Liderlər mitinqdən razı qaldı

Əli Kərimli: «Azərbaycanda böyük dəyişikliklərin əsası qoyuldu»

İsa Qəmbər: “Xalq ciddi prosesin iştirakçısına çevrilməyə hazırdır”

Dünən Ictimai Palatanın təşkilatçılığı Səbail rayonu, 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin həyətindəki meydançada etiraz aksiyası baş tutdu. On mindən artıq insanın iştirak etdiyi mitinq son zamanlar vətəndaşların pozulan hüquqlarının müdafiəsi ilə bağlı idi. Aksiyanın yekunları ilə bağlı AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı Isa Qəmbərin münasibətini öyrəndik.

Dünənki aksiyanın yeddi illik məcburi fasilədən sonra müxalifətin keçirdiyi ilk böyük mitinq olduğunu deyən AXCP sədri Əli Kərimli aksiyanı uğurlu başlanğıc kimi qiymətləndirir. Ə.Kərimlinin fikrincə, bundan sonra da ölkənin bütün müxalifət və demokratik qüvvələri təmərküzləşməkdə davam etməlidir: “Bizim mitinqlərimiz bundan sonra da ardıcıl davam edəcək. Mitinqlərimizdə iştirakçıların bundan sonra daha da artacağını proqnozlaşdırıram. Hesab edirəm ki, müxalifətə qarşı son zamanlar həyata keçirilmiş repressiyalar, məqsədyönlü müxalifəti məhv etməyə yönəlik siyasətin iflasa uğradığı açıq şəkildə göründü. Azərbaycan xalqı kütləvi şəkildə müxalifətin, Ictimai Palatanın çağrışına səs verdi. Şəhərdən çox kənar, uyğun yer olsa da 20-ci sahəyə bu qədər çoxlu sayda insan gəlmişdi. Insanlar çox çoşqulu idilər. Bu da onu göstərir ki, bugünki mitinqdə iştirak edən insanların hər biri gələcək aksiyaların təşkilatçısı olacaq”.
Dünən Azərbaycanda böyük dəyişikliklərin əsasının qoyulduğunu deyən Ə.Kərimli vurğuladı ki, bu prosesin artan xətlə gedəcəyinə, kütləviliyin daha da artacağına və ölkəyə ciddi dəyişikliklər gətirəcəyinə inanır.

Müsavat başqanı Isa Qəmbərin də fikrincə aksiyanın yekunları gələcəyə ümidlə baxmağa əsas verir. Uzun illərdir ki, müxalifətin, cəmiyyətin kütləvi tədbir keçirməsinə icazə verilmədiyini deyən I.Qəmbər bildirdi ki, 2005-ci il parlament seçkilərindən sonrakı və 2007-ci ilin əvvələrində Müsavatın keçirdiyi bir neçə aksiya nəzərə alınmasa, son illər razılaşdırılmış aksiyanın keçirildiyini söyləmək olmaz. I.Qəmbər də dünənki aksiyanın keçirildiyi məkanın uğursuz yer olmasına diqqəti çəkdi: “Aksiyanın keçirildiyi məkana gedən yolun narahat olması, polisin törətdiyi qanunsuzluqlar, insanların toplaşmasına imkan verməməsi minlərlə aksiya iştirakçısının mitinqə gəlməsinə maneçilik törətdi. Amma bütün bunlara baxmayaraq aksiyaya on minlərlə insanın qatılması və mitinqin yüksək çoşqu ilə keçməsi onu göstərir ki, cəmiyyətdə narazılıq həddindən artıq böyükdür və xalq ciddi prosesin iştirakçısına çevrilməyə hazırdır”.

Xəyal