Əli Kərimlinin müsahibəsi«Şpigel»də

Almaniyanın ən ünlü nəşri AXCP sədrinin geniş və mesajlarla zəngin müsahibəsini yaydı

“Biz qələbə qazana bilərik”

Almaniyanın dünyaca məşhur “Şpigel” jurnalı AXCP sədri Əli Kərimli ilə geniş müsahibə dərc edib. Müsahibənin əvvəlində redaksiya Əli Kərimlini alman oxucuya tanıtdırmaq üçün onun tərcümeyi-halı, keçdiyi mübarizə yolu haqda məlumat verir, 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində onun müxalifətdən namizəd olacağını ehtimal edir. Daha sonra jurnalist aşağıdakıları qeyd edir:

Müxalifət lideri Əli Kərimli: “Biz köklü dəyişiklik istəyimizi dünyaya göstərməyə çalışacağıq”

Azərbaycanda müxalifətçilər təhlükə altında yaşayır. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli daim nəzarət altında saxlanılır, ona pasport verilmir. Bütün bunlara baxmayaraq, o, məxməri inqilab üzərində işləyir. Əli Kərimli Azərbaycan Xalq Cəbhəsinin sədridir. O, 18 ildir ki, ölkədə demokratiya və geniş islahatlar uğrunda mübarizə aparır. Sovet Ittifaqının dağılmasından sonra ilk seçilmiş prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə dövlət katibi postunu tutub. Bu gün Kərimli Bakıda ümumvətəndaşlıq pasportu və partiyasının qərargahı əlindən alınmış vəziyyətdədir. O, çox ciddi şəkildə təqib olunur. Bütün bunlara baxmayaraq, o, rejimin sona çatacağına əmindir.

“Azərbaycanda siyasi fəaliyyətlə məşğul olmaq riskli iş hesab olunur”

SPIEGEL ONLINE: Azərbaycan atasından hakimiyyəti təhvil almış Ilham Əliyevin avtoritar və korrupsioner sistemindən əziyyət çəkir. Bakıda siyasi baharın yaşanacağına ümidləriniz varmı?

ƏLI KƏRIMLI: Əliyev hakimiyyəti dəyişikliklərin qarşısını almaq üçün vətəndaşların, xüsusilə gənclərin siyasi səhnədən uzaqlaşması üçün hər şeyi edir. Çoxlu sayda məhdudiyyətlər tətbiq olunur. Siz fikirlərinizi azad söyləyə, müstəqil mediaya öz məlumatlarınızı açıqlaya bilməzsiniz. Siyasi fəaliyyətlə məşğul olmaq riskli iş hesab olunur. Gənclərə təbliğ edirlər ki, onlar üçün yeganə inkişaf yolu şou-biznes və idman karyerası qazanmaqdır. Lakin zaman bizim lehimizə işləyir. Ölkə ciddi dəyişikliklərə yaxınlaşır.

Internet hakimiyyətin informasiya monopoliyasını yardı

– Rejimi tənqid edən, aksiyalara qatılan, etirazlarını bildirən gənclər ya həbs olunurlar, ya da polisin zorakılıqlarıyla üzləşirlər…
– Bəli, elədir. Amma gənclər artıq qorxmurlar. Internet və sosial şəbəkələr isə hakimiyyətin informasiya monopoliyasını yardı. Gənc və təhsilli fəallar ölkədə baş verənləri diqqətlə izləyir. Demokratiya uğrunda mübarizəyə qatılır, küçələrə çıxırlar. Siyasi blogerlərin sayı hər gün artır. Onların arasında müxalifət təşkilatlarının üzvləri, müstəqil fəaliyyət göstərən gənclər də var. Onlar demokratiya naminə mübarizədə fəallıq göstərirlər.

Ərəb inqilabları Azərbaycan xalqını ruhlandırıb

– Ərəb ölkələrində yaşanan inqilabların Azərbaycanda baş verməsi mümkündürmü?
– Biz Misir və ya Suriya deyilik. Ona görə də Azərbaycanda dəyişikliklər olacaq, amma ərəb ölkələrindəki inqilablara bənzər olmayacaq. Doğrudur, ərəb inqilabları bizim xalqı da ruhlandırıb. Insanlar mübarizə ilə avtoritar rejimlərə qalib gəlməyin mümkün olduğunu gördülər. Ərəb xalqları ilə müqayisədə bizim xalqın demokratiya təcrübəsi və ənənələri daha zəngindir. 1918-ci ildən bolşeviklərin 1920-ci ildəki işğalına qədərki dövrdə Azərbaycan demokratik və Qərb dəyərlərini mənimsəyən dövlət olub. Biz 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Sovet Ittifaqına qarşı azadlıq və demokratiya mübarizəsi aparmışıq. 1992-93-cü illərdə isə 2-ci dəfə ölkəmizdə demokratiya bərqərar etmişik. Demək istəyirəm ki, biz bu dəfə də daha sivil, dinc yolla rejim dəyişikliyinə çalışırıq. Bir də nəzərə almaq lazımdır ki, siyasi partiya inqilab təşkil etmir. Inqilabı xalq edir.

