“Etibar Pirverdiyev külli miqdarda pul yeyib”

Çingiz Qənizadə: «Bu məsələni araşdırmaq üçün axıra qədər gedəcəm»

Deputat Çingiz Qənizadə Baş Prokurorluğa “Azərenerji” QSC-nin prezidenti Etibar Pirverdiyevlə bağlı müraciət edəcəyini bildirib.
O, “Azərenerji”nin “Azenko” ilə müqavilələrinin müddətinin uzaldıldığını və əlavə vəsaitin ayrıldığını qeyd edib: “Biz həkimləri 300 manata görə cinayət məsuliyyətinə cəlb edirik. Bəs ”Azərenerji” ilə bağlı niyə cinayət işi açılmır? Mən Baş Prokurorluğa “Azərenerji” prezidenti Etibar Pirverdiyevlə bağlı müraciət edəcəm. Heydər müəllim, Hesablama Palatasının sədri kimi sizə də müraciət edirəm. Sizi də bu məsələlər barədə cinayət işinin açılmasına səy göstərməyə çağırıram. Etibar Pirverdiyev “Azenko” ilə müqavilələrlə milyonlarla manat vəsaiti mənimsəyir”.
Dünən Ç.Qənizadəyə müraciət edib prokurorluğa nə zaman müraciət edəcəyini və E.Pirverdiyevlə bağlı əlində tutarlı faktların olub-olmadığını öyrənməyə çalışdıq. Ç.Qənizadə bildirdi ki, bu barədə jurnalistlərə yaxın vaxtlarda ətraflı məlumat verəcək. Hələliksə onu deyir ki, bu məsələ ilə bağlı axıra qədər gedəcək: “Mən bu fikirləri söyləmişəmsə, axıra qədər gedəcəm. Hesab edirəm ki, burada söhbət, külli miqdarda pulun taleyindən və korrupsiyadan gedir. Bu məsələ ciddi araşdırılmalıdır”.