanət edənlərə nə deyirsiniz?
Mitinq iştirakçıları dərhal “Istefa!” şüarını səsləndirdilər.
Ardınca da Əli Kərimli əlavə etdi:
– Bəli, Əliyevlər rejimi getməlidir!

“Bu yeni bir xalq hərəkatının yeni dalğasıdır”

Əli Kərimli hakimiyyətin Qarabağla bağlı apardığı siyasətə də toxundu:
– Biz hamımız yaxşı bilirik ki, Azərbaycanın minlərlə oğulları könüllü şəkildə savaşa getmişdi. Hər gün hər qarış torpaq uğrunda savaş gedirdi. Ancaq nə oldu? Bugünkü bu sülalə hakimiyyətinin banisi Heydər Əliyev dedi ki, bir gün pencəyimi çiynimə atıb gedib Qarabağı azad edəcəm. Onun on illik Qarabağ siyasətinə oğlu 2003-cü ildə qiymət verib dedi ki, 10 ildə Qarabağ üçün göstərilən fəaliyyət sıfır olub. Ilham Əliyevin də 8 illik fəaliyyəti sıfırdır. Azərbaycan hökuməti Qarabağı geri qaytarmaq üçün heç bir addım atmır, ancaq torpaqların müdafiəsi üçün minlərlə qeyrətli Azərbaycan övladı şəhid olur. O şəhid ruhları narahatdır, bizdən Qarabağın azad olunmasını gözləyir. Qarabağın azad olunması üçünsə Azərbaycanın azad olmasını istəyirlər. Allahverdi Bağırovun, Ənvər Əliyevin, Şirin Mirzəyevin, Mübariz Ibrahimovun və çoxsaylı digər qəhrəmanlarımızın, atəşkəs dövründə yarıtmaz siyasətin qurbanı olmuş minlərlə əsgərin ruhu bizdən tələb edir ki, Qarabağı qaytarmaq üçün Azərbaycanı qaytaraq!

Bu gün dünyada çox böyük qlobal demokratikləşmə prosesi gedir. Gözümüzün qarşısında xalqlar tiranlardan xilas olur. Azərbaycan xalqı bu qlobal prosesdən kənarda qala bilməz. Azərbaycan xalqı azadlığa layiqdir. Bizim babalarımız bütün şərq, müsəlman dünyasında ilk cumhuriyyəti qurmuş insanlardır. Ötən il Qahirədəki Təhrir meydanına bir milyon insan yığışana qədər dünyada bu göstəriciyə biz sahib idik. 1990-cı ildə bir milyon azərbaycanlı meydanlara çıxmışdı. Biz dünyada “ilin xalqı” olmuş insanlarıq, millətik. Bir əsrdə iki dəfə demokratiya qurmuş millətik. Bir əsrdə beş dəfə inqilab etmiş millətik. Ona görə də mən inanıram ki, Azərbaycan xalqının hazırkı çətin vəziyyəti müvəqqətidir.  Azərbaycan xalqı toparlanıb – bunu bugünkü meydan da göstərir. Ölkənin bütün ictimai-siyasi qüvvələri, ziyalıları, gəncləri bu prosesə təkan verir. Bu proses sadəcə bir mitinq deyil, bu proses yeni bir xalq hərəkatının yeni bir dalğasıdır. Bu millət gerçəkdən də uca millətdir. Eşq olsun, uca millətimizə!

Bütöv Azərbaycanın azadlığı uğrunda…

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Qələndər Muxtarlı da dünənki mitinqi ölkədə mühüm dəyişikliklərin başlanğıcı adlandırdı:
– Bu gün Azərbaycan xalqının tarixində çox mühüm dəyişikliyin başlanğıcıdır. Uzun fasilədən sonra minlərin toplandığı və minlərin mübarizə əzminə çevrilən bu meydanda Azərbaycan xalqı demokratiya, azadlıq, ədalət uğrunda mübarizənin başlanğıcını elan edəcək. Bu dövlətə müstəqilliyi biz gətirmişik, ədaləti və demokratiyanı da biz gətirəcəyik. Biz bu cür şərtlər altında yaşamağı qəbul etməyəcəyik, mübarizəmizi davam etdirəcəyik. Bu mübarizə bütöv Azərbaycanın azadlığı uğrunda mübarizəyə çevriləcək.