Aprelin 8-dən Azərbaycanda yeni etiraz dalğası başlanır

– Zorakılıq olmadan dinc hakimiyyət dəyişikliyi mümkündürmü?
– Hesab edirəm ki, hakimiyyət öz xalqına qarşı güc tətbiq etməyin nəticələri barədə ağıllı düşünməlidir. Əliyev eyni anda həm Şərqli tiran, həm də müasir avropalı ola bilməyəcəyini başa düşməlidir. Azərbaycan uzun müddətdir ki, Avropa Şurasının üzvüdür. Avropa cəmiyyətinə inteqrasiya edir. Buna görə də siyasi mübarizədə güc faktoru unudulmalıdır. Biz ölkəmizi dəyişmək və bunun sivil yollarla baş tutmasını istəyirik, bunu mümkün hesab edirik.

– Azərbaycan müxalifətinin durumu nə yerdədir? Hansı şəraitdə işləyirsiniz?
– Bizə qarşı bütün istiqamətlərdən təzyiqlər göstərilir. Hakimiyyət qurumları mənim pasportumu vermir. Mən ölkədən kənara çıxa bilmirəm. Bir neçə il öncə hökumətin təhlükəsizlik qüvvələri Xalq Cəbhəsi partiyasının ofisinə hücuma keçdi. Bizi qərargahımızın yerləşdiyi binadan çıxardılar. Indiyə qədər bizim qərargahımız yoxdur. Bizə qərargah üçün yer vermək istəyənlər dərhal təzyiqlərlə üzləşir. Televiziyalara çıxmaq imkanımız yoxdur. Mitinq və konfranslar keçirmək, sərbəst toplaşmaq imkanlarımız məhdudlaşdırılıb.

– Belə durum dəyişikliyə olan inamı azaltmırmı?
– Xeyr, əksinə. Biz ideyalarımıza sadiq olduğumuza görə tərəfdarlarımızın artdığını görürük. Hər gün yeni-yeni insanlar başa düşür ki, belə davam edə bilməz. Mübariz insanlar, ziyalılar, gənclər demokratiya uğrunda mübarizəyə qoşulur. Bu qədər ciddi təzyiqlərə baxmayaraq, biz seçkilərdə qalib gələ, kütləvi aksiyalar təşkil edə bilərik. Aprelin 8-dən etibarən yeni etiraz dalğası başlanacaq. Mərkəzi meydanlar bizə qadağan olunduğundan, kompromisə gedərək şəhərin mərkəzindən xeyli aralıda aksiya keçirməyə razılıq verdik. Biz dünyaya dəyişikliklər istədiyimizi göstərməliyik.

Əliyevlərin dövründə minimum 1000 nəfər siyasi baxışlarına görə həbs olunub

– Siz müxalif qüvvələrin koordinasiyası, birləşməsi üçün xeyli əmək sərf edirsiniz…
– Biz Xalq Cəbhəsi, Müsavat partiyası və digər 8 müxalifət partiyalarının fəalları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ziyalılar, gənclər təşkilatlarının üzvlərinin birləşdiyi vətəndaş hərəkatı olan Ictimai Palatanı yaratmışıq. Bütün demokratiya tərəfdarları ilə əməkdaşlığa hazırıq. Təkcə Xalq Cəbhəsi partiyasının ölkənin hər yerində on minlərlə üzvü var. Biz onların iştirakıyla kütləvi aksiyalar keçirə bilərik.

