«Cəriməni qaldırmasınlar, avtoxuliqanlarla mübarizə aparsınlar»
Sürücüləri maarifləndirmək lazımdır, yollar abadlaşmalıdır, əks halda qaydalar pozulacaq
Milli Məclis “Yol hərəkəti haqqında” qanuna dəyişiklik etdi. Belə ki, Yol hərəkəti qaydalarının pozuntularına görə cərimələr bir neçə dəfə artıb. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarəetmə 15 manatdan 40 manata, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma (10-30km/saat həddində) – 15-20 manatdan 20 manata, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma (30-60 km/saat həddində) – 20-40 manatdan 100 manata, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma (60 km/saat həddindən artıq) – 40-60 manatdan 150 manata, motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə edən, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşımaq 15-20 manatdan 20 manata, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə 15-20 manatdan 30 manata, nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə – 60 manatdan 100 manata, bu qayda pozuntusunun il ərzində təkrar törədilməsinə görə – 80-100 manatdan 200 manata, nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərərçəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkən şəxsə maddi zərər vurulmasına görə 140-180 manatdan 400 manata, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 150-200 manatdan 250 manata qaldırılıb.
“Bizi təhrik edirlər ki, qaydanı pozaq”
Görəsən, qanuna dəyişiklik edilməsi sürücülərin məsuliyyətini artıracaqmı? Bundan sonra sürücülər cərimələrə görə ehtiyatlı olacaqmı? Ümumiyyətlə, qanunun dəyişdirilməsi nəyə xidmət edir? Sürücülərin qanuna dəyişiklikdən xəbəri varmı?
Bu sualları aydınlaşdırmaq üçün bir neçə sürücü ilə söhbət etdik.
Üç ildir taksi fəaliyyəti ilə məşğul olan Vüqar Abdullayevin qanuna dəyişiklikdən xəbəri olsa da buna münasibəti mənfidir: “Bizim dolanışığımız çox pisdir. Buna görə cərimələrin qaldırılması düzgün deyil. Qaydanı pozanlar cərimə olunmalıdır, ancaq bu dərəcədə yox. Cəriməni qaldırmaqla qanuna riayət etdirmək istəyirlər. Ancaq inanmıram ki, buna görə kimsə kəmər bağlasın”.
Vüqar Abdullayev sürücülərin kəmər bağlamasına qadağa qoyulmasının əleyhinədir. Fikrini belə əsaslandırır: “Biz sürücülər hər an təhlükə ilə üzləşə bilərik. Müştərini tanımaq olmur. Bəlkə biri arxadan boğmaq istəyir. Bu zaman müqavimət göstərmək çətindir. Yaxşı olardı ki, kəmər bağlamaq məsələsində sürücülərə güzəşt edilsin”.
45 ilin sürücüsü olan Hamlet Süleymanov deyir ki, qanuna bu cür dəyişiklik onlar üçün ağırdır: “Cərimələri qaldırmaqla iş getmir. Başqa bir tədbir görülməlidir. Sürücüləri maarifləndirmək, xuliqanlarla mübarizə aparmaq gərəkdir. Mənim aylıq qazancım 150 manatdır. Bir dəfə təsadüfən qaydanı pozaramsa, belə bir cəriməni ödəmək imkanında olmayacam. Biz nə qədər yol qaydalarına riayət etsək də, bəzən məcbur olub xırda pozuntulara qol qoyuruq. Ya yolu qazırlar, ya tıxac olur, manevr edəndə qaydanı pozursan. Bizi təhrik edirlər ki, qaydanı pozaq. Yol da yol deyil, abadlaşdırma işi getməlidir. Yəni belə şeylərə diqqət yetirmək lazımdır. Mənim kimi təcrübəli sürücülərə bu məbləğdə cərimələr tətbiq etməkdənsə, maşın sürə bilməyənlərlə mübarizə aparsınlar”.
Cərimələri artırmaq yox, rüşvəti aradan qaldırmaq lazımdır!
Güldar Muxtarovun qanuna dəyişikliklərdən xəbəri yoxdur. Düşünür ki, cərimələrin artırılması çıxış yolu deyil: “ Cərimələrin qaldırılması heç bir köməklik etməyəcək. Qaydalara riayət edən bundan əvvəl də edirdi, yenə də qayda-qanunu gözləyəcək. Mən kəməri də taxıram, qoyulan sürət həddindən o yana keçmirəm. Ola bilər ki, kimsə bilməyərəkdən kiçik qanun pozuntusuna yol verir. Onu yüksək həddə cərimə edəndə çətin olur”.
Fərid Rəcəbov 6 ildir taksi fəaliyyəti ilə məşğuldur. Onun sözlərinə görə, cərimələrin qaldırılması heç nəyə xidmət etmir: “Qaydanı pozan bundan sonra da pozacaq, əməl edən yenə edəcək”.
Samir Hüseynovun sözlərinə görə, cərimələrin qaldırılması bir qrup məmurun maraqlarına xidmət edir: “Bu, özlərinə sərf edir. Yazıq sürücülər qaydanı pozdu, pozmadı polislər istədiyini edəcək”.
Ekspertlər hesab edirlər ki, yol hərəkəti qaydalarının pozulmaması üçün cərimələrin məbləğini artırmaq düzgün deyil. Onların fikrincə, yolların bərbad olması bəzən sürücüləri yol hərəkəti qaydalarını pozmağa məcbur edir.
Pozuntuların qarşısını almaq üçün cərimələri artırmaq yox, rüşvəti aradan qaldırmaq lazımdır. Rüşvət, korrupsiya var, problemin həlli bir o qədər çətindir. Ona görə də yalnız cərimələri qaldırmaqla problemi həll etmək mümkün deyil”.
Ramin DEKO