Mais Məmmədov Bəxtiyar Sadıqova qəzəblənib

«Azərbaycan»ın baş redaktoru isə onun fikirlərini şərh etmək istəmir

ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova cavab verib.
Xatırladaq ki, Bəxtiyar Sadıqov telekanallarda yayımlanan bəzi verilişləri, o cümlədən ANS-dəki “Toy olsun” verilişini tənqid etmişdi. Mais Məmmədov isə lent.az-a bildirib ki, “Toy olsun” ən reytinqli verilişlərdəndir: “Bu veriliş ən baxımlı proqramdır. Camaat baxır, deməli, sevir. Bəxtiyar Sadıqov o verilişi bəyənmirsə, kanalı dəyişsin. Sadıqov elə bir qəzet çıxartsın ki, əhali onu ləzzətlə oxusun. Qəzet surətlə satılıb qurtarsın”.
Bəxtiyar Sadıqov isə “Azadlıq”a bildirib ki, o Mais Məmmədovun fikirlərini şərh etmək istəmir: “Yaşlı adamdır. Uzun müddət telekanalda işləyib. Çap mətbuatı haqqında o qədər də bilgisi yoxdur. Ona görə də mən onun fikirlərini şərh etmək istəmirəm. Belə hesab edir, qoy etsin”.