Hüquq müdafiəçisi 30 minə yaxın insanın mülkiyyət hüququnun qəsb ediləcəyini deyir
“Son həftələr aparılan söküntü işləri məhkəmələrin qərarı olmadan həyata keçirilir. Bir çox sakinlər var ki, onların mülkləri özəlləşməyib, sənədləşmə yoxdur, məsələn NZS ərazisində yaşayanlar. Hazırda 150-dən çox ailə apelyasiya şikayəti verib. Iddiaçı Dövlət Neft Şirkəti olduğundan bizim vəsatətlər qəbul olunmur, hakimlər açıq şəkildə onlara tapşırıq verildiyini söyləyirlər”.
Bu fikirləri Insan Hüquqları üzrə Maarifləndirmə Ictimai Birliyinin sədri, hüquq müdafiəçisi Iradə Cavadova “Bizim yol”a açıqlamasında deyib. Onun sözlərinə görə, məsələn, Xətai Rayon Məhkəməsi NZS-də yaşayanlarla bağlı 300-dən çox qərar çıxarıb, 68 apelyasiya şikayətini isə özləri hazırlayıblar: “Hətta onlara ”xeyir ola, apelyasiya şikayəti vermisiniz, heç başqaları şikayət etməyib” deyə söyləyiblər. Çünki ARDNŞ rəsmiləri bir ara camaatla görüşüb insanları aldadıblar ki, şikayət etməyin, onsuz da köçürülməyəcəksiniz. Halbuki məhkəmə qərarı qüvvəyə minəndən sonra evlərin sökülməyəcəyi mümkünsüzdür. Amma hakimiyyət mülkiyyət toxunulmazlığı ilə bağlı öhdəlikləri də unutmamalıdır”.
I.Cavadova bildirib ki, gələn ay BMT-də iqtisadi, sosial və mədəni hüquqlara dair dinləmələr olacaq: “Bununla bağlı biz yaşayış hüququnun pozulmasına dair müvafiq komitəyə məlumatımızı göndərmişik. Təəssüf ki, hökumət milli fəaliyyət proqramı qəbul etdiyini bəyan etsə də, bunlar kağız üzərində qalır. Və qanunvericilikdəki boşluqlar insanların illərlə bir yerdə yaşamasına baxmayaraq, mülkiyyət hüquqlarını əldə edə bilməmələri ilə nəticələnir. Baxın, kimsə ev tikirsə, Neft Şirkəti gəlir rüşvət alır, sonra polis rüşvət alır və qanunsuzluğa göz yumulur. 10-15 il sonra həmin evi qanunsuz tikili hesab edib sökürlər. Əgər qanunsuz tikiliydisə, niyə tikintisinə imkan yaradılıb? Babək prospektindəki evlərin yerini ARDNŞ öz balansında hesab edir və sökəcəyini bildirir. Bəs niyə həmin prospektə boruların üzərində tikilən villalar haqqında sökmək qərarı yoxdur? Çünki həmin villalar Neft Şirkətində çalışanlarındır”.
I.Cavadova hesab edir ki, sökülmə bir müddətdən sonra daha total xarakter alacaq: “Bu barədə ARDNŞ-nin Hüquq Departamentinin müdiri Eldar müəllim 27 min adamın köçürüləcəyini bildirmişdi, ona görə ki, evlər neft olan ərazilərdə inşa edilib. Bunların 8 mini Bayıldandır. Bu o deməkdir ki, 27 min insan evsiz qalacaq”.