Bir milyon iş yerinin açıldığı ölkədə qul bazarları olarmı?

AXCP sədrinin müavini Gözəl Bayramlı isə çıxışında vurğuladı ki, bu hakimiyyət bircə dəfə də xalqın problemləri barədə düşünmür:
– Hakimiyyət xalqı yoxsulluq içində yaşamağa məcbur edib. Minlərlə vətəndaş çörəkpuluya görə ölkəni tərk etmək məcburiyyətində qalıb. Bir milyon iş yerinin açıldığı ölkədə qul bazarları olarmı? Uğurlu iqtisadi inkişaf olan ölkədə hökumət vətəndaşın evini başına uçurub onu küçədə qoyarmı? Inkişaf olan ölkənin müəllimi şagirddən, tələbədən asılı vəziyyətə salınarmı? Bu, onu göstərir ki, hakimiyyət yalnız bir ailənin və ətrafının daha da varlanması, azğınlaşması üçün çalışır! Ötən 19 ildə Azərbaycan hakimiyyəti Azərbaycan xalqının heç bir problemini həll etməyib. Ədalətsizliyi, rüşvətxorluğu, oğurluğu özünə əsas prinsip seçən bu hakimiyyət bir dəfə də olsun, xalqın problemini düşünməyib.
Bu aksiya yeni bir meydan hərəkatının başlanğıcı deməkdir. Bu hərəkat tezliklə Əliyevlərin avtoritar sülaləsini tarixin arxivinə göndərəcək. Bu hərəkat hakimiyyəti Azərbaycan xalqına qaytarmaq hərəkatı olacaq. Bu hərəkat xalqımıza, onun sərvətinə və mənəvi dəyərlərinə sahib çıxmaq hərəkatı olacaq. Azadlıq uzun bir yoldur. Onu gedən bütün xalqlar məşəqqətin, zülmün, ədalətsizliyin nə olduğunu gözəl bilirlər. Qorxmadan mübarizə aparmaq, yolumuza dayanmadan davam etmək lazımdır. Biz mübarizəmizə davam edəcəyik və qalib gələcəyik!

Tamahkar Ilham Əliyevə istefa!

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, KXCP təmsilçisi Ədalət Yusifli çıxışında əsasən öz partiyadaşlarına və Mirmahmud Mirəlioğluya çağırış etdi. O, əqidədaşlarını və sədrini Elçibəy-Rəsulzadə adı çəkilən yerdə olmağa (meydanı nəzərdə tutaraq) və Ictimai Palatanın apardığı mübarizədə daha sıx iştiraka səslədi.
Koorsinasiya Şurasının başqa bir üzvü Pənah Hüseyn çıxışı zamanı meydana toplaşan insanların çoxluğuna diqqəti çəkdi:
– Demişdik ki, bu gün bu meydana on mindən artıq adam toplaşıb. Biz tez bir zamanda yüz min olacağıq, bunu görəcəklər! Bir neçə gün əvvəl YAP-ın rəhbərliyindən Siyavuş Novruzov adlı birisi deyibmiş ki, guya, mitinqə cəmi 700 nəfər gələcək. Mənə dedilər ki, Siyavuş Novruzov qara şüşəli maşında gizlənib, bura baxırmış. Artıq meydandakıların çoxluğunuzu görüb qaçıb. Siz yüz min olandan sonra onlar Azərbaycandan qaçacaq! Eşq olsun Sizə!
Burada ən çox səslənən şüar “Istefa!”dır. Kimə istefa? Saxta yolla seçilmiş Milli Məclisə, Azərbaycan dilində normal danışa bilməyən Azərbaycan hökumətinə istefa! Tamahkar Ilham Əliyevə istefa! Amma istefadan daha şirin, aktual, daha vacib bir şüar da var – Azadlıq! Azərbaycanın azadlığı uğrunda can qoymuş, hazırda məhbəsdə olan Arif Hacılıya azadlıq! Vicdan məhbuslarına azadlıq! Biz öz azadlığımıza mütləq nail olacağıq. Hakimiyyəti istefaya göndərib, azadlıq alacağıq! Eşq olsun Azərbaycan xalqına!