– Repressiyalar təhlükəsi ola-ola?..
– Bəli. Əliyev klanının hakimiyyəti illərində minimum 1000 nəfər siyasi baxışlarına görə həbs olunub. Hazırda da 14 vicdan məhbusumuz, çoxlu sayda siyasi məhbusumuz var. Təkcə bizim partiyanın 8 üzvü hazırda həbsdədir. Müxalifətçilərin nəinki özləri, qohumları da hədəfdədir. Bir neçə gün əvvəl “Texnikabank”da çalışan qaynım Elnur Seyidov saxlanıldı, barəsində 3 aylıq həbs qərarı çıxarıldı. Heç bir əsas olmadan, sadəcə, mənim qohumum olduğu üçün həbs edilib…

Azərbaycan korrupsiya bataqlığında…

– Bütün bunların baş verdiyi ölkədə keçirilən “Eurovision” yarışmasını, Sizcə, Almaniya boykot etməli idi?
– Qətiyyən. Nə qədər çox insan Azərbaycana gəlsə və burada baş verənləri öz gözlərilə görsə, daha yaxşı olar.

– Dəfələrlə Azərbaycanda keçirilən seçkilərdə kütləvi pozuntuların və saxtakarlıq hallarının olduğu aşkarlanıb. Bu şərtlər daxilində 2013-cü il prezident seçkilərində öz namizədliyinizi irəli sürəcəksinizmi?
– Bunu nəzərdən keçirəcəyik.

– Korrupsiya və ailə hakimiyyətilə bağlı mövqeyinizi bilmək istərdik…
– Bu, nəhəng bir sistemdir. Bizdə gömrük və vergi sistemi 100 faiz korrupsiyaya uğrayıb, eyni zamanda, səhiyyə, təhsil və digər sahələrdə də korrupsiya, rüşvət halları geniş yayılıb. Iqtisadiyyatımızın liberal olmasıyla bağlı deyilənlər yalandır. Bizdə azad rəqabət imkanı yoxdur. Oliqarxlar və Əliyev ailəsi nəhəng sistemi əlində saxlayır. Buna görə də köklü dəyişikliklər qaçılmazdır.

– Konkret olaraq nələri təklif edirsiniz?
– Mühüm postları tutanlar layiqli və inamlı kadrlarla əvəz olunmalıdır. Iqtisadiyyatın monopoliyası aradan qaldırılmalıdır. Müstəqil məhkəmə sistemi və azad mətbuatın yaranmasına nail olmalıyıq. Azad və ədalətli seçkilər keçirilməlidir. Siyasətçilərin xalqla, ictimai rəylə hesablaşmalı olduğu sistem formalaşmalıdır. Anti-korrupsiya proqramı çoxşaxəli olmalı, əsasən də dövlət satınalmalarında, büdcə vəsaitlərinin xərclənməsində şəffaflıq təmin olunmalıdır.

Əliyev beynəlxalq öhdəliklərinə çox etinasızdır

– Prezident Əliyev Israilin hərbi təyyarələri üçün Azərbaycan bazalarını açıq elan edib. Iranın nüvə obyektlərinə zərbələr endirilməsi gündəmə gəlib. Əliyevin Iranda yaşayan 15 milyon azərbaycanlının təhlükədə olduğunu nəzərə alacağına inanırsınızmı?
– Qeyd edim ki, Azərbaycanın rəsmi qurumları bu xəbəri təkzib etdi. Xalqımız regionda baş verən geopolitik prosesləri yaxından izləyir. Biz yalnız Iranla qonşuluğumuza, çoxillik tarixi-mədəni əlaqələrimizə görə narahatlıq keçirmirik, həm də bu ölkədə yaşayan soydaşlarımıza görə narahatıq. Bu ölkə əhalisinin xeyli hissəsi bizim soydaşlarımızdır. Buna görə də bizim vətəndaşlarımız problemin müharibə yoluyla deyil, diplomatik səylərlə həllini istəyir. Hesab edirəm ki, biz bu kofliktdən kənarda dayanmalıyıq.

– Əliyevi strateji oyunçu kimi etibarlı hesab etmək olarmı?
– Azərbaycan Iran, Rusiya və Avropa arasında yerləşir. Əliyev hakimiyyətinin ilk illərində Azərbaycanda marağı olan  bir çox ölkələrə əməkdaşlıq sözü vermişdi. Amma Əliyev beynəlxalq öhdəliklərinə çox etinasızdır. Verdiyi bir çox sözləri tutmadı, bəzən də strateji müttəfiqlərinə qarşı  səmimi olmadı. Halbuki, bunu etmək lazım deyildi. Azərbaycanın beynəlxalq aləmlə əməkdaşlığı mənfiyə doğru dəyişib, bu əlaqələrdə soyuqluq və etimadsızlıq hiss olunur. Bizim fikrimizcə isə, Azərbaycanın gələcəyi Avropa ilə bağlıdır.

müsahibənin orijinalı üçün daxil ol