Tahir Süleymanov: «Rəsmi icazə yoxdur, sadəcə tanış mətbəə var, orada çap etdiririk»
PKK-ya rəğbəti ilə seçilən “Diplomat” qəzeti yenidən Azərbaycanda nəşr olunmağa başlayıb. Bu barədə “Azadlıq”a daxil olan məlumatlara görə, qəzetin ölkədə çapına qoyulan qadağa aradan qaldırılıb.
Qeyd edək ki, bir müddət əvvəl “Diplomat” qəzetinə çapına qeyri-rəsmi qadağa qoyulmuşdu. Qəzetin baş redaktoru Tahir Süleyman “Azadlıq”a açıqlamasında bildirmişdi ki, Prezident Administrasiyasından ölkədəki mətbəələrə qəzeti çap etməmək göstərişi verilib.
Tahir Süleyman əlavə etmişdi ki, qadağanı aradan qaldırmaq üçün PA-ya müraciət edib. Doğrudanmı baş redaktorun müraciəti müsbət nəticə verib və qəzetin çapına qadağa aradan qaldırılıb? Bu sualla Tahir Süleymana müraciət etdik. Baş redaktoru qəzetin Azərbaycanda nəşrini bərpa etdiyini təsdiqlədi. “Qəzet Azərbaycanda çap olunur. Lakin bu çapa rəsmi icazə verilməsi anlamına gəlməməlidir. Qadağa davam edir. Sadəcə tanış mətbəə var orada çap edirik. Mən yenə də Prezident Administrasiyasına müraciət hazırlayıram ki, qəzeti Azərbaycan Nəşriyyatında çapına qoyulan qadağa qaldırılsın. Müraciətimə cavab verilməsə mətbuat konfransı keçirəcəm”.