Azərbaycanda oğrularla doğrular arasında mübarizə gedir

Müsavat başqanının müavini Arzu Səmədbəyli isə nitqində aksiya iştirakçılarının daha çox səsləndirdiyi “Azadlıq!” və “Istefa!” şüarlarına diqqət yetirdi:
– Biz azadlıq istəyirik! Bütün vicdan məhbuslarının azadlığını istəyirik! Oğru hakimiyyətə “Istefa!” deyirik!  Bu gün Azərbaycanda oğrularla doğrular arasında mübarizə gedir. Xalqı çörəklə imtahana çəkən, kasıba bir qəpik qıymayan, öz övladlarına villalar alan harınlarla mübarizə gedir. Azərbaycanda bu gün zehniyyət mübarizəsi gedir. Bu mübarizə bu günün, dünənin mübarizəsi deyil. Bir əsrlik dövrü əhatə edən mübarizədir. Bir tərəfdə milləti, onun azadlığı üçün mücadilə aparan zehniyyətdir. Digər tərəfdə isə “xalq”, “millət”, “dövlət” deyəndə özünü, balasını düşünən zehniyyətdir. Bu mübarizə, tutduğumuz bu yol, basqılar bizi yolumuzdan döndərə bilməz. Biz qalib gələcəyik. Başımızın üstündə dalğalanan üç rəngli bayraq Rəsulzadə və Elçibəy ideyalarının qalibiyyət rəmzidir. Biz qalib gələcəyik!

Danışır gənclik!

“NIDA” Vətəndaş Hərəkatının Idarə Heyətinin üzvü Üzeyir Məmmədli çıxışında ölkədəki anormal idarəetmə nəticəsində həmyaşıdlarının üzləşdiyi problemləri diqqətə çatdırdı. O bildirdi ki, ölkədə məhkəmə hakimiyyətinin müstəqil  olmaması, azad mətbuatın sıxışdırılması, korrupsiya gənclərə həyatın bütün sahələrində problemlər yaradır. Bu cür naqis sistemə görə gənclər normal təhsil ala, iş yeri tapa bilmir, orduda gənc əsgərlər ən müxtəlif səbəbdən tələf olur.
Gənclərin artıq ölkədə baş verənlərə binagə qalmadığını söyləyən Ü.Məmmədli dedi ki, onlar vaxtaşırı hüququ pozulan insanlara baş çəkir, evi sökülənlərə, əsgər ailələrinə dəstək olurlar.
Gənc fəal çıxışını birlik notları ilə tamamladı. O dedi ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs indi köklü dəyişiklik üçün birgə fəaliyyətdə olmalıdır.
“Bugünkü mitinq göstərdi ki, demokratiyanın qarşısını heç kim kəsə bilməz. Biz Azərbaycanın gəncliyi olaraq mübarizənin önündə olduğumuzu bəyan edirik!” – bunu isə VHP Siyasi Şurasının üzvü Samir Əsədli çıxışında bildirdi. O qeyd etdi ki, 1918-ci ildə Şərqdə ilk demokratik Respublikanı quran Azərbaycan xalqı 1991-ci ildə ən qəddar rejimlərdən olan sovet imperiyasını deviribsə, indi də Azərbaycana demokratiyanı gətirə biləcək: “Bu gün əzilən və avtoritar rejimin təzyiqlərinə ən çox məruz qalan gənclərdir. Hakimiyyət bizim gənc kimi yaşamaq hüququmuzu əlimizdən alıb. Bu gün bizim həmyaşıdlarımız Bəxtiyar, Tural, Əhəd, Elnur, Ülvi qondarma ittihamlarla həbsdədir. Biz onlara azadlıq tələb edirik. Bildiririk ki, öz vətəndaşını uçuruma aparan, insan hüquqlarını kütləvi şəkildə pozan, seçkiləri saxtalaşdıran bir hakimiyyət məhvə məhkumdur”.

