Ukraynada Əliyevlər əleyhinə aksiya

«Biz «Eurovision»a qarşı deyilik, diktaturaya qarşıyıq»

Aksiyaya Ukrayna millət vəkilləri və jurnalistlər qatıldı

Dünən Ukraynada Avropanın rəsmi coğrafi mərkəzində ucaldılmış “Avropanın mərkəzi” adlandırılan yerdə Azərbaycandakı diktatura rejiminə etiraz əlaməti olaraq siyasi aksiya keçirilib. Aksiya iştirakçıları “Biz ”Eurovision”a qarşı deyilik, diktaturaya qarşıyıq”, “Eurovision” diktaturanı legitimləşdirirmi?”, “Azərbaycan qeyri-demokratik ölkədir”, “Azərbaycanda insan haqları kobud şəkildə pozulur”, “Azərbaycan xalqının səsini özünə qaytarın!”, “Saxta parlament Azərbaycan xalqının səsi deyil!” şüarlarını səsləndiriblər. Aksiya xarici və yerli vətəndaşların marağına səbəb olub. Bundan əlavə, etiraz vərəqələri də yoldan ötənlərə paylanılıb.
Aksiyada iştirak edən Ictimai Palatanın üzvü Yeganə Əmiraslanova nitq söyləyib: “Biz bütün dünya xalqlarına ehtiram göstərən, demokratik dünya üçün mübarizə aparan bir xalqın nümayəndəsiyik. Bura Avropanın mərkəzidir. Biz Avropa dəyərlərinə layiq olduğumuzu sübut etmək üçün burdayıq. Biz Azərbaycanda məhbəsdə olan vicdan məhbuslarının səsini dünyaya çatdırmaq üçün buraya gəlmişik. Biz diktatura rejimində yaşayan övladlarımızın gələcəyindən rahatsız olduğumuzdan buradayıq”.

GUAM ölkələri jurnalistlərinin araşdırma mərkəzinin direktoru Elxan Nuriyev siyasi məhbuslar olan ölkədə “Eurovision” yarışmasının keçirilməsinə nə qədər haqqı çatdığını aksiya iştirakçılarından sordu: “Siyasi məhbusları olan, söz və mətbuat azadlığı boğulan, elementar insan haqları pozulan bir ölkədə “Eurovision” musiqi yarışmasına Azərbaycanın ev sahibliyi etməsinə nə qədər haqqı çatır. Azadlıq tale və qismət məsələsi deyil, real mübarizənin uğurlu nəticəsidir”.
Dörd çağırış Ukrayna yerli sovetinin deputatı Meroslav Yakovin müraciətində Ukrayna xalqının demokratiya uğrunda mübarizədə Azərbaycan xalqının yanında olduğunu vurğuladı.
Azərbaycandakı ictimai-siyasi hadisələri yaxından izləyən tanınmış telejurnalist, Beynəlxalq Azad Jurnalistlər Birliyinin həmsədri, məşhur bloger Ruslan Kotsaba “Eurovision” mahnı müsabiqəsinin diktaturanı legitimləşdirmədiyini xüsusiylə qeyd etdi. O, Azərbaycanın demokratik qüvvələrinə hər cür informasiya dəstəyi verməyə hazır olduğunu dedi və Ictimai Palatanın işinə uğurlar arzuladı.
Ukraynada keçirilən aksiya Ictimai Palatanın aprelin 8-də keçirəcəyi Ümumrespublika mitinqinə dəstək xarakteri daşıyır.

Ramin DEKO