Quba nokautunun Boks Federasiyasına nə dəxli?

Quba üsyanından təxminən bir aydan çox vaxt keçməsinə baxmayaraq, iqtidar hələ də özünə gəlməyib. Xalqın qələbəsini heç cür həzm etmək istəməyən rejim, ictimaiyyəti aldatmaq naminə hətta ən ciddi fiqurlarından biri ilə vidalaşmağa hazır olduğunu açıq-aşkar büruzə verir. Doğrudanmı bu qədər təhlükəlidir xalqın qələbəsini etiraf etmək?
Bəli, təəssüflər olsun ki, avtoritar rejimin mahiyyəti elə inkar üzərində qurulub, sistem yalnız inqilablar yolu ilə çokür. Yaşadığımız və az-çox tarixinə bələd olduğumüz Sovet imperiyasını götürək – saysız-hesabsız qurbanlar və günah keçisi ovu… Stalindən başlayaraq Qorbaçova qədər hər yeni gələn özündən əvvəlkinin portretini yığışdırdı, halbuki sistem eyni, idarəetmə eyni, metodlar eyni idi.
Artan narazılıqlar zamanı isə repressiya maşını işə düşür, yaxud da öz içlərindən qurban verirlər.
Son günlər Quba üsyanı ilə bağlı həbslər daha intensiv xarakter alıb. Maraqlı, eyni zamanda tragikomik bir vəziyyət yaranıb. Əvvəlcədən deyim ki, bütün üsullar Sovet dönəminin 70-80 illərinin DTK istintaqını xatırladır. Ortada o boyda rüşvətxor, xalqa təhqir yağdıran, milyonlarla ölçülən var-dövlət sahibi R.Həbibov London şəhərində(!) istirahət edir, əvəzində bu çıxışı yayanlar həbs olunur. Yəni rüşvət, korrupsiya, xalqı təhqir etmək “dövlət sirridir”, onu tirajlamaq isə – “qanun”la(?) qadağandır. Yəni icra başçısı toxunulmazdır, nə istəsə edə bilər, rəiyyət dözməlidir.
Kəmaləddin Heydərovun “suçu” nə?
Hazırda həbslərlə paralel olaraq, Quba üsyanının siyasi tarixi “yenidən yazılır”. Fikir vermisinizsə, Kəmaləddin Heydərova yaxınlığı ilə “tanınan” (açıq danışaq – maliyyələşdirdiyi) qəzetlər Rauf Həbibovu hədəfə alıb, rejimin hüquq-mühafizə orqanları isə Rauf Həbibovun villasını yandıranları və o məşhur videotəhqiri yayanları bir-bir “aşkarlayaraq” qazamata salır. Yəni faktiki olaraq mərkəzi hakimiyyət Rauf Həbibovdan mələk düzəltməyə çalışmasa da, ona qarşı yapılanları cəzasız buraxmayacağını bəyan edir. Sual olunur, Kəmaləddin Heydərov nə vaxtdan Ilham Əliyev hakimiyyətinə müxalif olub? Cavab birmənalıdır – heç vaxt. Bir rayonu ələ keçirmək üçün fövqəlnazir, orada bu boyda xalq üsyanının arxasından çıxarsa, rejim onu bağışlayarmı? Əlbəttə, yox – azacıq şübhələndiyi Fərhad Əliyev və Əli Insanov bir vaxtlar rejimə ondan da yaxın idilər. Azacıq inamsızlıq, şübhə bu iki nazirin faciəsinə səbəb oldu.
Hazırda Quba həqiqətlərinin ört-basdır edilməsi üçün hakimiyyət Ziya Məmmədov-Kəmaləddin Heydərov qarşıdurmasını qabardır. Yəni yumşaq dillə desək, tarixi isti-isti saxtalaşdırmağa qərar verib.
“Kəmaləddin Heydərov, yaxud da Ziya Məmmədov bir rayona görə 20 ilə yaxın bir dövrdə sahib olduqları fantastik sərvəti və ən əsası azadlıqları ilə risk edəcək dərəcədə sadəlövhdürlərmi? Əlbəttə, yox.
Ikisi də dünyanın ən varlı nazirlərindən sayılır, 20 il əvvəlki kimliklərini xatırlayıb, hər gün şükr edən insanlardır, bunlar üçün “bir rayon kəm, bir rayon artıq” dövrü çoxdan bitib.
Bu, hakimiyyət ideoloqlarının çox uğursuz “proyektidir”, – yəni bizə sübut etməyə çalışırlar ki, Qubada baş verənlər Kəmaləddin Heydərov-Ziya Məmmədov qarşıdurmasıdır. Xalqı da onlar “öyrədib”, yəni xalq edilən zülmə, məmur özbaşınalığına, təhqirə özbaşına qalxa bilməz.
Dövriyyəyə buraxılan yazılar da, “analitik yazılar”, “ehtimallar” yalnız ictimaiyyəti aldatmağa yönəlib. Hətta bu günlərdə, nüfuzlu bir nəşr də bu avantüraya qoşulumaqla haqqında deyilənləri bir növ təsdiqlədi…
Bu, çox bəsit gedişdir, yalnız o zaman inandırıcı görünə bilər ki, hakimiyyət Kəmaləddin Heydərovdan imtina etsin. Başqa variant, çox gülməli görünür…