Əliyev rejiminə qarşı mübarizə

Sonda Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, Müsavat partiyasının başqanı Isa Qəmbər çıxış etdi. Müsavat başqanı bildirdi ki, Azərbaycan xalqı hər zaman azadlıq uğrunda mübarizə aparıb:
– 20-ci əsrdə böyük Məhəmməd Əmin Rəsulzadə azadlıq eşqini, istəyini, əzmini çox mükəmməl idealogiya, cərəyan halında hazırlayıb xalqa təqdim edib. Rəsulzadə bayrağı, gerbi, himni bu xalqa təqdim edib. 20-ci əsrin sonunda isə Əbülfəz Elçibəy Rəsulzadə bayrağını yüksəldərək, bu yolu davam etdirdi. Rəsulzadəyə, Elçibəyə və bu yolu gedənlərə eşq olsun! Bu yolda hər zaman böyük maneələr olub. Azərbaycan hər zaman müxtəlif qüvvələrin marağında olub. Hər zaman bu torpağa, bu sərvətə sahib çıxmaq istəyiblər. Ona görə də daxildən xəyanətkarlar tapıb bu xalqın başına gətiriblər. Sonuncu dəfə 1969-cu ildə olmuşdu və 1993-cü il iyun qiyamından sonra da davam etdi. Söhbət Əliyev rejimindən gedir. Azərbaycan xalqı Əliyev rejiminə qarşı mübarizə aparır və bu mübarizə bu gün də davam edir. Bu mübarizədə tam qələbəyə nail ola bilməmişik. Bugünlərdə bir avropalı ilə Azərbaycan gəncinin söhbətinə şahid oldum. Avropalı deyir ki, bu gün bütün dünya gözləyir ki, Azərbaycanda nə zaman ciddi dəyişiklik olacaq, Azərbaycan xalqı nə zaman ayağa qalxıb öz haqqını tələb edəcək, taleyinə sahib çıxıb dəyişiklik edəcək, Əliyevlər rejimini tarixin arxivinə yollayacaq, Azərbaycan xalqı isə hərəkət eləmir. Azərbaycanlı gənc ona cavab verdi ki, xalq öz taleyi uğrunda hər zaman mübarizə aparanda, Əliyevlərin hakimyyəti vaxtında parlament və prezident seçkilərində qalib gələndə Avropa, Qərb harada idi? Avropalı başını aşağı salmalı oldu. Avropalı cavabında dedi ki, o vaxt biz səhv etmişik. Indi isə biz dəstək verməyə hazırıq, ancaq siz hərəkət etmirsiniz. Burada bir məntiq var.

Bu hakimiyyət korrupsiya, dərəbəylik üzərində qurulub

Ilham Əliyev hakimiyyətə gələndə biz onunla bağlı proqnoz vermişdik. Demişdik ki, Ilham Əliyev çox çətinliklərlə üzləşəcək. Bu, Ilham Əliyevin bacaracağı iş deyil. Düzdür, onun bəxti gətirdi ki, hakimiyyətinin ilk illərində neftin bahalaşması prosesi başladı, Elçibəyin vaxtında başlanmış Bakı-Ceyhan neft kəməri onun hakimiyyəti dövründə tamamlandı, Azərbaycana neft pulları gəlməyə başladı. Bunun hesabına Ilham Əliyev hakimiyyətini möhkəmləndirə bildi. Biz deyirdik ki, Ilham Əliyev xalqa verdiyi vədləri yerinə yetirə bilməyəcək. O vaxt proqnoz vermişdik ki, zaman gələcək, xalqla hakimiyyət arasında çox dərin bir uçurum olacaq. Bu gün biz həmin uçurumun şahidiyik. Biz demişdik ki, Ilham Əliyev dünya qarşısında üzərinə ciddi öhdəliklər götürüb və bir-birinə zidd olan bu öhdəlikləri yerinə yetirə bilməyəcək. Indi həmin zaman gəlib çatıb. Bu hakimiyyət korrupsiya, dərəbəylik üzərində qurulmuş hakimiyyətdir. Biz demişdik ki, bu hakimiyyətin daxilində elə bir ziddiyyətlər formalaşacaq ki, zaman gələcək, Ilham Əliyev idarə edə bilməyəcək. Bu dövr gəlib çatıb. Hakimiyyətdaxili qruplaşmalar bir-birilə mübarizə aparırlar. Qətllər törədirlər, imtiyaz, mülkiyyət uğrunda bir-birinə amansız qarşı mövqe sərgiləyirlər. Bütün bunlar göstərir ki, ölkədə dəyişikliyin zamanı gəlib çatıb. Biz “Azadlıq!”, “Istefa!” şüarlarını təkrarlamaqla yanaşı, yaxın zamanlarda nə edəcəyimizi də dəqiqləşdirməliyik, konkret hədəflərimizi müəyyənləşdirməliyik.

Növbəti mitinq 22 apreldə olacaq!

Müsavat başqanı 8 apreldə şəhərin ucqar bir yerində kütləvi tədbir keçirilməsinə belə aydınlıq gətirdi:
– Biz bu sürücülük məktəbində mitinq keçirməyə ona görə razılaşdıq ki, ölkədəki vəziyyətdən, Əliyev rejimindən narazı olan yüzminlərlə insanın özünü ifadə etməsi üçün qapı açılsın. Qapı bu dəfə açıldı. Biz deyirdik ki, mitinqdə 5 min adam iştirak edəcək, ancaq 10 mindən artıq adamın iştirakı göz qabağındadır. Dünyada başlanan dəyişiklik dalğasının, azadlıq dalğasının, demokratiyanın Azərbaycanda da olacağına əminik. Eyni zamanda, bəzi ərəb ölkələrindən fərqli olaraq, biz istəyirik ki, burada dəyişikliklər dinc yolla baş versin. Heç kimin burnu qanamasın. Əgər burada başqa bir hadisə olacaqsa, buna görə Əliyev rejimi məsuliyyət daşıyacaq. Bizim yeganə çıxış yolumuz ondan ibarətdir ki, bütün qüvvələr bir araya gəlsin, birlikdə hərəkət etsinlər, gündən-günə sıralarımız genişlənsin, kütləvi tədbirlərimiz daha da kütləviləşsin. Növbəti mitinqimiz aprelin 22-də olacaq.
Bu gün həbsdə olan vicdan məhbuslarımız gənclərdir. Arif Hacılı, Vidadi Isgəndərli də daxilən enerjili, gənc insanlardır. Biz onlara azadlıq tələb edirik!
Bu yol Rəsulzadə, Elçibəy, demokratiya, əxlaq, ləyaqət yoludur!
Isa Qəmbər Ictimai Palatada təmsil olunmayan partiyaların da mitinqdə iştirakından məlumatlı olduğunu qeyd etdi:
– Bəzi partiyalar bu prosesə qatılacaqlarını bildiriblər. Biz bu bəyanatların, addımların daha səmimi, daha ciddi olmasını gözləyirik. Bu rejimə qarşı mübarizə apardığını deyən hər bir qüvvə bütün tərəddüdlərə son qoymalıdır. Bu rejimə qarşı güc olan, yeganə alternativ olan Ictimai Palata ilə birgə addımlamağa razı olmalıdır.
Bu yol Rəsulzadə, Elçibəy, demokratiya, əxlaq, ləyaqət yoludur! Bu yolda sizə uğurlar və qələbələr arzulayıram!

***

Sonda gənc fəal Nərgiz Yaqublu mitinqin qətnaməsini oxudu. Qətnamədə vicdan məhbuslarının dərhal azad edilməsi, sərbəst toplaşmaq azadlığının təmin olunması, mülkiyyət hüquqlarına qəsdin dayandırılması və bəzi başqa sosial tələblər əksini tapıb.
Mitinq dövlət himninin oxunması ilə başa çatdı.

Natiq Güləhmədoğlu
Ramin Deko